QALA NEWS

28 Aprel Bazar

Bakı 17˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 09 Jun 2023, 15:22
"Buriram Yunayted"in sabiq baş məşqçisi: "Tailand Ramil Şeydayev üçün yeni çağırışdır" - MÜSAHİBƏ
Bojidar Bandoviç 2012/2013 mövsümündə "Bakı" klubunun baş məşqçisi olub. 2012-ci ilin iyulunda paytaxt klubunun sükanı arxasına keçən monteneqrolu mütəxəssis 2013-cü ilin aprelində uğursuz nəticələrə görə istefaya göndərilib.

54 yaşlı çalışdırıcı 2014-cü, həmçinin, 2017-2020-ci illərdə isə Tailandın "Buriram Yunayted" klubuna rəhbərlik edib. Bandoviç bu komanda ilə iki dəfə ölkə çempionu, bir dəfə isə kubokun qalibi olub.

Təcrübəli mütəxəssis "Qalanews"a müsahibəsində həm ölkəmizdəki karyerası barədə danışıb, həm də Azərbaycan millisinin hücumçusu Ramil Şeydayevin "Qarabağ"ı "Buriram Yunayted"ə dəyişməsinə münasibət bildirib.

- Təqribən bir mövsümə yaxın "Bakı"da işləmisiniz. Azərbaycandakı karyeranızı necə xatırlayırsınız?
- Ölkənizlə bağlı çox yaxşı xatirələrim var. Bakı gözəl şəhər kimi yadımda qalıb. Düşünürəm ki, həmin vaxt əlimizdəki heyətlə normal işlər gördük və pley-offa (həmin vaxt Premyer Liqada "altılıq" sistemi tətbiq olunurdu - E.S) vəsiqə qazandıq. "Qarabağ"ı yaxşı xatırlayıram. Hələ həmin dövrdə çox güclü kollektivə sahib idi.

- Bilirsiniz ki, hazırda "Bakı" klubu yoxdur, fəaliyyətini dayandırıb. Bu xəbəri ilk dəfə eşidəndə hansı hissləri keçirdiniz?
- Klubun ovaxtkı prezidenti Hafiz Məmmədov çox yaxşı insan idi. "Bakı" üçün hər şeyi edirdi. Klubun dağılması mənim üçün çox kədərli xəbər olmuşdu. Bu, onu göstərir ki, bəzi təşkilati məsələlərdə və qərarlarda yanlışlığa yol verilib.

- Hazırda Azərbaycanda əlaqə saxladığımız insanlar varmı?
- Azərbaycandan olan agentim Tural Əsgərovla tez-tez əlaqə saxlayıram. O, mənim həm də ən yaxın dostumdur. "Bakı"da işləyərkən mənə çox kömək etmişdi. Biz qardaş kimiyik.

- Hazırda hansı klubda çalışırsınız və işləriniz necə gedir?
- Vyetnamın "Hanoy" komandasının baş məşqçisiyəm. Kifayət qədər böyük klubdur. Bu yaxınlarda ölkə Superkubokunu qazandıq. Yerli çempionatda mübarizə aparırıq, sentyabrdan isə Asiya Çempionlar Liqasında oynayacağıq. Burada olduğum üçün xoşbəxtəm.

- Azərbaycan millisinin futbolçusu Ramil Şeydayev Tailandın “Buriram Yunayted” klubuna keçib. Bu transferi necə qiymətləndirirsiniz?
- Bəli, bu barədə eşitmişəm. Ramil "Buriram Yunayted"in yeni transferidir. Beş il bu komandada işləmişəm və xeyli titul qazanmışam. Asiya Çempionlar Liqasının qalibi olmaqla yeni rekorda imza atmışıq. "Buriram Yunayted" böyük klubdur, yaxşı infrastruktura malikdir. Amma Ramil Şeydayev də yaxşı komandadan gəlib. Bildiyim qədərilə, əla məşqçi ilə işləyib. Fikrimcə, ölkəyə və çempionata çox tez uyğunlaşacaq. Düşünürəm ki, Asiyanın ən yaxşı komandalarından birinə keçib. Yaxşı transferdir.

- Sizcə, "Qarabağ"ı "Buriram Yunayted"ə dəyişməsi doğru seçimdir?
- Bilirsiniz, insanlar məsələyə fərqli prizmadan baxırlar. Bəlkə də bu, Ramil üçün daha yaxşı variantdır. "Buriram Yunayted" də Asiya Çempionlar Liqasında çıxış edir. Yəqin, Şeydayev özünü fərqli liqada sınamaq üçün bu addımı atıb. Mənə görə, bu, Ramil üçün ən yaxşı seçimlərdən biridir.

- Azərbaycanlı futbolçuların xarakterini az-çox bilirsiniz. Necə düşünürsünüz? Ramilin Taylandda adaptasiya problemi ola bilərmi?
- Fərqli qitəyə, fərqli çempionata gəlib. Məncə, adaptasiya üçün ona vaxt lazım olacaq. Özü üçün oradakı məşq prosesləri barədə araşdırma aparmalı, kimlərdənsə soruşmalıdır. Tailanda gəlməzdən öncə hər şeyə hazırlıqlı olmalı idi. Çünki Asiya futbolu Avropadakından seçilir. Düzdür, yüksək səviyyəli oyunçular adətən uyğunlaşma problemi yaşamırlar. Amma istənilən halda zamana ehtiyac olacaq. Adaptasiya müddəti futbolçuların xarakterinə görə də dəyişir. İntizamlı oyunçu üçün bu, daha asandır.

- Bu il Avropada maraqlı tendensiyanın şahidi oluruq. Ulduz futbolçular yüksək maaş verilən ölkələrə üz tuturlar. Azərbaycan səviyyəsində ulduz olan Ramil Şeydayev də maddi tərəfləri yaxşı olduğu üçün Tayland klubunun təklifini qəbul edib. Futbolçuların bu addımına münasibətiniz necədir?
- Fikrimcə, bu, hər futbolçunun özündən asılı olan məsələdir. Ramil "Buriram Yunayted"də daha çox pul qazanacaq. Həmçinin, bu, futbolçu üçün yeni çağırışdır. Üstəlik Asiya Çempionlar Liqasında oynayacaq. Mən həm Avropada, həm də Asiyada bu həyəcanı yaşamışam. Demək olar ki, oxşar hisslərdir. Bəzi insanlar sərfəli təklif alanda həm ailələrini, həm də necə daha çox pul qazana biləcəklərini düşünürlər.




Baxış sayı: 149



OXŞAR XƏBƏRLƏR