Loading alternative title

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tərəfindən paytaxtın nəqliyyat sistemində mühüm əhəmiyyətə malik küçə və prospektlərində təmir-tikinti işləri davam etdirilir.

AAYDA-dan bildirilib ki, vətəndaşların rahat gediş-gəlişini təmin etmək, o cümlədən nəqliyyat sıxlığının azaldılması istiqamətində dövlət başçısının tapşırıq və sərəncamlarına əsasən, Binəqədi rayonu, Biləcəri qəsəbəsi Yəhya Hüseynov küçəsində təmir işləri aparılır.

Sözügedən küçə Biləcəri qəsəbəsinin əsas yollarından biri hesab olunur və qəsəbə sakinlərinin Binəqədi-Biləcəri avtomobil yoluna, o cümlədən şəhər mərkəzinə və Sumqayıt şəhəri istiqamətinə rahat gediş-gəlişini təmin edir.

Sözügedən küçə uzun müddət əsaslı şəkildə təmir olunmadan istismar olunması nəticəsində yol boyu çalalar və torşəkilli çatlar əmələ gəlmişdi. Bu isə gediş-gəlişdə problemlərə səbəb olurdu.

Vətəndaşların rahat gediş-gəlişini təmin etmək üçün Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən ümumi uzunluğu 2.7 km, eni isə 12 metr olan yol boyu tərtib olunmuş qrafikə uyğun və texnoloji ardıcıllıqla yenidənqurma və bərpa işləri həyata keçirir.

Artıq layihə çərçivəsində küçənin 1.1 kilometrlik hissəsində təmir işləri yekunlaşdırılıb. Hazırda küçənin qalan 1.6 kilometrlik hissəsində əsaslı təmir-tikinti işləri görülür.

Aparılan təmir-tikinti işləri çərçivəsində köhnə asfalt beton örtüyünün üst qatı frezlənərək kənara daşınır, köhnə səki daşları sökülərək 3.2 km uzunluğunda yeni səki daşları ilə əvəz edilir, zəruri yerlərdə əsasın deformasiyaya uğramış hissələri qazılaraq kənarlaşdırılır, əks-dolğu işləri görülür və hamarlayıcı lay asfalt-beton örtüyü döşənir.

“İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən daha sonra yola yeni asfalt-beton örtüyünün döşənməsi işləri görülür. Asfaltlanma işləri ümumilikdə 20 min kvadratmetrə yaxın sahəni əhatə edir.

Bundan başqa aparılan təmir işləri zamanı səth sularının yolun hərəkət hissəsindən kənarlaşdırılması üçün mövcud yağış-kanalizasiya sistemi də bərpa olunur, yeni yağış barmaqlıqları quraşdırılır, kommunikasiya xətlərinin baxış qapaqları yenisi ilə əvəz olunur, yol birləşmələri təmir edilir.

Layihənin sonuncu mərhələsində avtonəqliyyat vasitələrinin normal hərəkətinin təşkili üçün yol-cizgi və yol-göstərici xətlər, həmçinin piyada zolaqları çəkilməklə müasir yol infrastrukturu yaradılıb vətəndaşların istifadəsinə veriləcək.

Bütün işlər Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin nəzarəti altında aparılır. Təmir-tikinti işlərinin vaxtında yekunlaşdırılması üçün əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb edilib.