QALA NEWS

21 İyun Cümə

Bakı 25˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 17 May 2023, 18:14
Riçard Almeyda: “Özümü 50 faiz azərbaycanlı hesab edirəm”

“Qarabağ” ötən həftə Azərbaycan Premyer Liqasında 10-cu çempionluğunu təmin etdi. Səfərdə “Səbail”ə 3:0 hesabı ilə qalib gələn “köhlən atlar”ın sona iki tur qalmış qızıl medalları əldə edəcəyi dəqiqləşdi.

Ağdam klubunun uğurlarında ən böyük pay sahibi olan futbolçulardan biri Riçard Almeydadır. 2012-ci ildə Portuqaliyanın “Jil Visente” klubundan transfer edilən braziliyalı yarımmüdafiəçinin “Qarabağ”la yolu üç dəfə kəsişib. 2018-ci ildə Qazaxıstan “Astana”sına yollanan orta sahə oyunçusu bir il sonra yenidən Azərbaycan klubuna qayıdıb. Daha sonra - 2020-ci ildə Birləşmiş Ərəb Əmirliklərinin “Baniyas” komandasına transfer olunan Almeyda bir müddət “Zirə”nin də formasını geyinib. Onun “Qarabağ”a sonuncu dönüşü 2021-ci ildə məhz Bakı təmsilçisindən olub.

Bir neçə gün öncə Azərbaycan millisindəki çıxışını başa vuran futbolçu “Qalanews”a müsahibəsində həm yığma, həm də hazırkı klubu ilə bağlı danışıb.

- “Qarabağ” ötən tur yubiley çempionluğunu əldə etdi. Səhv etmirəmsə, bunların yeddi və ya səkkizində sizin də imzanız var. Azərbaycana gələrkən bu qədər çempionluq yaşayacağınızı gözləyirdinizmi?

- Hər çempionluq özəldir. Belə uğur hər kəsə nəsib olmur. Ona görə də bu sevinci doya-doya yaşamaq lazımdır. Siz yeddi-səkkiz dediniz, əslində isə 10 çempionluğun doqquzunda imzam var. Hətta Birləşmiş Ərəb Əmirliklərinə getdiyim mövsümdə də “Qarabağ”da altı ay oynamışdım. Burada olmadığım yeganə dövr komandanın son oyunda “Neftçi”yə uduzub çempionluğu əldən verdiyi mövsüm idi. Yəni Qurban Qurbanovun rəhbərliyi altında qazanılan titullarda az da olsa, payım var.

Əslində, hələ o vaxt Azərbaycanın böyük komandasına gəldiyimin fərqində idim. Bilirdim ki, uğurlarım olacaq. Amma bu qədər titul qazanacağımı gözləmirdim. Doqquz çempionluq, üç ölkə kuboku və digər nailiyyətlər heç də kiçik uğurlar deyil. Buna görə ilk növbədə tanrıya təşəkkür edirəm. Məni doğru yola yönəltdi, qarşıma yaxşı komanda çıxardı. Mükəmməl məşqçilər heyəti olan kluba düşdüm. Komanda yoldaşlarım hər zaman yaxşı olublar. Buna görə taleyimə ancaq minnətdar ola bilərəm.

 

- Yubiley çempionluğu əvvəlkilərdən nə ilə fərqlənir? Yoxsa artıq çempion olmaq sizin üçün adiləşib?

- Yox, qətiyyən adiləşməyib. Hər çempionluğu ilk uğur kimi qeyd etmək lazımdır. Şəxsən mən buna belə yanaşıram. Həm özüm, həm də ailə üzvlərim buna çox sevindilər. Evdə qələbəni hamılıqla qeyd etdik. Bu çempionluqdan sonra “Qarabağ”ın embleminə ikinci ulduz həkk olundu. Sadəcə, klubun ilk çempionluğunda rolum olmayıb. Digər doqquzunda adım var, rolum var. Belə komandanın bu cür uğurlu tarixinin bir parçası olmaq, həqiqətən, qürurvericidir. Bununla fəxr edirəm. Bu, böyük xoşbəxtlikdir. Allaha təşəkkür edirəm ki, mənə belə fürsət verib.

- “Qarabağ” 2021-ci ildə sizi geri qaytaranda çoxları buna birmənalı yanaşmadılar. Hətta klubu tənqid edənlər də oldu. Necə düşünürsünüz, “Qarabağ”a üçüncü gəlişinizdə də özünüzü sübut edə bildiniz?

- Həmin vaxt özüm də tənqidlərə tuş gəlmişdim. Çünki çox oynamaq şansı əldə etmirdim. Çoxları “Qarabağ”a nahaq yerə qaytarıldığımı düşünürdülər. Buna baxmayaraq, növbəti mövsüm müqaviləmi yeniləmək imkanı əldə etdim və öz şansımı gözlədim. Tək futbolda yox, digər sahələrdə də az danışmalı, başını aşağı salıb işini görməlisən. Mənim mövqeyimdə böyük rəqabət var idi. Heyətə düşə bilmirdim. Sonradan elə vəziyyət yarandı ki, yavaş-yavaş oynamaq şansı qazanmağa başladım. Baş məşqçi artıq məni uzun illərdir tanıyır. Bacarığıma, oyun tərzimə bələddir. Bilirdim ki, oynamaq fürsətim olsa, yenidən etimadı doğruldacağam. Əslində, kiməsə nəyisə sübut etmək istəyim yox idi. Özüm özümə sübut etmək istəyirdim ki, sən bacaracaqsan. Bu mövsümü özüm üçün uğurlu hesab edirəm. Çünki kifayət qədər oynadım, bir çox matçda komandamın qələbə qazanmasına kömək etdim. Cari mövsüm 40-dan çox oyunda meydana çıxmışam. Təbii ki, tənqid edənlər hər zaman olacaq. Bütün insanları razı salmaq mümkün deyil. Mənə yenidən bu şansı verdiyi üçün Allaha, eyni zamanda, Qurban Qurbanova təşəkkür edirəm. Azərbaycana dönməyimdə Rəşad Sadıqovun da əməyi çox oldu. Bu insanlar həyatımda önəmli rol oynayırlar. Buraya “Qarabağ”ın məşqçilər heyətini də əlavə edərdim. Uğurlarımda hamısının payı var.



- Mövsümə yaxşı başlasanız da, sonradan formadan düşdünüz və əsas heyətdəki yerinizi itirdiniz. Artıq yaşlandığınızı hiss edirsiniz?

- Yox, bunu hiss etmirəm. Özümü qaldıqca daha da dadlanan qırmızı şəraba bənzədirəm (gülür). 34 yaşım olsa da, özümü yaxşı hiss edirəm. İstirahətimə və qidalanmağıma xüsusi diqqət yetirirəm. Düzdür, son matçlarda çox oynamaq şansı qazanmıram. Amma bu, futboldur, belə hallar olur. Fürsəti yaxalamaq lazımdır. Məsələn, baş məşqçi Romaoya ötən ilin dekabrından şans verdi, o isə bu fürsətdən yaxşı yararlandı və müntəzəm oynamağa başladı. Marko Yankoviçi də qeyd edərdim. Hər ikisi yaxşı futbolçudur. Qurban Qurbanov bu oyunçulara güvənir, onlar da etimadı doğruldurlar. Heç kim hansısa mövqenin sahibi deyil. “Bu mövqe ancaq mənə məxsusdur” deyə bir şey yoxdur. Məşqçinin seçimidir, buna hörmətlə yanaşmaq lazımdır. Ehtiyatda qalsaq da, hər zaman hazır olmalıyıq. Çünki komandanın istənilən an bizə ehtiyacı ola bilər. Futbolçu hər xırda şansdan maksimum yararlanmalıdır.

- Futbolçu karyeranızın ən böyük məyusluğu kimi Milanın “İnter” klubuna vurduğunuz qolun sayılmamasını qeyd etmək olar? Həmin gecəni yata bilmişdiniz?

- “İnter”lə oyun idman həyatımızda elə bir yer tutur ki, onu silmək, unutmaq qeyri-mümkündür. Hər zaman həmin epizodu xatırlayırıq. Hətta bu, tanışlarımın belə, xatirində qalıb. Hakimin o qolu necə qeydə almadığını hamı təəccüblə qarşıladı. Nə etmək olar? Belə bir deyim var ki, Allah onu məqbul görmədi. Ondan sonra, demək olar ki, bütün mövsümlərdə avrokubokların qrup mərhələsində oynamaq hüquq qazandıq. Düzdür, həmin qol sayılsaydı, qrupda çıxış etdiyimiz ilk mövsümdəcə pley-offa adlayacaqdıq. Amma qismət olmadı. Həmin oyun, həmin an həyatımıza ömürlük həkk olunub. Mənə elə gəlir ki, bu görüş heç vaxt unudulmayacaq.

- Artıq karyeranız sona yaxınlaşır. Ümumiyyətlə, bundan sonra daha neçə il oynamaq istəyirsiniz?

- Doğrudur, 34 yaşım var. Amma bu, hələ son deyil. Bu gün dünya futbolunda yaşı 30-dan artıq olan bir çox futbolçu var ki, yüksək səviyyədə oynayır. Bu, düzgün qidalanma, yuxu, istirahət və özünəqulluqla bağlı olan məsələdir. Bunlara əməl edəcəksənsə, niyə də olmasın?! Mən çağırışları sevən insanam. Sonuncu dəfə “Qarabağ”a qayıdanda çoxları məni hesabdan silmişdilər. Sübut etməyə çalışdım ki, hələ heç nə bitməyib. Düşünürəm ki, haradasa daha üç il oynaya bilərəm. Bunu da bir çağırış kimi qəbul edirəm. Nə qədər olacağını bilmirəm, amma daha üç il oynamaq istəyirəm.

- Karyeranızı bitirəndən sonra Azərbaycanda yaşamağı düşünürsünüz, yoxsa ölkənizə qayıdacaqsınız?

- Bir az çətin sualdır. Bu mövzuda həyat yoldaşımla da tez-tez danışırıq. İndiki məqamda buna cavab vermək çətindir. Burada özümüzü çox xoşbəxt hiss edirik. Övladlarım Bakıda məktəbə gedirlər. Vətənim Braziliya da mənim üçün çox doğmadır. Belə bir plan var ki, hər iki ölkədə qala bilərik. Amma hər şeyi Allahın öhdəsinə buraxaq. Çünki sabah nə baş verəcəyini bilmək olmur. Bura da, ora da bizim evimizdir.



- İllərdir Azərbaycanda yaşayırsınız. Özünüzü neçə faiz azərbaycanlı hiss edirsiniz?

- Özümü Azərbaycan övladı kimi hiss edirəm. Millinin formasını geyindikdən sonra bu hiss daha da möhkəmləndi. Azərbaycan yığmasını seçməyi həyatımın ən önəmli qərarlarından biri sayıram. Özümü 50 faiz braziliyalı, 50 faiz azərbaycanlı hesab edirəm. Həyatımın ən böyük uğurlarını bu ölkəyə borcluyam. Küçəyə çıxanda, restorana gedəndə mənə, ailəmə olan münasibət, hörmət, doğrudan da, inanılmazdır. Belə uğurlu həyatı mənə bəxş etdiyi üçün özümü həm də Allah tərəfindən seçilmiş biri kimi hesab edirəm. Buna görə ilk növbədə Azərbaycan xalqına təşəkkür etmək istəyirəm. 11 ildir buradayam və özümü sizdən biri kimi görürəm.



- Azərbaycan millisindəki karyeranızı başa vurdunuz. Əslində, qərarınızın səbəbini izah etmisiniz. Yığma ilə vidalaşmağınızda tez-tez məğlubiyyətlərə görə tənqidlərə məruz qalmağınız da rol oynadımı?

- Xeyr. Çünki məğlubiyyətlər də futbolun bir parçasıdır. Qərarımın bununla heç bir əlaqəsi yoxdur. Sadəcə, düşündüm ki, yığmadan getmək indiki məqamda ən düzgün addımdır. Artıq özümdə o perspektivi də görmürəm. 34 yaşım var, gənclərə yol açmaq lazımdır. Aşağıdan istedadlı uşaqlar gəlir. Bu qərar birdən-birə verilmədi. Müəyyən müddət idi ki, buna hazırlaşırdım. Əvvəlcə ailə üzvlərimlə danışdım. Daha sonra Canni de Byazi ilə söhbətimiz oldu. Ona səbəbləri izah etdim. Eyni zamanda, AFFA rəhbərliyi ilə də bu mövzuda danışıqlarımız oldu. Yekunda millidəki karyeramı bitirmək qərarına gəldim. Yığmada 30-dan çox oyun keçirdim, bu formanı qürurla daşıdım. “Qarabağ”da necə əzmlə mübarizə aparırdımsa, eynisini Azərbaycan millisində də etdim. Artıq yığmadakı dönəmim başa çatıb. Azərbaycan xalqını beynəlxalq arenada təmsil etdiyim üçün qürur duyuram. Yığmanın tarixində az da olsa, izimi qoyduğum üçün fəxr edirəm. İnanıram ki, Azərbaycan millisi istedadlı gənclərlə gələcəkdə böyük uğurlara imza atacaq.

- Bildiyimiz qədərilə “Qarabağ” sizə yeni müqavilə təklif edəcək. Maraqlıdır, müddəti nə qədər olacaq?

- Ümid edirəm ki, hər şey dediyiniz kimi olacaq və karyeram burada davam edəcək. Amma indiki məqamda heç nə bəlli deyil, qərar verilməyib. Ona görə də nəsə deyə bilmərəm.



Baxış sayı: 208



OXŞAR XƏBƏRLƏR