QALA NEWS

27 Aprel Şənbə

Bakı 14˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 18 Jul 2023, 14:25
Makron Bakıdakı sammitdən təşvişə düşüb: Keçmiş müstəmləkələrə səfər edir - ŞƏRH + FOTO


Dövlətlərarası münasibətlərdə ölkə başçısının şəxsi nüfuzu, beynəlxalq aləmdə qazandığı imic olduqca vacib rol oynayır. Dövlət başçısının etdiyi hər bir yanlışlıq, istənilən etibarsız hərəkət dövlətin beynəlxalq nüfuzuna ləkə salır. Necə ki qazandığı hər bir uğur təmsil etdiyi ölkənin adına yazılır. Birmənalı şəkildə deyə bilərik ki, Fransa Prezidenti Emmanuel Markon qədər ölkəsinin imicinə zərbə vuran ikinci bir prezident tapmaq çətindir. Prezidentlik müddətində ölkəsinin nüfuzuna vurduğu zərbənin bərpası üçün onilliklər lazım olacaq desək, yəqin ki, yanılmarıq. Onun atdığı addımları, yürütdüyü siyasəti analiz edəndə görürsən ki, bu adam sanki məqsədli şəkildə ölkəsini aşağılamağa, beynəlxalq aləmdə nüfuzunu zəiflətməyə çalışır. Bu günün Fransasına nəzər salaq: ölkəni bürüyən etiraz aksiyaları, polis özbaşınalığı pik həddə çatıb. İnsanlar çıxış yolunu etiraz aksiyaları keçirməkdə görürlər.

Ən acınacaqlı hal ondan ibarətdir ki, Makron tək daxili siyasətdə deyil, xarici siyasətdə də ölkəsinin imicinə ciddi zərbə vurmaqdadır. Bunun da bərpası mümkünsüz görünür. İş o yerə çatıb ki, vaxtilə müstəmləkəsi olan ərazilərdə Fransa üsul-idarəsinə qarşı etirazlar artır. İnsanlar etirazlarını ən müxtəlif formalarda bildirəndə isə onlara qarşı polis zorakılığı işə düşür. Keçmiş müstəmləkələrdə insanların adi hüquq azadlıqları belə pozulur. Bu baxımdan Bakıda iyulun 5-də keçirilən Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun Nazirlər görüşü həmin hüquqları pozulan bölgələrin əhalisi üçün mühüm bir platforma rolunu oynayıb. İlk dəfə olaraq məhz Bakıda Fransanın müasir müstəmləkəçilik siyasətinin aradan qaldırılması yolları, Afrika qitəsində və dünyanın müxtəlif regionlarında de-fakto mövcud olan köləliyin kökünün kəsilməsi üçün zəruri addımların atılması istiqamətində bu miqyasda tribuna önündə fikir mübadiləsi aparılıb. Qəbul olunan bəyanatda iştirakçılar Fransa müstəmləkəçiliyinə qarşı Bakı Təşəbbüs Qrupu yaradılmasına dair razılığa gəliblər. Çıxışlar zamanı Fransanın dənizaşırı ərazilərindəki neokolonializm siyasətini tənqid etməsi müstəmləkəçilikdən əziyyət çəkən ərazilərdə sevinclə qarşılanıb.

Yeri gəlmişkən, Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi çərçivəsində müstəmləkəçiliyin tamamilə ləğv edilməsini davamlı olaraq gündəlikdə saxlaması, habelə Bakıda “Müstəmləkəçiliyin tamamilə aradan qaldırılması istiqamətində” adlı konfransın keçirilməsi, Fransanın cinayətlərinin ifşa edilməsi və Fransa müstəmləkəçiliyinə qarşı Bakı Təşəbbüs Qrupunun yaradılması rəsmi Parisi ciddi narahat edib.

Narahatlıq o həddə çatıb ki, Emmanuel Makron dənizaşırı ərazilərdə, xüsusilə Yeni Kaledoniyada əhalinin Fransa hökumətinin siyasətindən ciddi narazılığını neytrallaşdırmaq məqsədilə iyul ayının 24-29-da Yeni Kaledoniya, Vanuatu və digər adalara səfər etmək qərarına gəlib. O, bu ərazilərə sonuncu dəfə 2018-ci ilin mayında baş çəkib.

Bu da onu deməyə əsas verir ki, Bakı tədbirində Prezident İlham Əliyevin Fransanın kolonialist siyasətini sərt şəkildə tənqid etməsi təsirsiz ötüşməyib. Azərbaycan Prezidenti Fransa dövlətinin və onun rəhbəri Makronun təcavüzkar, işğalçı siyasət yürütdüyünü Qoşulmama Hərəkatının tribunasından dəlillər və faktlar əsasında dünya ictimaiyyətinin diqqətinə çatdırıb. Dövlətimizin başçısı bir çox ölkə liderlərinin cürət edib deyə bilmədiklərini cəsarətli və qətiyyətli şəkildə dünyaya çatdırıb. Şübhəsiz ki, Fransanın dənizaşırı ərazilərə münasibətdə məqsədli şəkildə ayrı-seçkilik siyasəti aparması və nəticədə ən zəif inkişaf etmiş ərazilərin məhz müstəmləkəçilikdən əziyyət çəkən departamentlərin olması faktı, uzun illər bu ərazilərin təbii sərvətlərinin mərkəzi hakimiyyət tərəfindən talan edilməsi bu ərazilərin səlahiyyətli şəxsləri və siyasətçilərinin Azərbaycan Prezidentinin timsalında özlərinə ümid yeri kimi baxmasına gətirib çıxarıb. Bu səbəbdən də Fransa müstəmləkəçiliyinə qarşı yaradılan Bakı Təşəbbüs Qrupunun üzvləri səfər zamanı haqlı olaraq Makrondan soruşa bilərlər ki, Ermənistana ayırdığınız maliyyə yardımlarını dənizaşırı ərazilərə ayırmaqla öz departamentlərinizi inkişaf etdirmək olmazdımı? “Əvvəl evin içi, sonra çölü” prinsipini niyə pozur? Fransa Qarabağa göndərmək arzusunda olduğu beynəlxalq təşkilatları müstəmləkəsi olan Martinikaya və Qvadelupaya göndərə və çox toksik pestisid olan xlordekonun uzun illər istifadəsi nəticəsində bu iki ərazinin dünyada prostat vəzi xərçəngi üzrə dünyada ilk sıralarda olmasının çox ağır nəticələrinin aradan qaldırılmasına köməklik göstərə bilər. Görəsən, Makron bu məsələ ilə əlaqədar Martinika əhalisinin Fransa hökumətindən təzminat tələbinə necə cavab verəcək? Yəqin, 132 il qətliamlar törətdikləri Əlcəzairə verdiyi cavabdan verər: “Kütləvi qırğınlar zamanı mən hələ doğulmadığıma görə məsuliyyət daşımıram...”

Ola bilsin, Makrona ünvanlanan suallar bunlarla kifayətlənməyəcək. Bəlli olduğu kimi, 2019-cu ilin aprelində Emmanuel Makron Fransanın soyqırımında iştirakını müəyyən etmək üçün ictimai arxivlərin köməyi ilə Fransanın hərəkətlərini araşdırmaq üçün ekspertlər qrupu təyin etdi. 2021-ci ilin martında da komissiya bildirdi ki, Fransa əvvəllər rejimlə əlaqəni kəsməməkdə məsuliyyət daşısa da, soyqırımında birbaşa iştirakına dair heç bir sübut yoxdur. 2021-ci ilin mayında Emmanuel Makron Ruanda xalqından üzr istədi və Fransanın yaxınlaşan qırğın xəbərdarlığına məhəl qoymadığını və çox uzun müddət “həqiqəti öyrənmək üçün susmağa dəyər verdiyini” söylədi. Deməliyik ki, üzrxahlıq kifayət qədər gülünc görünür, çünki Fransa baş verən qətliamın birbaşa iştirakçılığında günahkardır. Soyqırımı törədən isə hələ də Parisin himayəsindədir. Görəsən, Makron bu üzrxahlıqları səfər edəcəyi keçmiş müstəmləkələrində təkrar edəcəkmi? Cavab da bəllidir: nə qədər ki Emmanuel Makron hakimiyyətdədir, bu, baş verməyəcək.




Baxış sayı: 283



OXŞAR XƏBƏRLƏR