Loading alternative title

ÖLKƏ

  • alternative title

    Bazar və kafelərdə karantin qaydaları pozuldu, agentlik hərəkətə keçdi - FOTO

    Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Ağstafa rayonunun mərkəzi bazarında və ictimai iaşə müəssisələrində monitorinq zamanı pozuntu halları aşkarlayıb. Agentlikdən verilən məlumata görə, Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, Agentliyin əməkdaşları Ağstafa Rayon İcra Hakimiyyəti və rayon polis şöbəsinin nümayəndələri ilə birgə monitorinq keçirib. Monitorinq zamanı bəzi müəssisələrin sanitar-texniki və sanitar-gigiyenik vəziyyətinin qeyri-qənaətbəxş olduğu, qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinin pozulduğu məlum olub. Belə ki, “Dostluq” firmasına məxsus Ağstafa royon mərkəzi bazarında yeyinti məhsullarının satışı zamanı sanitar-gigiyena norma və qaydalarının kobud şəkildə pozulduğu müəyyən edilib. Bundan başqa bazarda heyvan mənşəli məhsulların (ət və ət məhsulları, süd, qatıq, pendir və s.) sanitar-gigiyenik vəziyyəti qeyri-qənaətbəxş olan vitrinlər üzərində qida məhsullarının üstü açıq şəraitdə, mal qonşuluğu prinsipi və temperatur rejiminə riayət edilmədən satışının həyata keçirildiyi aşkarlanıb. Reyd zamanı “Şahquluoğlu” ASC-yə məxsus “Nəsiboğlu”, fiziki şəxs Novruzov Niyazi Fərhad oğluna məxsus “Göyçə” və fiziki şəxs Babayev Hafiz Mübariz oğluna məxsus “Dostlar” kafelərində sanitar-gigiyenik qaydaların kobud şəkildə pozulduğu aşkar edilib. Həmin obyektlərin mətbəx sahələri və müştəri qəbulu zallarının ümumi sanitar-texniki vəziyyətinin qeyri-qənaətbəxş olduğu, qida məhsullarının saxlanması zamanı qida təhlükəsizliyi tələblərinə və sanitar qaydalarına riayət edilmədiyi, hətta bəzilərində tullantıların vaxtında kənarlaşdırılmadığı, birbaşa mətbəx sahəsində saxlandığı məlum olub. Eyni zamanda həmin kafelərdə mütəmadi olaraq dezinfeksiya, dezinseksiya və deratizasiya tədbirlərinin aparılmadığı, işçilərin işə qəbul edilməzdən əvvəl və dövri olaraq tibbi müayinədən keçmədikləri, eləcə də, xüsusi gigiyenik geyimlərdən (maska, əlcək, gigiyenik baş geyimi, xalat) istifadə etmədikləri aşkarlanıb. Qanunvericiliyin tələbləri çərçivəsində ictimai iaşə müəssisələrinin fəaliyyəti məhdudlaşdırılıb.

    Ətraflı   13:28     10-Jul-2020     605
  • alternative title

    Kamran Əliyevdən yeni TƏYİNAT - ÖZƏL

    Prokurorluq orqanlarında kadr dəyişikliyi olub. QALANEWS-un əldə etdiyi məlumata görə, bu barədə Baş prokuror Kamran Əliyev müvafiq əmr imzalayıb. Əmrə əsasən, Günay Məmmədli Bakı şəhəri Nizami rayon prokurorunun müavini vəzifəsinə təyin edilib. O bundan öncə Baş Prokurorluğun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsində prokuror vəzifəsində çalışıb. Faktı Baş Prokurorluğun Mətbuat Xidmətindən təsdiq ediblər. Xatırladaq ki, prokurorluq orqanlarında son dövrlər aparılan kadr islahatları zamanı xanım əməkdaşların təyinatı diqqət çəkir, gender bərabərliyinin qorunması müsbət qarşılanır.

    Ətraflı   12:43     10-Jul-2020     342
  • alternative title

    Daşkəsənə istirahətə gedənlər cərimələndi - FOTO

    Ölkə ərazisində elan edilmiş xüsusi karantin rejiminin tələblərini pozaraq məsuliyyətsiz davranışlar sərgiləyən, eləcə də digər rayonlara istirahət üçün üz tutan şəxslərlə bağlı tədbirlər davam etdirilir. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, Daşkəsən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən xüsusi karantin qaydalarını pozaraq, rayon ərazisinə istirahət məqsədi ilə gedənlər aşkarlanaraq məsuliyyətə cəlb olunublar. Onlar arasında çalışdıqları dövlət idarələri və müəssisələri tərəfindən verilmiş xüsusi icazələrdən istifadə edərək rayona istirahət üçün gedənlər də olub. Reyd zamanı karantin qaydalarını pozan şəxslər barəsində İXM-nin 211.1-ci maddəsi ilə protokollar tərtib olunaraq, həmin şəxslər inzibati qaydada məsuliyyətə cəlb ediliblər.

    Ətraflı   12:41     10-Jul-2020     1137
  • alternative title

    Azərbaycana çəyirtkələrin “yürüşü”

    İyun ayının sonlarında güclü şimal-şərq küləklərindən sonra ölkə xaricindən Azərbaycanın şimal bölgəsinə Asiya çəyirtkələrinin miqrasiyası müşahidə olunub. Çəyirtkələr ən çox Şabranın Xəzər sahilində yerləşən beş kəndinə məxsus təsərrüfat sahələrinə yayılıb. Mühafizə məqsədilə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Kənd Təsərrüfatı Nazirliyinin müvafiq qurumları ilə birgə həmin ərazilərdə operativ mübarizə tədbirlərinə başlayıb. Çəyirtkələrin kənd təsərrüfatı məhsullarına vura biləcəyi zərərin qarşısı alınıb. Bu məqsədlə yaradılan xüsusi monitorinq qrupu çəyirtkə dəstələrinin uçuş koordinatları və ümumi ərazini müəyyənləşdirib. Aparılan kimyəvi mübarizə tədbirləri nəticəsində çəyirtkələrin böyük hissəsi məhv edilib. Çəyirtkələrin miqrasiyasına səbəb Dağıstan ərazisində güclü küləyin baş verməsi ehtimal olunduğundan mühafizə tədbirlərinin görülməsi məqsədilə AQTA tərəfindən Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidmətinə məktub ünvanlanıb. Hazırda ərazilərdə fitosanitar müşahidələr aparılır, aşkarlanan xırda dəstələrə qarşı mübarizə tədbirləri həyata keçirilir. Qeyd edək ki, belə hal bir neçə il öncə də müşahidə olunub. Onu da bildirək ki, bu həşəratlar gün ərzində sürü ilə 30 kilometrdən çox məsafəni qət edə bilir. 15-20 km/saat sürətlə hərəkət edərək, gündə 20 saat uçuş etmə qabiliyyətinə malikdirlər.

    Ətraflı   12:40     10-Jul-2020     368
  • alternative title

    Rezidenturaya qəbul imtahanlarına əlavə sənəd qəbulu elan edildi

    Rezidenturaya qəbul imtahanlarında iştirak etmək istəyən, lakin vaxtında qeydiyyatdan keçməyən namizədlər üçün iyulun 10-dan 13-dək əlavə sənəd qəbulu elan edilir. Bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb. Bildirilib ki, namizəd Mərkəzin internet saytının ekabinet.dim.gov.az səhifəsində “Şəxsi kabinet” yaratdıqdan sonra ərizə vermək üçün tələb olunan məbləği (60 AZN) “Şəxsi kabinet”indəki hesabına əlavə edir. Hesaba məbləği əlavə etmək üçün ödəniş üsulları ilə epayment.dim.gov.az internet səhifəsində tanış olmaq mümkündür.

    Ətraflı   12:29     10-Jul-2020     992
  • alternative title

    1440 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edildi

    Koronavirusun yayılmasının qarşısının alınması məqsədilə Bakı, Cəlilabad, Gəncə, Lənkəran, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax şəhərlərində və Abşeron, Bərdə, Xaçmaz, Goranboy, Göygöl, Samux, Siyəzən və Şəki rayonları ərazisində tətbiq edilmiş sərtləşdirilmiş xüsusi karantin rejimi qaydalarının pozulmasına görə 9 iyul 2020-ci il saat 00:00-dan 10 iyul 2020-ci il saat 00:00-dək olan müddət ərzində nəqliyyat vasitələri ilə hərəkətdə olan 1 287 nəfər İnzibati Xətalar Məcəlləsinin 211.1-ci, sərnişindaşımada istifadə olunan taksi və avtobuslarda tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə edilmədiyinə görə 151 nəfər həmin Məcəllənin 211.2-ci, eyni əməllərin il ərzində təkrar törədilməsinə görə isə Məcəllənin 211.3-cü maddəsi ilə iki nəfər olmaqla, ümumilikdə 1 440 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib. Bu barədə Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) məlumat verilib. Qeyd olunan müddət ərzində Bakı-Quba yolunun 52-ci km-də yerləşən karantin keçid postundan 70-i rayon, 100-ü paytaxt istiqamətinə olmaqla 170, Bakı-Şamaxı-Yevlax yolunun 31-ci km-də yerləşən postdan 50-si rayon, 45-i paytaxt istiqamətinə olmaqla 95, Bakı-Qazax-Gürcüstan yolunun 65-ci km-də yerləşən keçid postundan 175-i rayon, 155-i paytaxt istiqamətinə olmaqla 330 avtomobil geri qaytarılıb, ümumilikdə 595 nəqliyyat vasitəsi ilə müvafiq icazə olmadan postlardan keçmək cəhdinin qarşısı alınıb.

    Ətraflı   12:24     10-Jul-2020     1098
  • alternative title

    İnternetin zəifliyi nə ilə əlaqədardır? - KATV1-dən AÇIQLAMA

    “COVID-19-u məğlub etmək üçün evdə qalırıq. Televiziya və internet xidmətləri bizə dəstək olur, lakin bu da həddən artıq yüklənməyə səbəb olur”. Bu sözlər dünən axşam saatlarında yaranmış internet problemi ilə bağlı KATV1-in yaydığı məlumatda yer alıb. Bildirilib ki, koronavirusun internetə təsiri barədə uzunmüddətli proqnozlar vermək hələ tezdir, lakin videoxidmətlərin aktiv istifadəsi artıq ilk problemlərə səbəb oldu. “Karantin günlərində trafik quruluşu çox dəyişib və şirkət internetin həcmini 40 faiz artıraraq, trafik artımına hazırlaşıb. Lakin iyulun 9-da rekord sayda yüklənmə qeydə alınıb - 53 faiz, bu, bəzi istifadəçilərimizin internetə çıxışı üçün problemlər yaratdı. Şirkət artıq avadanlıqların həddən artıq yüklənməsi zamanı gələcək problemlərin qarşısını almağa imkan verən tədbirlər görüb. Anlamaq lazımdır ki, ölkənin xarici və daxili trafiki internetin sürətinə və keyfiyyətinə də təsir göstərir. Serverləri digər ölkələrdə olan xarici saytlar və tətbiqetmələr xarici trafik hesab olunur və onlara daxil olduqda ölkə daxilində internet şəbəkələri məhdud ötürmə qabiliyyətinə malikdir. Bir çox istifadəçimiz koronavirusun yayılması səbəbiylə evdən işləyir. Ofis işi internetin aktiv istifadəsini də əhatə edir, lakin karantin ona yanaşmanı xeyli dəyişdirdi. Məsələn, əvvəllər iş otaqlarında keçirilən görüşlər indi onlayn konfranslara çevrilib. Uşaqların təlimləri də internet üzərindən keçirilir. Xarici trafikin miqdarı artarsa, məlumat paketini ötürmək və almaq üçün daha çox vaxt və trafik lazımdır. Eyni problem “Zoom” videokonfransının istifadəçiləri arasında da müşahidə olunur. Koronavirusa görə evə qalan insanlar onlayn oyunları aktiv oynayır, internetdə filmə baxır və xəbərləri izləyirlər. Azərbaycanda ümumi internet istehlakı 22 faiz artdı, lakin eyni zamanda ofis və mobil internet trafiki azaldı, çünki çoxları evdə internetdən (Wi-Fi) istifadə edir”.

    Ətraflı   12:23     10-Jul-2020     926
  • alternative title

    Azərbaycanda 32 yaşlı kişi baldızını bıçaqlayıb qaçdı

    Dünən saat 21 radələrində Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsinin ərazisində 1986-cı il təvəllüdlü Ramilə Quliyevaya yaşadığı evdə çoxsaylı xəsarətlər yetirilməsi barədə daxil olan məlumat əsasında dərhal prokurorluq və polis əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib. Sumqayıt Şəhər Prokurorluğundan verilən məlumata görə, araşdırmalarla Sumqayıt şəhər sakini, 1988-ci il təvəllüdlü Anar Əlizadənin baldızı - 34 yaşlı Ramilə Quliyevaya aralarında yaranmış mübahisə zəminində hazırda istintaqa məlum olmayan kəsici-deşici alətlə xəsarətlər yetirməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddələri üzrə cinayət işinə başlanılıb, müvafiq ekspertizalar təyin edilib. Qeyd olunur ki, iş üzrə hadisənin şahidləri müəyyənləşdirilərək dindirilib, o cümlədən digər təxirəsalınmaz istintaq hərəkətləri həyata keçirilib. Hazırda prokurorluq və polis əməkdaşları tərəfindən Anar Əlizadənin tutularaq istintaqa cəlb edilməsi istiqamətində təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

    Ətraflı   12:14     10-Jul-2020     972
  • alternative title

    Bakıda 61 yaşlı qadının çantasını oğurlayan keçmiş məhkum tutuldu

    Bakıda qadına qarşı soyğunçuluq edən şəxs saxlanılıb. QALANEWS-un məlumatına görə, iyunun 29-da Yasamal rayonu, Ş.Mehdiyev küçəsində naməlum şəxs 1959-cu il təvəllüdlü qadının içərisində 290 manat olan əl çantasını soyğunçuluq yolu ilə talayıb qaçarkən, Post-Patrul Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb. Qarətçinin əvvəllər soyğunçuluğa görə məhkum edilmiş 1969-cu il təvəllüdlü Zakir Aslanov olduğu məlum olub. Faktla bağlı araşdırma aparılır.

    Ətraflı   12:13     10-Jul-2020     962
  • alternative title

    190 manatlıq birdəfəlik ödəmələrin verilməsi ilə bağlı MÜHÜM AÇIQLAMA

    Xüsusi karantin rejimi tətbiq olunan 16 şəhər və rayon üzrə 190 manat birdəfəlik ödəmələrin verilməsi prosesi başa çatdırılıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirildiyinə görə, iyunun 21-dən xüsusi karantin rejimi tətbiq olunan səkkiz şəhər və rayon (Bakı, Cəlilabad, Gəncə, Lənkəran, Masallı, Sumqayıt, Yevlax şəhərlərində və Abşeron) üzrə birdəfəlik ödəmələr Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bu həftənin ilk günlərində ödənilib. Bu gün isə Nazirlik əlavə olaraq iyulun 5-dən xüsusi karantin rejiminə başlanan səkkiz şəhər və rayonda (Goranboy, Göygöl, Mingəçevir, Bərdə, Xaçmaz, Samux, Siyəzən, Şəki) birdəfəlik ödəmələrin köçürülməsini təmin edib. Vəsait həmin vətəndaşların may ayında birdəfəlik ödəməni almaq üçün banklar tərəfindən verilmiş bank kartlarına köçürülüb və bu barədə onlara rəsmi məlumat göndərilib. Beləliklə, ümumilikdə 16 şəhər və rayon üzrə işsiz və xüsusi karantin rejimində gəlirini itirən qeyri-formal işləyən aztəminatlılardan ibarət 290 minə yaxın şəxsin 190 manat birdəfəlik ödənişlə təminatı başa çatıb. Bu məqsədlə 55 milyon manata yaxın vəsait sərf olunub. Xatırladaq ki, bundan əvvəl aprel-may aylarında da respublika üzrə həmin kateqoriyalardan olan 600 min şəxs aylıq 190 manat birdəfəlik ödəmə ilə təmin edilib və bunun üçün 229 milyon manat xərclənib.

    Ətraflı   12:10     10-Jul-2020     1139
  • alternative title

    Vilayət Eyvazov polis rəisini təqaüdə göndərdi

    Daxili İşlər Nazirliyində kadr dəyişikliyi olub. Bu barədə nazir, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb. Əmrə əsasən, Xocalı Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Eldar Bağırov xidmətdə olmanın son yaş həddi ilə bağlı təqaüdə göndərilib. Hələlik onun yerinə təyinat yoxdur.

    Ətraflı   12:07     10-Jul-2020     990
  • alternative title

    Bakıda karantin postları yenidən qurulur

    Paytaxtda sərt karantin rejimi ilə əlaqədar postlar yenidən qurulur. QALANEWS-un məlumatına görə, zərurət olan ərazilərdə postlar yenidən bərpa olunur. Bəzi yerlərdə marşrut postları fəaliyyət göstərir. Daxili işlər orqanlarının əməkdaşları və DİN-in Daxili Qoşunlarının hərbi qulluqçuları tərəfindən sərt karantin elan olunan ərazilərdə, yollarda, hətta məhəllədaxili hissələrdə nəzarət gücləndirilib. Qeyd edək ki, Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi iyulun 2-də ölkəmizdə tətbiq edilmiş xüsusi karantin rejimi ilə əlaqədar Bakı şəhərinin giriş və çıxışları istisna olmaqla, küçə və prospektlərdə quraşdırılmış polis postlarını ləğv edib.

    Ətraflı   12:03     10-Jul-2020     892
  • alternative title

    Müəllimlərin işə qəbulu üzrə müsabiqə başlayır

    2020-2021-ci tədris ili üçün keçiriləcək müəllimlərin işə qəbulu üzrə müsabiqəyə elektron sənəd qəbulu növbəti həftədən başlayacaq. Bu barədə Təhsil Nazirliyi məlumat yayıb. Bildirilib ki, bu il müsabiqənin test mərhələsinin ölkənin bir neçə şəhər və rayonlarında, fərqli məkanlarda, müvafiq sanitar-epidemioloji tələblərə riayət olunmaqla keçirilməsi planlaşdırılır.

    Ətraflı   12:00     10-Jul-2020     973
  • alternative title

    “Belə davam edərsə, yaxın zamanda hamı eynək taxmağa məcbur olacaq” - Həkimdən AÇIQLAMA

    Son günlər sosial şəbəkələrdə kompüter, telefon və digər elektron vasitələrdən çox istifadənin görmə zəifliyinin yaranmasına səbəb olduğuna dair paylaşımlar edilir. Ötən həftə ATV telekanalında yayımlanan “ATV Qərargah” verilişində qonaq olan təhsil üzrə ekspert Kamran Əsədov çıxışında bu məqama toxunub. O bildirib ki, pandemiya dövründə onlayn təhsilin müsbət tərəfləri ilə yanaşı, mənfi tərəfləri də qaçılmazdır: “Pandemiya ilə mübarizə tədbirləri çərçivəsində təhsil müəssisələrinin fəaliyyəti dayandırılıb. Şagird və tələbələrə dərs prosesi onlayn qaydada, internet resursları üzərindən keçirilir. Təbii olaraq, şagirdlərin, tələbələrin hər biri eyni keyfiyyət dərəcəsində, qoruyuculuğu yüksək olan elektron cihazlardan istifadə etmirlər. Bunun nəticəsidir ki, bu gün şagirdlərin 65 faizində görmə zəifliyi ilə bağlı şikayətlər artıb. Eyni zamanda, bir neçə saatlıq dərs prosesi ərzində düzgün şəkildə oturmamaq şagirdlərin onurğa sütununda skolioz və digər xəstəliklərin yaranmasına səbəb olur”. Bu mövzu ilə bağlı həkim-oftalmoloqa müraciət etdik. ABŞ-ın Los-Anceles şəhərindəki Kaliforniya Universitetində (UCLA) orbital cərrahiyyə üzrə ixtisaslaşmış oftalmoloq, okuloplastik cərrah İmran Cərullazadə Oxu.Az-a açıqlamasında mövcud vəziyyətdən narahat olduğunu deyib. Onun sözlərinə görə, hazırkı durum ilk növbədə insanların psixoloji vəziyyətinə mənfi təsir göstərir: “Artıq neçə aydır ki, koronavirus pandemiyası bizim həyatımızı tamamilə dəyişib. Təsəvvür edin, aylardır sevdiyiniz insanlardan, əzizlərinizdən uzaqdasınız. Bir tərəfdən də, elə məhz onların sağlamlığı naminə bunu edirsiniz. Virusun yayılmasının qarşısını almaq üçün müxtəlif tədbirlər görülür. Biz bu tədbirləri istər vətəndaş, istərsə də həkim kimi dəstəkləyirik. Təəssüf ki, karantin və izolyasiya məqsədilə atılan addımlar insanları dörd divar arasında yaşamağa məcbur edir. Təbii olaraq, bu vəziyyət bəzi insanların psixoloji durumu ilə yanaşı, görmə sisteminə də təsirsiz ötüşmür”. Həkim deyir ki, bir neçə ay da belə davam edərsə, insanların böyük əksəriyyəti bir müddət sonra eynəklərdən istifadə etməyə məcbur olacaq: “İnsan orqanizmi üçün gündəlik zəruri qidalanma ilə yanaşı, fiziki aktivlik də lazımdır. Fiziki aktivliyin məhdudlaşdırılması orqanizmin normal fəaliyyətinin pozulmasına gətirib çıxarır. Ciddi problemlərdən biri evdə qalan insanların görmə sistemində yaşanan problemlərdir. Göz uzaq və yaxın məsafələr arasında aktiv işləməli olan orqandır. Hazırkı vəziyyətdə isə insanlarımız ev şəraitində maksimum üç, beş və ya altı metr məsafədən daha uzağa baxa bilmir və ya baxmaq istəmir. Göz nə qədər yaxın məsafəyə fokuslanarsa, gözdaxili əzələlər yığılır və fokuslanan obyektin yaxınlıq məsafəsindən asılı olaraq, sinirlər gərginləşir. Uzaq məsafəyə fokuslandıqda isə, əksinə, göz alması tam boşalır və rahatlayır. Bu gün problem yaşlılarla müqayisədə, daha çox cavanlarda, xüsusilə məktəblilərdə müşahidə edilir. Əfsuslar olsun ki, karantin rejimi çərçivəsində tədris prosesi onlayn qaydada aparıldı. Saatlarla kompüter, telefon arxasında oturmaq və bütün diqqəti qısa məsafəyə cəmləmək, şüa görmə sistemini sıradan çıxarır. Bizim gözlərimiz belə həyata nəinki öyrəşməyib, heç orqan olaraq gözün bu rejimdə fəaliyyəti mümkün deyil. Belə olan halda göz yorulur. Bu, ən yaxşı halda gözdə miopiya xəstəliyinə, yəni uzaqdan görmənin zəifləməsinə səbəb olur. Belə davam edərsə, insanların böyük əksəriyyəti bir müddət sonra eynəklərdən istifadə etməyə məcbur olacaq. Son dövrlər eynəkdən istifadə edən insanların sayında müşahidə edilən artım da düşünürəm ki, bununla bağlıdır. Bunun səbəbi yaxın məsafədən uzun müddət işləməkdir”. İ.Cərullazadə görmə zəifliyinin qarşısının alınması üçün insanların bir neçə məqama xüsusi diqqət etməsinin vacibliyini vurğulayıb: “Gənclər, məktəblilər sağlamlıqlarını qorumalıdırlar. Başa düşürəm ki, müasir dövrdə kompüterdən, mobil telefondan istifadə etmədən hər hansı iş prosesini aparmaq qeyri-mümkündür. Lakin iş, dərs prosesində tez-tez fasilələr verilməli, gözlərin dincəlməsinə şərait yaradılmaldır. Fasilə zamanı uzaq məsafəyə, sonsuzluğa baxmaq vacibdir. Evdən çıxmaq mümkün olmasa belə, pəncərədən, eyvandan maksimum uzaq məsafəyə baxmaq lazımdır. Bu, hər gün iki-üç dəqiqəlik bir müddətdə təkrarlanmalıdır. Bu hərəkət gözlərin dincəlməsinə, əzələlərin rahatlamasına kömək edəcək, eyni zamanda, gözdə yaranan quruluğu da aradan götürəcək. Həmin qaydalara əməl etməklə gözlərinizi xəstəliklərdən qoruya bilərsiniz”.

    Ətraflı   11:57     10-Jul-2020     719
  • alternative title

    Bu gün növbəti buraxılış imtahanları keçiriləcək

    Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən ümumi (9 illik) və tam (11 illik) orta təhsil səviyyəsi üzrə növbəti buraxılış (qəbul) imtahanları keçiriləcək. Mərkəzdən verilən məlumata görə, imtahanlar respublikanın 41 şəhər və rayonunda baş tutacaq. İmtahanlarda 8370 abituriyentin iştirakı nəzərdə tutulur. İmtahanların təşkil edilməsi üçün ümumilikdə 49 imtahan binası, 740 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 49 ümumi imtahan rəhbəri, 121 imtahan rəhbəri, 965 nəzarətçi–müəllim, 98 buraxılışı təşkil edən əməkdaş, 49 bina nümayəndəsi ayrılıb. Qeyd edək ki, Dövlət İmtahan Mərkəzi tərəfindən 10 iyul 2020-ci il tarixində şəhər və rayonların imtahan qrafikinə uyğun olaraq: – əvvəlki illərin məzunları üçün I-IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanının 1-ci mərhələsi, həmçinin V ixtisas qrupu və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanı; – ali və ya orta ixtisas təhsili müəssisələrinin müsabiqəsində buraxılış imtahanında verdiyi xarici dildən fərqli dil üzrə iştirak etmək istəyən cari ilin məzunları üçün əlavə xarici dil imtahanı, həmçinin, qəbul imtahanını buraxılış imtahanında verdiyi dildən fərqli dil üzrə vermək istəyən cari ilin məzunları üçün əlavə imtahan (Azərbaycan və ya rus dili); – ali və ya orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün sənəd verən, lakin 10, 11, 18 və ya 19 iyun tarixlərində yuxarıda qeyd olunan rayon və şəhərlərdə keçirilmiş buraxılış imtahanlarında üzrlü səbəbdən iştirak edə bilməyən və bununla bağlı Dövlət İmtahan Mərkəzinə müraciət edən cari ilin məzunları (9-cu və 11-ci sinif) üçün buraxılış (qəbul) imtahanı; – Tədrisi Azərbaycan dilindən fərqli dildə olan məktəblərin abituriyentləri üçün Azərbaycan dili (dövlət dili kimi) imtahanı keçirilir. Qeyd edək ki, abituriyentlər 10 iyul qəbul imtahanından dərhal sonra Azərbaycan dili imtahanını verirlər.

    Ətraflı   11:49     10-Jul-2020     826
  • alternative title

    Qazaxda raket tapılıb - FOTO

    Bu gün saat 12:17-də Dövlət Sərhəd Xidmətindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Qazax rayonu, Abbasbəyli kəndi ərazisində raketin tapılması barədə məlumat daxil olub. ANAMA-dan verilən məlumata görə, Agentliyin xüsusi mobil çevik əməliyyat və partladıcı axtaran xüsusi təlim keçmiş itlərdən ibarət kinoloji qrupları və Dövlət Sərhəd Xidmətinin əməkdaşları dərhal həmin əraziyə göndərilib. Agentliyin mütəxəssisləri və Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən birlikdə adı qeyd olunmuş ərazidə otlaq sahəsinə baxış keçirilib. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi sərhədçilər tərəfindən mühasirəyə alınıb. Aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində bir ədəd təlim məqsədli tank əleyhinə idarəolunmayan PQ-7V raketi aşkar olunub, götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb. Raketin ətrafında 200 kvm əraziyə yerüstü, 100 kvm əraziyə isə yeraltı baxış keçirilib, heç bir təhlükəli əşya və qurğu aşkarlanmayıb.

    Ətraflı   11:32     10-Jul-2020     848
  • alternative title

    Karantində olmayan rayonlarda son vəziyyət

    Şamaxı rayonunda xüsusi karantin rejmi tətbiq olunmasa da, insanlar bu məsələyə daha ciddi yanaşır. Rayon sakinlərinin bazar və marketlərdə, o cümlədən ictimai nəqliyyatdan istifadə edərkən qoruyucu maskalardan istifadə etməsi diqqət çəkir. Bank və poçt önlərində qorunan sosial məsafə isə təhlükəyə qarşı olan qabaqlayıcı addımdır. Bu səbəbdəndir ki, rayonda COVİD-19 pandemiyasına yoluxma xeyli aşağıdır. Bu günə qədər Şamaxı rayon Mərkəzi xəstəxanasına müraciət etmiş dörd minə yaxın vətədaşdan yaxma götürülüb ki, onlardan 83 nəfərinin test nəticəsi pozitiv çıxıb. Quba da karantin qaydalarının sərtləşdirilmədiyi rayonlardandır. Amma bununla belə, hər kəs özünü qorumalıdır ki, yeni növ koronavirus infeksiyasının yayılmasının qarşısı alınsın. Bəs insanlar qoyulan qaydalara əməl edirmi? Çəkiliş zamanı əksər sakinlərin maskadan istifadə etdiyini müşahidə etdik. Rayonda taksi və avtobuslarda sürücülərlə sərnişinlər arasında şəffav arakəsmələr çəkilib. Sərnişinlərə marşrut avtobuslarından istifadə zamanı tibii maska tələb olunur. Qubada operativ qərargah tərəfindən yaradılan mobil qruplar tərəfindən reydlər keçirilir. Əhalinin daha sıx toplaşdığı ərazilərdə vətəndaşlarla maarifləndirici söhbətlər aparılır. Amma bununla belə, yenə də özünün və digər vətəndaşların sağlamlığını düşünməyənlər də var. Keçirilən reydlər zamanı karantin qaydalarını pozan gözəllik salonu, öz yaşadığı ərazini tərk edərək paytaxtdan rayona dincəlməyə gələn şəxslər də aşkar olunub. Rayonda elan edilən rejim qaydalarını pozan şəxslər inzibati məsuliyyətə cəlb olunub. Qaxda şəhər mərkəzində və rayonun kəndlərində polis əməkdaşları tərəfindən nəzarət artırılıb. Sərt karantinin tətbiq olunduğu rayonlardan fərqli olaraq, burada sadəcə vətəndaşlardan sosial məsafənin saxlanılması, tibbi maskadan istifadə və beş nəfərdən artıq bir yerə toplaşmamaq tələb olunur. Kafelər, restoranlar, gözəllik salonları və bərbərxanalar, həmçinin tikinti materialları və xırdavat dükanları da işləyir. Polis əməkdaşları vətəndaşların çox toplaşdığı yerlərdə, dayanacaqlarda, sərnişindaşıma ilə məşğul olan nəqliyyat vasitələrində və digər ictimai yerlərdə karantin-sanitar rejim qaydalarına riayət etməyə çağırırlar. Bir neçə gün öncə rayon ərazisində keçirilən növbəti reyd zaman sərt karantin tətbiq edilən şəhər və rayonlardan müxtəlif yollarla qanunsuz olaraq Qaxa istirahətə gələn sürücü və sərnişinlər də cərimələnib.

    Ətraflı   11:30     10-Jul-2020     1187
  • alternative title

    Azərbaycanlı gənclərin Rusiyadakı qəhrəmanlığı: Yanan binaya girib yatan şəxsi xilas etdilər - FOTO

    Rusiya Federasiyasının Yamalo-Nenets muxtar dairəsinin Novıy Urenqoy şəhərində fərdi yaşayış evində baş verən yanğın zamanı üç soydaşımız qəhrəmanlıq göstəriblər. “Severpress.ru” xəbər verir ki, təsadüfən yanğın baş verən ərazidən keçən Bəxtiyar Nəbiyev, Anar Nəbizadə və Fəxrəddin Hacıyev hadisəyə biganə qala bilməyiblər. Gənclər ərazidə köməyə ehtiyacı olan kiminsə ola biləcəyini düşünərək cəld özlərini yanan binaya atıblar. Birinci mərtəbədə güclü tüstüləmə olsa da, onlar özlərini ikinci mərtəbəyə (çardağa) çatdıra biliblər. Burada onlar bir kişinin yatdığını müəyyən ediblər. Yanğınsöndürənlər hadisəyə yerinə gələnə qədər gənclər kişini xilas etməyi bacarıblar. Regional FHN-in mətbuat xidməti azərbaycanlı gənclərin cəsarətini xüsusi vurğulayaraq, onların sayəsində insan itkisi olmadığını bildirib.

    Ətraflı   11:22     10-Jul-2020     1239
  • alternative title

    Canəli Əkbərovun oğlu vəfat edib - FOTO

    Xalq artisti Canəli Əkbərova ağır itki üz verib. Bu barədə Hacı Nuran sosial media hesabında məlumat yayıb. Məlumatda bildirilir ki, Xalq artistinin oğlu, 1962-ci il təvəllüdlü Asəf Əkbərov vəfat edib. Buna səbəb səhhətindəki problemlər olub. Mərhumun nəşini dəfn etmək üçün sabah Lənkəran rayonunun Tükəvilə kəndinə aparacaqlar. Qeyd edək ki, aprel ayının əvvəlində Canəli Əkbərovun qardaşı da Rusiyada avtomobil qəzasında həlak olmuşdu.

    Ətraflı   11:19     10-Jul-2020     1122
  • alternative title

    Bakıda yüz illər öncə tikilmiş hamam zibilliyə çevrilib - FOTO

    Bakıda 18-ci əsrdən qalma hamam zibilliyə çevrilib. QALANEWS xəbər verir ki, bu barədə fotolar sosial şəbəkədə paylaşılıb. Söhbət Bakının Sabunçu rayonu, Maştağa qəsəbəsindən gedir. Fotolarda gördüyünüz XVII-XVIII əsrlərə aid hamamdır. “Qum hamamı” da deyirlər. Böyük bir hissəsi torpağın altında qalan hamam bu gün zibilliyə çevrilib. Maştağada 10-dan çox belə hamam olub. Bu gün onlardan təxminən üçü qalıb. Bütün Abşeron kəndlərində bu formada hamamlar mövcud olub. Təəssüf ki, onların böyük əksəriyyəti bərbad, baxımsız vəziyyətdədir.

    Ətraflı   11:17     10-Jul-2020     1010

Weather icon

humidity: 10%







Sosİal medİa

FACEBOOK-DA BİZƏ QOŞULUN

@qalanews

ŞAHİDİ OLDUĞUNUZ HADİSƏLƏRİ ÇƏKİB BİZİMLƏ PAYLAŞIN

BİZİ TWITTER-DƏ İZLƏYİN

@qalanews

BİZİ INSTAGRAM-DA İZLƏYİN

@qalanews

BİZİ YOUTUBE-DA İZLƏYİN

@qalanews

Hadİsə

  • alternative title 12:28     10-Jul-2020     411
  • alternative title 12:26     10-Jul-2020     1208
  • alternative title 12:15     10-Jul-2020     1556
  • alternative title 11:52     10-Jul-2020     1196
  • alternative title 11:50     10-Jul-2020     1095
image title here

Some title