QALA NEWS

27 Aprel Şənbə

Bakı 14˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 01 Aug 2023, 16:47
Naxçıvan Ali Məclisinin növbədənkənar sessiyası keçirilib - YENİLƏNİB
Avqustun 1-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin növbədənkənar sessiyası keçirilib.

QalaNews.com-a yerli bürosu xəbər verir ki, sessiyanın gündəliyinə 9 məsələ daxil olunub.

Sessiyada “Naxçıvan Muxtar Respublikasının 2023-cü il büdcəsi haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişiklik edilməsi, Dövlət sosial müdafiə fondunun 2023-cü il büdcəsi haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişiklik edilməsi, “İşsizlikdən sığorta fondunun 2023-cü il büdcəsi haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişiklik edilməsi, Naxçıvan Muxtar Respublikası İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) hesabatı, “Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Daxili Nizamnaməsi”nin təsdiq edilməsi, “Naxçıvan Muxtar Respublikası Ali Məclisinin komitələri haqqında” Naxçıvan Muxtar Respublikası Qanununun qəbul edilməsi, “Naxçıvan Muxtar Respublikası Ali Məclisi deputatının etik davranış qaydaları haqqında” Naxçıvan Muxtar Respublikası Qanununun qəbul edilməsi, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin komitələrinin yeni tərkibinin təsdiq edilməsi, Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin Fərmanının təsdiq edilməsi məsələləri müzakirə olunub.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Azər Zeynalov qeyd edib ki, Naxçıvan Muxtar Respublikasında aparılan struktur islahatları nəticəsində bir sıra dövlət orqanları və qurumların ləğv edilməsi və ya strukturunun dəyişdirilməsi ilə müvafiq olaraq xərclərin də tənzimlənməsi zərurəti yarandığından Naxçıvan Muxtar Respublikasının 2023-cü il dövlət büdcəsində dəyişikliklər edilməlidir.

Gündəlikdə duran birinci məsələ ilə bağlı Naxçıvan Muxtar Respublikası maliyyə nazirinin müavini Həsən İsmayılov çıxış edib, “Naxçıvan Muxtar Respublikasının 2023-cü il büdcəsi haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Qanun səsə qoyularaq qəbul olunub.

Gündəlikdə duran ikinci məsələ - “Dövlət sosial müdafiə fondunun 2023-cü il büdcəsi haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişiklik edilməsi ilə bağlı bildirilib ki, muxtar respublikada struktur islahatların davam etdirilməsi, Dövlət Sosial Müdafiə Fondunun Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyinə verilməsi, yeni struktur layihələrin hazırlanması, işçilərin yerləşdirilməsi, əməyin ödənilməsi, həmçinin digər layihələrin icra olunması Dövlət Sosial Müdafiə Fondunun 2023-cü il büdcəsinə yenidən baxılması zərurəti yaradıb.

Müzakirə olunan məsələ ilə əlaqədar Naxçıvan Muxtar Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Ceyhun Cəlilov çıxış edib, “Dövlət sosial müdafiə fondunun 2023-cü il büdcəsi haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Naxçıvan Muxtar Respublikasının Qanunu qəbul edilib.

Sessiyanın gündəliyində duran üçüncü məsələnin müzakirəsi zamanı qeyd olunub ki, muxtar respublikada əmək bazarının inkişafı üçün haqqı ödənilən ictimai işlərin, peşə hazırlığı və əlavə təhsilin təşkili, sosial iş yerlərində işçilərin əməkhaqqının bir hissəsinin maliyyələşdirilməsi məqsədilə əlavə vəsaitə ehtiyac yaranıb, beləliklə İşsizlikdən sığorta fondunun 2023-cü il büdcəsində dəyişiklik edilməsi zərurəti ortaya çıxıb.

Məsələ ilə bağlı Naxçıvan Muxtar Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Ceyhun Cəlilov məlumat verib.

Müzakirə olunan məsələ ilə əlaqədar Qanun səsə qoyularaq qəbul olunub.

Gündəlikdə duran dördüncü məsələ ilə bağlı Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Günay Rzayeva hesabat verib.

Müzakirə olunan məsələ ilə əlaqədar qərar qəbul edilib.

Sessiyada gündəlikdə duran beşinci məsələnin müzakirəsi zamanı bildirilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mövcud Daxili Nizamnaməsi Ali Məclisin fəaliyyətinin qurulmasına cavab vermir, ölkə qanunvericiliyi ilə uyğunlaşdırılmayıb. Bu səbəbdən yeni layihə işlənilib, sessiyadan öncə layihə baxılması üçün deputatlara təqdim edilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Qanunvericilik və hüquq məsələləri şöbəsinin müdiri Cəlil Rüstəmov Qanun layihəsi barədə ətraflı məlumat verib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müavini Anar İbrahimov “Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Daxili Nizamnaməsi”nə texniki dəyişikliklə bağlı təklif irəli sürüb və təklif nəzərə alınıb.

Sonra “Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Daxili Nizamnaməsinin təsdiq edilməsi barədə” Naxçıvan Muxtar Respublikasının Qanunu səsə qoyularaq qəbul olunub.

Gündəlikdə duran altıncı məsələ - “Naxçıvan Muxtar Respublikası Ali Məclisinin komitələri haqqında” Naxçıvan Muxtar Respublikası Qanununun qəbul edilməsinin müzakirəsi zamanı diqqətə çatdırılıb ki, komitələr fəaliyyətini qanunla və Daxili Nizamnamə əsasında qurur. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin komitələrinin fəaliyyətinin tənzimlənməsi məqsədilə müvafiq qanun layihəsi hazırlanıb.

Cəlil Rüstəmov Qanun layihəsi barədə məlumat verib, “Naxçıvan Muxtar Respublikası Ali Məclisinin komitələri haqqında” Naxçıvan Muxtar Respublikasının Qanunu qəbul edilib. Qanunun qəbul edilməsi ilə Ali Məclisin komitələrinin sayı 6-dan 4-ə endirilir. Komitələr Konstitusiya və qanunlarla Ali Məclisə verilmiş Qanun qəbuletmə səlahiyyətləri, eləcə də baxdığı məsələlərin dairəsi nəzərə alınaraq yaradılıb.

Sessiyanın gündəliyində duran yeddinci məsələnin müzakirəsi zamanı qeyd olunub ki, Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 19-cu maddəsinə əsasən etik davranış qaydaları haqqında qanuna əməl edilməməsi deputatın mandatının itirilməsi hallarından biri kimi göstərilsə də bu haqda qanun qəbul edilməyib. Ölkə üzrə mövcud olan qanunvericiliyə uyğun olaraq “Naxçıvan Muxtar Respublikası Ali Məclisi deputatının etik davranış qaydaları haqqında” Naxçıvan Muxtar Respublikasının Qanunu hazırlanıb.

Qanun layihəsi barədə məlumat verilib və Qanun səsə qoyularaq qəbul edilib.

Gündəlikdə duran səkkizinci məsələ ilə bağlı bildirilib ki, qəbul edilən “Naxçıvan Muxtar Respublikası Ali Məclisinin komitələri haqqında” Qanuna uyğun olaraq komitələrin yeni tərkibi təsdiq edilməlidir. Müzakirə olunan məsələ ilə əlaqədar qərar layihəsi oxunduqdan sonra qəbul olunub. Qəbul olunmuş qərarla deputatlardan Qəribli İsmayıl Cavanşir oğlu Hüquq siyasəti komitəsinin, İsayev İsa Bünyad oğlu İqtisadi siyasət komitəsinin, Məmmədova Yeganə Qurban qızı Sosial siyasət komitəsinin, Cəfərli Elman Yusif oğlu Humanitar siyasət komitəsinin sədrləri seçiliblər.

Gündəlikdə duran doqquzuncu məsələ ilə əlaqədar qeyd edilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin 2023-cü il 20 iyun tarixli Fərmanı ilə Baş nazirin müavini vəzifəsinə təyinat olub. Təyinat sessiyalararası dövrə düşdüyündən və fərman formasında qəbul edildiyindən Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 25-ci maddəsinin I hissəsinin 9-cu bəndinə uyğun olaraq Ali Məclisin iclasında təsdiq olunması üçün müzakirəyə çıxarılıb. Bununla bağlı qərar layihəsi hazırlanıb.

Müzakirə olunan məsələ ilə əlaqədar qərar qəbul edilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Azər Zeynalov deyib ki, Azərbaycan Respublikası Prezidentinin 29 sentyabr 2022-ci il tarixli Sərəncamı ilə 2023-cü il ölkəmizdə “Heydər Əliyev İli” elan edilib. Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi Naxçıvan Muxtar Respublikası Ali Məclisi tərəfindən də diqqətdə saxlanılıb, müvafiq tədbirlər görülüb. Müxtəlif silsilə tədbirlərlə yanaşı, 10 may 2023-cü il tarixdə Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş təntənəli yubiley tədbiri keçirilib.

Bildirilib ki, 2023-cü ilin ötən dövrü ərzində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri tərəfindən 7 qanun, 51 fərman, 97 sərəncam və 5 qərar, eləcə də, Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini tərəfindən 49 sərəncam imzalanıb.

Azər Zeynalov Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatlarını Ermənistan tərəfinin “bölgədə gərgin humanitar vəziyyət” iddialarına, Laçın sərhəd buraxılış məntəqəsinə “humanitar yük” adı altında konvoylar göndərməsinə münasibət bildirməyə çağırıb.

Bununla da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin növbədənkənar sessiyası öz işini başa çatdırıb.

***

11.00

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin növbədənkənar sessiyası başlayıb.

QalaNews.com-a Naxçıvan bürosu xəbər verir ki, növbədənkənar sessiyanın gündəliyinə “Naxçıvan Muxtar Respublikasının 2023-cü il büdcəsi haqqında”, “Dövlət sosial müdafiə fondunun 2023-cü il büdcəsi haqqında”, “İşsizlikdən sığorta fondunun 2023-cü il büdcəsi haqqında” Naxçıvan Muxtar Respublikasının qanunlarında dəyişiklik edilməsi, “Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Daxili Nizamnaməsi”nin, “Naxçıvan Muxtar Respublikası Ali Məclisinin komitələri haqqında”, “Naxçıvan Muxtar Respublikası Ali Məclisi deputatının etik davranış qaydaları haqqında” Naxçıvan Muxtar Respublikası qanunlarının qəbul edilməsi və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin komitələrinin yeni tərkibinin təsdiq edilməsi məsələləri daxil edilib.



Baxış sayı: 367



OXŞAR XƏBƏRLƏR