Loading alternative title

SOSİAL

  • alternative title

    Gürcüstandakı azərbaycanlılar etiraz aksiyası keçirdilər

    Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı Qardabani rayonu, Sartiçala kəndinin sakinləri etiraz aksiyası keçiriblər. Sakinlər uzun illərdir kənddə içməli su probleminin mövcud olmasına etiraz ediblər. Onların sözlərinə görə, hazırda içmək üçün istifadə edilən su texniki sudur. Bildiriblər ki, artıq iki həftədir kəndə su təchizatı tamam dayanıb. Etirazçılar aksiyasının xəbərdarlıq mahiyyəti daşıdığını, problem həll edilməsə, daha genişmiqyaslı aksiyanın keçiriləcəyini qeyd ediblər.

    Ətraflı   15:36     04-Feb-2020     3674
  • alternative title

    Bu rayonlarda əmək yarmarkası keçiriləcək

    Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti fevral ayında 12 şəhər və rayonda (Balakən, Göyçay, Lənkəran, Qəbələ, Şəki, Beyləqan, Gəncə-Nizami, Goranboy, Neftçala, Şamaxı, Tovuz, Sumqayıt) əmək yarmarkasının keçirilməsi planlaşdırır. Nazirlikdən verilən məlumata görə, əmək yarmarkalarında həmin bölgələrdəki idarə, müəssisə və təşkilatlarda olan vakant (boş) iş yerləri işsiz və işaxtaran vətəndaşlara təklif olunacaq. Onlara peşə və ixtisaslarına, əmək bacarıqlarına uyğun vakant iş yerlərinə göndərişlər veriləcək. Peşə və ixtisası olmayan, yaxud peşə bacarığına uyğun iş tapılmasında çətinlik yaranan şəxslər isə peşə hazırlığı kurslarına cəlb olunacaq. Yarmarkalar zamanı işsiz və işaxtaranların istəkləri əsasında onların ödənişli ictimai işlərə, müvafiq potensialları olan şəxslərin özünüməşğulluq proqramına cəlb edilmələri üçün qeydiyyatı da aparılacaq. Qeyd edək ki, 2020-ci il üzrə əmək yarmarkalarının keçirilməsinə ötən aydan başlanıb. Bu il ərzində respublikamızın 58 şəhər və rayonunda 100 əmək yarmarkasının təşkili nəzərdə tutulur.

    Ətraflı   13:00     04-Feb-2020     3009
  • alternative title

    Azərbaycanda şaxtalı günlərin sayı azalır - SƏBƏB

    Bu il yumşaq qış müşahidə edilməkdədir. İqlim dəyişmələri nəticəsində Azərbaycanda qış ayları daha mülayim keçir, şaxtalı günlərin sayı azalır. ETSN-dən verilən xəbərə görə, çoxillik normaya əsasən Bakıda yanvar ayında şaxtalı günlərin orta çoxillik sayı 6 gündür. Lakin bu qış hələ ki şaxta qeydə alınmayıb, yalnız yanvarın 25-də havanın temperaturu 0 dərəcəyə yaxınlaşıb. Bunu jurnalistlərə açıqlamasında Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva bildirib. O qeyd edib ki, 2020-ci ilin yanvar ayında orta aylıq temperatur iqlim normasından 1,6 dərəcə yüksək olub. “Ən isti gün yanvarın 23-də olub və havanın temperaturu müsbət 12,3 dərəcəyədək yüksəlib, lakın rekord göstərici qeydə alınmayıb. Çünki Bakı şəhərində ən yüksək temperatur 1979-cu ilin yanvarın 4-də qeydə alınıb və həmin gün havanın temperaturu müsbət 22,3 dərəcə olub. Yağıntılara gəldikdə, yağıntıların miqdarı dekabr ayı ilə müqayisədə bir qədər artıb, lakin daha çox yağış yağıb. Düşən yağıntının miqdarı Bakı və Abşeron yarımadasında 102-179, Yuxarı-Qarabağ zonasında 30-38, Qazax-Gəncə zonasında 17-33, Ağdamda 85, Lənkəran-Astara zonasında 88-181, Neftçalada 221, Quba, Qusar, Qırız, Xaçmaz zonasında 74-90, Qubada 150, Balakən, Zaqatala, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Şamaxı, Mərəzə, Altıağac, Qırız rayonlarında 25-89, Mərəzədə 112, Mərkəzi-Aran rayonlarında 32-89, Beyləqanda 113 faiz təşkil edib. Son 15 il ərzində havanın orta aylıq temperaturu (2004, 2005, 2007, 2010, 2011, 2013, 2014, 2015, 2016, 2017, 2018) 11 il iqlim normasından yüksək olub. Havanın orta aylıq temperaturu (2006, 2008, 2009, 2012) 4 il iqlim normasından aşağı olub. Fevralda havanın orta aylıq temperaturu (2005, 2006, 2008, 2011, 2012, 2014, 2017) 7 il iqlim normasından aşağı olub. Havanın orta aylıq temperaturu (2004, 2009, 2010, 2013, 2016, 2018, 2019) 8 il iqlim normasından yüksək olub. Son onilliklərdə fevral ayında ən soyuq gün 2012-ci il fevralın 8-də qeydə alınıb. Həmin gün minimal temperatur Bakıda mənfi 11 dərəcəyədək aşğı enib. Ən isti gün isə 2005-ci il fevralın 28-də 23.2 dərəcə isti olub. 2020-ci il fevral ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın, bəzi yerlərdə 2, Respublikanın dağlıq və dağətəyi rayonlarında isə 3-4 dərəcə yüksək olacağı gözlənilir Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi ərazilərdə isə normadan bir qədər çox olacağı ehtimal olunur. Birinci ongünlüyün sonunda hava şəraitinin arabir yağıntılı keçəcəyi, bəzi yerlərdə sulu qar, qar yağacağı, arabir güclənən cənub-qərb küləyinin güclü şimal-qərb küləyi ilə əvəz olunacağı gözlənilir”.

    Ətraflı   12:58     04-Feb-2020     2817
  • alternative title

    UNESKO-nun Dünya Yaddaşı Proqramı üzrə Azərbaycan Milli Komitəsinin fəaliyyət proqramı haqqında layihə hazırlanacaq

    Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimlinin sədrliyi ilə keçirilən iclasda UNESKO-nun Dünya Yaddaşı Proqramı üzrə Azərbaycan Milli Komitəsinin üzvləri və aidiyyəti şəxslər iştirak ediblər. İnstitutdan AZƏRTAC-a bildirilib ki, iclasda Milli Komitənin gələcək fəaliyyət proqramının tərtibi haqqında layihə hazırlanması qərara alınıb. İclasda UNESKO-nun Dünya Yaddaşı Proqramı üzrə Azərbaycan Milli Komitəsinin sədri, akademik Teymur Kərimli çıxış edib, UNESKO üzrə Azərbaycan Respublikası Milli Komissiyasının baş katibi, xüsusi tapşırıqlar üzrə səfir Elnur Sultanovun “Dünya Yaddaşı Proqramı üzrə Azərbaycan Milli Komitəsindən gələcək fəaliyyət istiqaməti haqqında gözləntilər” mövzusunda məruzəsi dinlənilib.

    Ətraflı   18:56     03-Feb-2020     4514
  • alternative title

    Təhsil Nazirliyi ilə Niderlandın “Elsevier” korporasiyası arasında niyyət protokolu imzalanıb

    Fevralın 3-də Təhsil Nazirliyi ilə dünyanın aparıcı elmi-analitika şirkəti olan Niderlandın “Elsevier” korporasiyası arasında niyyət protokolu imzalanıb. Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, niyyət protokolunun imzalanmasında əsas məqsəd Azərbaycanın ali təhsil müəssisələrinin beynəlxalq elmi məlumat bazalarına çıxışının genişləndirilməsi, beynəlxalq elmi nəşrlərin sayının artırılması, çap olunan elmi məqalə və jurnalların beynəlxalq tələblərə uyğunlaşdırılmasıdır. Nəticə olaraq isə yerli təhsil müəssisələrinin nüfuzlu qurumlara məxsus beynəlxalq reytinq siyahılarında (“QS World University Rankings”, “The Financial Times”, “Shanghai Ranking” və s.) irəliləməsinə nail olmaqdır. Qeyd edək ki, dünyanın 180-dən çox ölkəsinə xidmət göstərən “Elsevier” korporasiyası elmi, texniki və tibbi məzmunda ixtisaslaşmış nəşriyyat və analitika şirkətidir. Arxivində 16 milyondan çox sənəd və 30 min elektron kitab olan, hər il 2500 jurnalda 470 mindən çox məqalənin dərc edildiyi korporasiyanın məhsulları üzrə illik yükləmələrin sayı 1 milyarddan çoxdur. Son illərdə elmi tədqiqat işlərinin ümumi çəkisinə və nəşr aktivliyinin artım dinamikasına görə, Azərbaycan Cənubi Qafqaz regionu ölkələri arasında birinci yerdə qərarlaşıb. “Elsevier” korporasiyası ilə əməkdaşlıq çərçivəsində ölkəmizin elmi arenada yerinin daha da möhkəmləndirilməsi nəzərdə tutulur.

    Ətraflı   18:33     03-Feb-2020     3262
  • alternative title

    Yeni təhsil proqramı üzrə hazırlıq kurslarına qeydiyyat davam edir

    Dövlət İmtahan Mərkəzində (DİM) fənn kurikulumları əsasında tarix, fizika, biologiya və rus dili fənlərindən buraxılış və qəbul imtahanlarında istifadə olunan qiymətləndirmə vasitələrinin hazırlanması və onların meyarlar üzrə yoxlanılmasına dair aprelin 15-də keçiriləcək hazırlıq kurslarına qeydiyyat aparılır. DİM-dən AZƏRTAC-a bildirilib ki, hər fənn üzrə kursun müddəti 2 aydır. Kurslar Bakıda, DİM-in Naxçıvan, Gəncə, Şəki, Lənkəran, Xaçmaz, Bərdə, Göyçay, Şirvan və Şəmkir regional bölmələrində təşkil ediləcək. Hazırlıq kurslarında fənn kurikulumlarına dair məlumatı olan müəllimlər, metodistlər və pedaqoji yönümlü ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinin müvafiq fənn üzrə təhsil alan axırıncı kurs tələbələri və həmin müəssisələrdə təhsil alan magistrlər də iştirak edə bilərlər. Regional bölmələr üzrə hazırlıq kurslarının müddəti və cədvəli qruplar komplektləşdikdən sonra (1 qrupda 10 nəfər) elan ediləcək. Qeydiyyat aprelin 14-ü saat 23:59-dək aparılır. Hazırlıq kurslarında iştirak ödənişlidir və iştirak haqqının məbləği 100 (yüz) manatdır. Kurslarda iştirak etmək istəyənlər DİM-in saytında “Şəxsi kabinet”lərini yaratmalıdırlar. Kabinet yaradılan zaman onun pul hesabı da açılır. Hesaba vəsait daxil etmək üçün müxtəlif ödəniş üsullarından (ətraflı məlumat payment.dim.gov.az saytında verilib) yararlanmaq olar. “Şəxsi kabinet” yaradıldıqdan və hesaba lazımi vəsait qoyulduqdan sonra “hazırlıq kurslarında iştirak etmək üçün elektron qeydiyyat”dan keçmək lazımdır. Kursu müvəffəqiyyətlə başa vuran iştirakçıların şəxsi məlumatları Mərkəzin elektron “Məlumat bazası”na daxil edilir, onlara sertifikat verilir. Onlar müqavilə əsasında ekspert və ya marker kimi Mərkəzlə əməkdaşlığa cəlb oluna bilərlər. Pedaqoji yönümlü ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinin müvafiq fənn üzrə təhsil alan axırıncı kurs tələbələri və həmin müəssisələrdə təhsil alan magistrlər üçün hazırlıq kurslarında ilk iştirak ödənişsizdir. Kursda iştirak etmək istəyən şəxs ixtisasına uyğun fəndən qeydiyyatdan keçə bilər. Bir neçə fənn üzrə qeydiyyatdan keçənlərin yalnız müvafiq fənn üzrə qeydiyyatı nəzərə alınacaq.

    Ətraflı   18:29     03-Feb-2020     3703
  • alternative title

    Azərbaycanda könüllülük bir çox fəaliyyət sahələrinə nüfuz edərək böyük bir hərəkata çevrilib

    Azərbaycanda könüllülük bir çox fəaliyyət sahələrinə nüfuz edərək böyük bir hərəkata çevrilib, bu hərəkat cəmiyyətimizin bütün təbəqələrini əhatə edib. Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Ekoloji maarifləndirmə və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Səyyarə Məmmədova deyib. Könüllülüyün gənclərimizin həyat tərzinə çevrildiyini deyən S.Məmmədova qeyd edib ki, bu fəaliyyətin təşviqi məqsədilə Prezident İlham Əliyev Azərbaycanda 2020-ci ilin "Könüllülər ili" elan edilməsi haqqında sərəncam imzalayıb: "2019-cu ilin aprel ayından ETSN-də də könüllü fəaliyyətinə start verilib, ekokönüllü komandası formalaşıb. Bu il könüllülərin fəaliyyətini daha da təkmilləşdirmək, maraq dairələrini genişləndirmək, onların kreativlik, təşəbbüskarlıq, innovativ düşüncə tərzi və müasir dünyagörüşlərindən yararlanaraq ekoloji sahədəki potensiallarından istifadə etmək üçün ETSN tərəfindən müxtəlif tədbirlərin keçirilməsi nəzərdə tutulur. Daha çox gəncləri könüllülər proqramına cəlb etmək, könüllü kursları və təlimlərini davam etdirmək, yeniliklər etmək qarşıya məqsəd kimi qoyulub". S.Məmmədovanın sözlərinə əsasən, ölkədə ətraf mühit sahəsində fəaliyyət göstərən müxtəlif QHT-lərin, ictimai birliklərin könüllülərinin bir çətir altında birləşdirilməsi planlaşdırılır. Nazirlik rəsmisi hesab edir ki, bu sahədə illərlə təcrübə qazanmış təşkilatların imkanlarından birgə istifadə etmək könüllülərin daha çox praktiki biliklər əldə etməsinə, yeni təcrübələr qazanmasına şərait yaradacaq: "Struktur yeniliklərindən əlavə, könüllüllər üçün tərəfimizdən illik tədbirlər planı tərtib edilib. Tədbirlər Planına əsasən könüllüləri qarşıda müxtəlif təlimlər, startaplar, müsabiqələr, bilik yarışları, eko-turlar, ölkədə keçiriləcək yerli və beynəlxalq tədbirlərdə iştirak və digər maraqlı məşğuliyyətlər gözləyir. Bununla yanaşı, digər qurumların könüllülərini də cəlb etməklə il boyu fərqli layihələr və müxtəlif tədbirlər keçiriləcək".

    Ətraflı   18:22     03-Feb-2020     3971
  • alternative title

    Magistraturaya sınaq imtahanının nəticələri açıqlandı

    Dövlət İmtahan Mərkəzi (DİM) fevralın 2-də keçirilən sınaq imtahanının nəticələrini elan edib. Mərkəzdən verilən məlumata görə, hər bir iştirakçı DİM-in internet saytına daxil olaraq imtahan nəticələri və cavab kartının qrafik təsviri ilə tanış ola bilər. Bakalavrlar imtahan nəticələri barədə məlumatı həmçinin iş nömrələrini mobil telefonla 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər. Sınaq imtahanında iştirak etmək üçün qeydiyyatdan keçmiş 847 nəfərdən 19 nəfər imtahana gəlməyib. 1 nəfərin üzərində mobil telefon aşkar edildiyi üçün imtahandan xaric edilib və nəticəsi ləğv olunub.

    Ətraflı   18:00     03-Feb-2020     2513
  • alternative title

    İran vurulan təyyarəyə görə Ukraynaya heç bir sənəd təqdim etməyəcək

    İran Tehran yaxınlığında səhvən vurulan sərnişin təyyarəsinə görə Ukrayna ilə əməkdaşlığı dayandırır. QALANEWS-un BBC-yə istinadən verdiyi xəbərə görə, bu barədə hadisənin araşdırılması ilə bağlı İranda yaradılan istintaq qrupunun rəhbəri Həsən Rızeyfar bildirib. “Biz artıq Ukrayna tərəfinə heç bir sənəd təqdim etməyəcəyik”, - deyə o bildirib. Əməkdaşlığın dayandırılmasına Ukrayna mətbuatına iranlı pilotla hava hərəkəti idarəsi arasında danışığın sızdırılması səbəb olub. Güman edilir ki, səs yazısı təyyarənin vurulduğu an qeydə alınıb. Səs yazısında pilot göydə raket atəşinə bənzər bir işıq gördüyünü və daha sonra partlayış olduğunu iddia edir. Ukrayna Prezidenti bildirib ki, bu səs yazısı İranın ilk saatlardan etibarən Ukrayna Hava Yollarına məxsus sərnişin təyyarəsinin vurulması ilə bağlı məlumatlı olduğunu göstərir. Qeyd edək ki, Ukraynaya məxsus “Boeing 737” tipli sərnişin təyyarəsinın yanvarın 8-də Tehranın İmam Xomeyni adına beynəlxalq hava limanında qəzaya uğraması barədə məlumat yayılıb. Hadisə nəticəsində təyyarənin göyərtəsində olan 176 nəfərin hamısı həlak olub. İran tərəfi hadisə ilə bağlı heç bir məsuliyyət daşımadığını deyib. Daha sonra İran Silahlı Qüvvәlәrinin Baş Qәrargahı Ukraynaya mәxsus tәyyarәnin sәhvәn vurulduğuna dair bəyanat yayıb. Bәyanatda qeyd olunub ki, İranın İraqda ABŞ hәrbi bazasına hücumu vaxtı vә sonrakı saatlarda ABŞ hәrbi tәyyarәlәrinin uçuşları artıb. İranın İmam Xomeyni hava limanından havaya qalxan tәyyarәnin qәfil dönüş etmәsi İran İslam İnqilabı Keşikçilәr Korpusunun hәssas mәkanlarına hücum kimi qiymәtlәndirilib.

    Ətraflı   17:22     03-Feb-2020     2704
  • alternative title

    Deputatlığa namizəd Hadı Rəcəblidən növbəti qalmaqal- "Namizədliyini geri götürməsən..."

    "Məni çağırdı ki, namizədliyini geri götür. Mən də götürmədim. O da başladı imza topladığım xalqı söyməyə". Bu sözləri 74 saylı Lənkəran kənd seçki dairəsindən Yeni Azərbaycan Partiyasının deputatlığa namizədi Hadi Rəcəbli ilə bağlı eyni seçki dairəsindən deputatlığa namizəd olan Aqşin Əliyev deyib. O, bildirib ki, Hadı Rəcəbli onu namizədliyini geri götürmək üçün söhbətə çağırıb. Bu zaman namizəd xalqdan imzasını topladığını nəzərə çatdırıb. Söyüşlər isə elə bundan sonra başlalyıb: "Məni çağırıb namizədliyimi geri götürməyimi istədi. Mən də dedim ki, imza toplamışam və geri götürməyəcəm. O da həmin vaxtı xalqı təhqiramiz ifadələrlə söyməyə başladı". Aqşin Əliyeb bildirib ki, Hadı Rəcəblinin həmin söyüşü səsləndirən zaman onu səsyazısına qeydə ala bilməyiblər. Daha sonra isə Hadı Rəcəblinin qardaşı Lənkəran Şəhəri üzrə Maliyyə İdarəsinin rəisi İqbal Rəcəbli söyüşü təsdiq edib. Deputatlığa namizəd Aqşin Əliyev isə söyüşün söyüldüyünü təsdiq və etiraf edən həmin səsyazmanın mövcud olduğunu bildirib: " Hadı Rəcəblinin söyüş söydüyünü bilirəm. Sizi yaxın bilib, səmimi qəbul edin bunu, adam yoldaşa belə deyər də. Sizə inanıb elə deyib, gərək deməyəydi. Onun yerinə üzr istəyirəm". Qeyd edək ki, iddiaçı namizədin sözlərinə görə həmin ifadələr işlədilən zaman Hadı Rəcəblinin qardaşı da orda olub. Məsələ ilə bağlı Yenicag.az saytı deputatlığa namizəd Hadı Rəcəbli ilə əlaqə saxlayıb. O Yenicag.az-a açıqlamasında Aqşin Misranlının iddiasını yalan adlandırıb: "O, mənim rəqibimdir. Velə söhbətlər bu dönəm ola bilər. Xalqı təhqir etməmişəm. Onun dediyi, kökündən yalandır, yalnışdır".

    Ətraflı   15:45     03-Feb-2020     4693
  • alternative title

    Bakının bu ərazisində yol hərəkətinin təşkilində dəyişikliklər edilib

    Paytaxtın Şəfayət Mehdiyev küçəsinin Əbdürrəhim bəy Haqverdiyev küçəsi ilə kəsişməsində yol hərəkətinin təşkilində dəyişikliklər olunub. Bakı Nəqliyyat Agentliyindən QALANEWS-a bildirilib ki, Ş.Mehdiyev küçəsinin Ə.Haqverdiyev və Lev Landau küçələrini əlaqələndirən hissəsi təmir edilərək istifadəyə verilib və bu səbəbdən işıqfor obyektində əlavələr edilib. Yeni quraşdırılmış işıqforun iş prinsipinə əsasən Ş.Mehdiyev küçəsinin yeni istifadəyə verilmiş hissəsindən (Hüseyn Cavid parkı tərəfdən) Ə.Haqverdiyev küçəsi ilə kəsişməyə doğru hərəkət edən nəqliyyat vasitələri kəsişmədən düzünə və sağa hərəkət edəcəyi halda, qarşı tərəfdən gələn nəqliyyat vasitələri istənilən istiqamətə yönələ biləcəklər. Lakin həmin istiqamətdən (Hərbi şəhərcik tərəfdən) sola dönən nəqliyyat vasitələri qarşı tərəfdən gələn nəqliyyat vasitələrinə yol verərək onlar üçün ayrılmış növbəti fazada hərəkətlərini davam etdirəcəklər. Həyata keçirilmiş dəyişiklikdən sonra artıq nəqliyyat vasitələrinin L.Landau küçəsindən qısa müddətdə Ş.Mehdiyev və Ə.Haqverdiyev küçələrinin kəsişməsinə çıxışı mümkün olacaq. Bununla da, Hüseyn Cavid prospekti və onu əhatə edən digər küçələrin nəqliyyat yükü azaldılacaq.

    Ətraflı   15:28     03-Feb-2020     4449
  • alternative title

    Bu bölgədə ağır əməliyyatla bağlı 700-ə yaxın müraciət daxil olub

    Azərbaycanın icbari tibbi sığorta tətbiq olunan bölgələrində əhali ağır əməliyyatlarla bağlı çoxsaylı müraciətlər edib. Bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin departament rəhbəri Vüqar Qurbanov mətbuata açıqlamasında bildirib. Onun sözlərinə əsasən, artıq bir aya yaxındır şimal bölgəsində əhali tibbi sığorta sistemindən istifadə edir: “Bu ərazilərdə müraciətlər kifayət qədər çoxdur. Bahalı əməliyyatlar üzrə 700-ə yaxın müraciət daxil olub, onların təmin edilməsi məsələsinə baxılır. Dəyəri yüksək həyati vacib əməliyyatlarımızdan açıq ürək əməliyyatı, ağır nevroloji əməliyyatları və digərləri sığorta təminatındadır. Həmin xəstəliklərin müalicəsi üzrə agentliyimizə və tibb müəssisələrinə gün ərzində 20-30 müraciət daxil olur. Bu xəstəliklərin müalicəsi ilə bağlı tədbirlər həyata keçirilir”. Qeyd edək ki, Azərbaycanın şimal bölgəsində pilot layihədən əlavə 24 regionda icbari tibbi sığortanın tətbiqinə başlanılıb.

    Ətraflı   15:26     03-Feb-2020     4325
  • alternative title

    Koronavirus bu qidalardan keçə bilər - AQTA-dan XƏBƏRDARLIQ

    Ümumdünya Heyvan Sağlamlığı təşkilatı (OİE) və Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) yeni yayılmış "2019 novel koronovirus” (2019-nCoV) virusunun heyvan mənşəli olması qənaətinə gəlib. Azərbaycan Qida Təhlükəsiliyi Agentliyindən (AQTA) QALANEWS-a verilən məlumata görə, hazırkı epidemiyanın və əvvəlki illərdə yayılan oxşar MERS (Middle East respiratory syndrome - orta şərq tənəffüs sindromu) və SARS (Severe acute respiratory syndrome - ağır kəskin tənəffüs sindromu) epidemiyalarının yaranmasında heyvanların, heyvan mənşəli məhsulların, o cümlədən balıq və dəniz məhsullarının rolu olduğu artıq öz təsdiqini tapıb. "Virus ailəsinin adı onun anatomik quruluşu - "tac” fomasında olması ilə əlaqədardır və bu ailəyə daxil olan bir sıra viruslar zoonoz infeksiyaların yaranmasına səbəb olur. Sözügedən virus genetik olaraq bütün digər koronoviruslardan fərqlidir və hazırkı epidemiyanın insanlar arasında daha sürətlə yayılması, xüsusilə diqqəti cəlb etməkdədir. OİE-nin Elm Komitəsi və Vəhşi heyvanlar üzrə İşçi qrupu birgə tədqiqatlara başlamış və ilkin olaraq, "Quruda Yaşayan Heyvanların Sağlamlıq Məcəlləsi”ndə "fövqəladə xəstəliklər” bölməsinin yaradılması və üzv ölkələr tərəfindən "Ümumdünya Heyvan Xəstəliklərinin İnformasiya Sistemi” (WAHIS) vasitəsilə OİE-yə təcili bildiriş təqdim edilməsini tövsiyə edib. Bununla əlaqədar, artıq ölkəmiz üzv ölkə kimi OİE ilə bu sahədə müzakirələrə başlamış və respublikamızda bu xəstəliyə qarşı aparılan qabaqlayıcı tədbirlər barədə təşkilata mütəmadi məlumatlar veriləcək. OİE və ÜST-ün birgə təşəbbüsü ilə "2019-nCoV” virusunun tədqiq edilməsi və onunla mübarizənin aparılması üçün "Yol Xəritəsi”nin hazırlanmasına başlanıb", - agentlikdən bildirilib. Qeyd edək ki, aparılan mübarizə tədbirləri çərçivəsində AQTA tərəfindən infeksiya riski olan ölkələrdən respublikamıza diri heyvanların (zoopark heyvanları və vəhşi heyvanlar da daxil olmaqla), balıq və dəniz məhsullarının idxalına müvəqqəti məhdudiyyət qoyulub. Agentliyin regional bölmələri, həmçinin Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun laboratoriyaları xüsusi hazırlıq vəziyyətinə gətirilməklə gücləndirilmiş iş rejiminə keçmişlər. Eyni zamanda, hazırda xüsusi riskli hesab olunan, virusun keçə biləcəyi ərzaq məhsullarının siyahısının hazırlanması və satış şəbəkələrində nəzarət tədbirlərinin artırılması, köçəri quşların ovlanması və onlardan qida kimi istifadə olunmasına nəzarətin gücləndirilməsi ilə bağlı müvafiq qurumlarla birgə tədbirlər həyata keçirilməkdədir.

    Ətraflı   15:25     03-Feb-2020     4338
  • alternative title

    İcbari Tibbi Sığortanın tətbiqi

    İlkin mərhələ şimal və şimal-qərb rayonlarını əhatə edir Bu il yanvarın 1-dən etibarən İcbari Tibbi Sığortanın tətbiqinə başlanılıb. İlkin mərhələdə şimal və şimal-qərb rayonarını əhatə edən 23 rayon və şəhərlərdə artıq icbari tiibbi sığortadan əhali istifadə edir. Quba Rayon Mərkəzi Xəstəxanasının direktoru Əliyar Sərvərov bu barədə məlumat verib. Quba, Xaçmaz, Qusar, Şabran, Siyəzən, Xızı rayonlarında İcbari Tibbi Sığortanın tətbiqinə başlanılıb.

    Ətraflı   15:14     03-Feb-2020     2891
  • alternative title

    FAO Azərbaycanda qida israfçılığının azaldılmasına kömək edəcək

    "BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) Azərbaycanda qida israfçılığının azaldılması istiqamətində layihə həyata keçirə bilər. Layihənin bu il ərzində başlanılması gözlənilir". Bu barədə QALANEWS-a FAO-nun Azərbaycanda Tərəfdaşlıq və Əlaqələndirmə Ofisinin proqramlar üzrə mütəxəssisi Kaan Başaran deyib. O vurğulayıb ki, layihənin məqsədi turizm sektorunda, iaşə obyektlərində israf olunan qidaların yenidən dəyərləndirilməsidir: "İlk növbədə, layihənin icrası ilə bağlı ilkin qiymətləndirmələr aparılmalıdır. Layihənin tərkib hissəsinə qida israfçılığının qarşısının alınmasında müasir standartın tətbiqi kimi məsələlər daxildir. Qida artıqlarının bioqaza dönüşdürülməsi (müxtəlif növ bioloji kütlənin köməyi ilə alınan qazlara bioqaz deyilir) heyvanlar üçün yemə çevrilə bilər". K.Başaran bildirib ki, Türkiyə hökuməti ilə FAO-nun tərəfdaşlığı çərçivəsində Mərkəzi Asiya ölkələri və Azərbaycan üçün proqramı var: "Sözügedən layihə həmin proqram çərçivəsində həyata keçirilməsi nəzərdə tutulur".

    Ətraflı   15:00     03-Feb-2020     2239
  • alternative title

    Hava ilə bağlı XƏBƏRDARLIQ: anomal istilər gəlir

    “Fevralın 2-də çoxillik göstəricilər ilə müqayisədə havanın temperaturu 3,4 dərəcə yüksək olub və Bakıda 11 dərəcəyədək yüksəlib”. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva bildirib. Onun sözlərinə görə, regionlarda 13 dərəcəyədək isti müşahidə olunub. Dağlıq ərazilərdə isə 2 dərəcəyədək müsbət temperatur qeydə alınıb. Yaxın 2 gün ərzində Azərbaycanda hava şəraitini cənubdan hərəkət edən isti hava kütlələri təyin edəcək: “Ona görə də hava şəraiti əksər rayonlarda əsasən yağmursuz keçəcək. Lakin fevralın 4-ü, 5-i və 6-da cənub, cənub-qərb küləyinin güclənəcəyi gözlənilir. Küləyin sürəti 15-18 m/san ,arabir 23-25 m/san-dək güclənəcək”. U. Tağıyeva deyib ki, temperatur bu günlə müqayisədə bir neçə dərəcə yüksələcək. Paytaxtda maksimal temperatur 10-15, ayın 6-da isə 19 dərəcəyədək isti olacaq. Aran rayonlarında havanın temperaturu 12-17, fevralın 5-6-da bəzi yerlərdə 20 dərəcəyədək isti təşkil edəcək. Dağlıq ərazilərdə də anomal isti hava şəraiti hökm sürəcək. Həmin ərazilərdə 7-12 dərəcə isti gözlənilir.

    Ətraflı   14:53     03-Feb-2020     70812
  • alternative title

    Azərbaycanda 18 nəfər qidadan zəhərlənib

    Yanvar ayı ərzində Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyinin 1003 “Çağrı Mərkəzi”nə ümumilikdə 1985 müraciət daxil olub. Agentlikdən bildirilib ki, daxil olan müraciətlərdən 401-i sertifikatlaşdırma və qeydiyyat, 429-u idxal-ixrac əməliyyatları, 187-i istehlakçı hüquqlarının pozulması halları ilə bağlı olub. Qida zəhərlənmələri ilə bağlı Agentliyə 42 müraciət daxil olsa da, onlardan yalnız 18-i öz təsdiqini tapıb. Bütün hallarda müraciətlər araşdırılıb və qanunvericiliyin tələblərinə uyğun olaraq icrası təmin edilib. Müvafiq dövrdə Agentliyə daxil olan müraciətlərin 69-u işə qəbulla əlaqəli, 857-i isə digər xarakterli olub.

    Ətraflı   14:50     03-Feb-2020     3789
  • alternative title

    “BakuBus”ın rəhbəri dəyişib

    Bakı Nəqliyyat Agentliyinə (BNA) məxsus “BakuBus” MMC-nin direktoru Nəcəf Məlikov vəzifəsindən azad edilib. Şirkətə rəhbərlik İlqar İbrahimova həvalə olunub. Xatırladaq ki, “BakuBus” Nazirlər Kabinetinin 3 aprel 2014-cü il tarixli qərarı ilə Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində yaradılıb, ölkə prezidentinin 6 iyul 2018-ci il tarixli fərmanı ilə BNA-nın tabeliyinə verilib. Onun nizamnamə kapitalı 30 milyon manatdır. Şirkət paytaxtda avtobuslarla beynəlxalq standartlara uyğun sərnişindaşıma xidməti göstərir.

    Ətraflı   14:44     03-Feb-2020     3406
  • alternative title

    Fevral ayının 4-nə olan hava proqnozu açıqlandı

    Fevralın 4-də gözlənilən hava şəraiti açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında fevralın 4-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir güclənən cənub-qərb küləyi axşam mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq, arabir güclənəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 3-5, gündüz 10-15, Bakıda gecə 3-5, gündüz 13-15 dərəcə isti olacaq. Atmosfer təzyiqi 755 mm civə sütunundan 749 mm civə sütununa enəcək, nisbi rütubət gecə 60-70 gündüz 45-50 faiz olacaq. Azərbaycanın rayonlarında fevralın 4-də havanın əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi şimal və qərb rayonlarında yağıntılı olacağı, qar yağacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq, qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 0-5, gündüz 12-17 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 5-10 dərəcə isti olacaq. Tibbi-meteoroloji proqnoza görə, fevralın 4-5-də Abşeron yarımadasında atmosfer təzyiqinin enməsi fonunda gilavar küləyinin əsməsi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişsizdir.

    Ətraflı   13:40     03-Feb-2020     2135
  • alternative title

    Tələbələrin köçürülməsinə başlanıldı

    Fevralın 1-dən tələbələrin köçürülməsi prosesinə başlanılıb. Təhsil Nazirliyindən verilən məlumata görə, bugünədək 72 nəfər köçürülmək yaxud ixtisasını dəyişdirmək üçün müraciət edib. Transfer.edu.az portalı vasitəsi ilə həyata keçirilən elektron sənəd qəbulu fevralın 7-dək davam edəcək. Bu portal vasitəsilə tələbələrin ölkə daxilində və xaricdə yerləşən ali təhsil müəssisələrindən köçürülməsi, yaxud bir ixtisasdan digərinə dəyişdirilməsi, eləcə də ölkəmizdə yerləşən orta ixtisas təhsili müəssisələri tələbələrinin, magistratura səviyyəsində təhsilalanların köçürülməsi mümkündür. Portala müraciət edən şəxslər köçürülmək istədiyi təhsil müəssisəsini seçmək imkanına malikdir. Bunun üçün təhsilalanlar tələb olunan məlumatları daxil etməklə, köçürülmə meyarlarına uyğun gəlib-gəlmədiyini müəyyən edə bilərlər. Qeyd edək ki, Təhsil Nazirliyi tərəfindən 2016-cı ildə yaradılan transfer.edu.az portalı tələbələrin köçürülməsi prosesinin sadələşdirilməsinə və şəffaflığın təmin olunması məqsədinə xidmət edir. Portal fəaliyyətə başladığı gündən bugünədək 6 minə yaxın tələbənin köçürülməsi həyata keçirilib.

    Ətraflı   13:21     03-Feb-2020     3791

Weather icon

humidity: 10%







Sosİal medİa

FACEBOOK-DA BİZƏ QOŞULUN

@qalanews

ŞAHİDİ OLDUĞUNUZ HADİSƏLƏRİ ÇƏKİB BİZİMLƏ PAYLAŞIN

BİZİ TWITTER-DƏ İZLƏYİN

@qalanews

BİZİ INSTAGRAM-DA İZLƏYİN

@qalanews

BİZİ YOUTUBE-DA İZLƏYİN

@qalanews

Hadİsə

  • alternative title 15:55     25-May-2020     1384
  • alternative title 12:59     25-May-2020     1143
  • alternative title 12:54     25-May-2020     349
  • alternative title 12:19     25-May-2020     1013
  • alternative title 12:02     25-May-2020     1129
image title here

Some title