Tayvan Prezidenti Lay Çinde Pekini 37 il əvvəl baş vermiş Tyananmen hadisələri ilə bağlı həqiqəti qəbul etməyə və tarixi barışıq prosesinə başlamağa çağırıb.
Bəyanat 1989-cu il 4 iyun hadisələrinin ildönümündə səsləndirilib. Həmin hadisələr müasir Çin tarixinin ən həssas və mübahisəli mövzularından biri hesab olunur.
“Ümid edirəm ki, Çin 37 il əvvəl baş vermiş 4 iyun hadisələrinə açıq şəkildə baxacaq, həqiqəti qəbul edəcək, insanların ağrısını yüngülləşdirəcək və barışıqla dialoq üçün qapı açacaq”, — deyə Lay Çinde Facebook səhifəsində yazıb.
Mövzu Çində hələ də qadağan olunmuş hesab edilir
1989-cu ilin iyununda Pekində yerləşən Tyananmen meydanında və ətraf ərazilərdə tələbə və fəhlələrin rəhbərlik etdiyi demokratiya tərəfdarı etiraz aksiyaları keçirilirdi.
İyunun 4-də Çin ordusu etirazları zor gücü ilə dağıtdı və nümayişçilərə qarşı atəş açdı.
Çin hökuməti bu günə qədər hadisələr zamanı ölənlərin dəqiq sayını açıqlamayıb. Hüquq müdafiəçiləri və şahidlər qurbanların sayının minlərlə ola biləcəyini bildirirlər.
Rəsmi Pekin isə etirazları hakim Kommunist Partiyasını devirməyə çalışan “əksinqilabçı qüvvələrin fəaliyyəti” kimi xarakterizə edir.
Materik Çində bu hadisələrin ildönümü rəsmi şəkildə qeyd olunmur və mövzu ciddi senzura altındadır.
Tayvan demokratiya ilə fərqi vurğulayır
Tayvanda isə 4 iyun hadisələrinin ildönümü hər il qeyd olunur.
Ada rəhbərliyi bu tarixi tez-tez Tayvanın demokratik idarəetmə modeli ilə Çin Xalq Respublikasının siyasi sistemi arasındakı fərqləri vurğulamaq üçün istifadə edir.
Lay Çinde militarizmə kor-koranə inanmağın təhlükəli olduğunu bildirib və hökumətlərin gənclərin gələcəyini dəstəkləməli olduğunu vurğulayıb.
“Sağlam dövlət və cəmiyyət gənclərin daha yaxşı həyat qurmasına kömək etməlidir. Onların arzularını və fikirlərini zorakılıq, nəzarət və digər vasitələrlə boğmamalıdır”, — deyə Tayvan prezidenti qeyd edib.
Pekin hələlik bu açıqlamaya cavab verməyib.
Çin rəhbərliyi Lay Çindeni separatçı adlandırır və onun dialoq təkliflərini dəfələrlə rədd edib.
ABŞ da hadisələrin ildönümünü qeyd edib
ABŞ Dövlət katibi Marko Rubio da hadisələrin ildönümü ilə bağlı bəyanat yayıb.
Rubio bildirib ki, Çin hakimiyyətinin senzurası bu hadisələrlə bağlı xatirələri silə bilməz.
“Fikir azadlığı və dinc toplaşmaq hüququ uğrunda qurban verən insanlar bir gün tarix tərəfindən haqq qazandırılacaq”, — deyə o bildirib.
Bu tip bəyanatlar ənənəvi olaraq Pekinin narazılığına səbəb olur.
Keçən il Çin Marko Rubionu tarixi faktları təhrif etməkdə və ölkənin siyasi sisteminə hücum etməkdə ittiham etmişdi.
Dünyada anım mərasimləri davam edir
2020-ci ildə Honq-Konqda milli təhlükəsizlik qanununun tətbiqindən sonra əvvəllər hər il on minlərlə insanın qatıldığı şam işığında anım mərasimləri dayandırılıb.
Bu tədbirlər uzun illər ərzində Honq-Konqun materik Çindən daha geniş azadlıqlara malik olmasının simvolu hesab edilirdi.
Hazırda isə şəhərdə ildönümü daha çox gücləndirilmiş polis nəzarəti ilə müşayiət olunur və açıq anım tədbirləri demək olar ki, keçirilmir.
Bununla belə, Tyananmen hadisələrinin xatirəsi dünyanın müxtəlif ölkələrində yaşadılır. Bu il Almaniyada, Avstraliyada və bir sıra digər ölkələrdə anım mərasimlərinin keçirilməsi planlaşdırılır.
Hadisələrdən 37 il keçməsinə baxmayaraq, Tyananmen mövzusu Çin, Tayvan və Qərb ölkələri arasında münasibətlərdə hələ də ən həssas siyasi məsələlərdən biri olaraq qalır.