QALA NEWS

28 Mart Cümə axşamı

Bakı 8˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 18 May 2022, 13:30
Uşaqlarda davranış pozuntuları

Hər bir ana dünyaya övlad gətirdiyi məqamı ömrünün ən xoşbəxt anı, övladlarını isə tanrının ən dəyərli hədiyyəsi hesab edir.

Uşaqlar həyatımızın sevincidir. Ancaq cəmiyyətə sözün hər mənasında dəyərli vətəndaş təqdim etmək məsuliyyətli və çətin işlərdən biridir. Belə ki, tərbiyə diqqət və inadkarlıqsız mümkün olmayan, uzun müddət yorulmadan gecə-gündüz zəhmət tələb edən, çoxşaxəli bir prosesdir. Bütün bunları nəzərə alsaq, valideynlərin tez-tez müxtəlif çətinliklərlə qarşılaşması təsadüfi deyil. Belə çətinliklərdən biri valideynlərin dili ilə desək "uşaqların özlərini pis aparmasıdır". Elmi dildə isə "davranış pozuntusu" adlandırdığımız psixoloji termindir.

Davranış pozuntularının bir çox səbəbləri ola bilər, lakin hal-hazırda biz bunlardan ən vacibləri və onları aradan qaldırma yolları barədə danışacağıq.

Birinci səbəb - diqqət uğrunda mübarizə.

Bu ən çox yayılmış səbəblərdən biridir. Əgər uşaqlar valideynlərindən, yaxud onları əvəz edən şəxslərdən lazımi qədər diqqət almırlarsa, onlar fikir cəlb etməyin ən asan yolunu tapırlar - sözə baxmamaq! Əminsiniz ki, ovladınız qışqırmadıqda, dalaşmadıqda, sizi narahat etmədikdə belə, ona kifayət qədər diqqət yetirirsiniz? Adətən məhz neqativ hallarda valideynlər öz vacib işlərini qoyub uşaqları ilə məşğul olmağa can atırlar. Uşaqlar yaşlarının az olmasına baxmayaraq şüuraltı bütün bu xırdalıqları mütləq hiss edirlər. Beləliklə, unutmayın, normal inkişaf üçün sizin diqqətiniz övladlarınıza su və qida qədər vacibdir!

Nə etmək olar?

İlk növbədə özünüzlə səmimi olun, həqiqətən övladınıza az diqqət ayırdığınızı düşünürsünüzsə, onunla ünsiyyətinizi artırın, imkan olduqca ona olan müsbət münasibətinizi nümayiş etdirin. Çalışın bunu neytral vəziyyətlərdə, aranızda heç bir narazılığın baş vermədiyi məqamlarda həyata keçirəsiniz ki, hər biriniz situasiyani aydın şüurla qiymətləndirəsiniz. Ailənizin gündəlik həyatına bacardığınız qədər (həddini aşmamaq şərtilə) ənənələr qatın: birlikdə gəzin, oyunlar oynayın, maraqlarınızı bölüşün, birlikdə süfrə başına toplaşın, ancaq unutmayın hər iki valideyinin diqqəti eyni dərəcədə övladınız üçün önəmlidir və biri digərini əvəz etmir. İstənilən uşaq ona olan qayğını müəyyən dərəcədə özünəməxsus qiymətləndirir. Belə hallarda siz də onu kiçik dəcəlliklərinə görə danlamayın, daha sakit, dözümlü, mehriban olun. Övladınızıa onun davranışından asılı olmadan çox sevdiyinizi gostərin. Onun şəxsiyyətini davranışından ayırmağı öyrənin. Yəni, o xoşagəlməz hərəkətlər edirsə bu onun "pis uşaq" olması demək deyil, pis hərəkət etməsi deməkdir. Tərbiyə prosesində bütün bunları nəzərə alsanız,  bir neçə müddətdən sonra övladınızın yaxşıya doğru dəyişdiyini gördükdə öz uğurlarınıza mütləq sevinəcəksiniz.

İkinci səbəb - müstəqillik uğrunda mübarizə.

Hədsiz diqqət, valideynlərin övladlarını təhlükədən qorumaq məqsədilə hər saniyə yanında olması uşaqları bezdirir və onlar azadlıq, müstəqillik uğrunda mübarizəyə başlayır. Artıq iki yaşında uşaq inadkarcasına və möhkəm səslə "mən özüm" deyə hər biri işi özü köməksiz etməyə səy göstərir. Adətən valideynlər buna əsəbləşir, axı uşağı öyrətməyə cəhd etmədən daha az vaxt və güc sərf etməklə həmin işi uşağın əvəzinə  görmək daha asandır. Əslində onları hiperhimayə etməklə azadlıqlarını çərçivəyə alır, məsuliyyətsiz böyümələrinə təkan veririk.

Nə etmək olar?

Burada birinci vəziyyətin əksinə olaraq övladınıza qarşı diqqəti azaldın, onun hər hərəkitini idarə etməkdən əl çəkin. Əgər özü çətinliklə də olsa nəyi isə edə bilərsə onun əvəzinə bu işi görməyin. Övladınıza həddindən artıq çətin və ya əksinə həddindən artıq asant tapşırıqlar verməyin. Hər bir halda uşaqlara öz səhvləri üzərində öyrənmək imkanı yaradaraq onlara dayaq olun. Artıq üç yaşından övladınıza seçim hüququ verin və seçimlərinin istər mənfi, istərsə də müsbət nəticələrini ona göstərin.

Üçüncü səbəb - intiqam.

Uşaqlarda intiqam arzusu müxtəlif səbəblərdən yarana bilər: inciklik, qısqanclıq, yerinə yetirmədiyiniz vəd və ya günahsız olduğu halda cəza və s., bu siyahını çox uzatmaq olar. Bəzən uşaqlar böyüklərin tənqidlərinə şüuraltı belə cavab verirlər: "sənin fikrincə mən pisəm? Əslində sən hələ mənim pisliyimi görməmisən, mən sənə göstərərəm!"

Nə etmək olar?

İlk öncə hansı səbəbdən sizi günahlandıra biləciyini özünüz üçün aydınlaşdırın. Bunu uşaqdan soruşmayın, özünüz düşünün. Bəlkə digər övladınıza daha çox diqqət ayırırsınız, bəlkə söz verdiyiniz oyuncağı almaq yadınızdan çıxıb, bəlkə ona qoyduğunuz qadağa övladınızın ürəyincə deyil?! Ancaq unutmayın onun ürəyincə olmayan hər şeyi dəyişmək məcburiyyətində deyilsiniz! Əgər qadağalar onun xeyri üçün qoyulubsa, sizin kapriziniz deyilsə bunu sadəcə ona başa salmağa çalışın. Digər hallarda isə günahınızı boynunuza almağı və səfinizi düzəltməyi öyrənin.

Dördüncü səbəb - özünə inamın itirilməsi.

Daimi tənqidlər, uğursuzluq, yaşıdları tərəfindən qəbul olunmamaq və ya alçaldılma hətta, yaşlı insanları belə sındıra bilər. Belə hallarla daima qarşılaşan uşaq özünə inamı itirir və bu nəticəyə gəlir: "Mən nə etsəm də heç vaxt məndən razı qalmırsınız. Siz böyüklər nəyi necə etməyi daha yaxşı bilirsiniz. Çalışmaq nəyə gərəkdir ki?! Onsuz da heç nə alınmayacaq. Mən pisəm, amma heç vecimə də deyil!

Nə etmək olar?

Bu situasiya ən çətin vəziyyətdir və zərgər daqiqliyini tələb edir. Uşaqdan daima yaxşı davranış tələb etməyi dayandırın. Ona dincəlmək, uşaqlığından həzz almaq üçün imkan yaradın. Axı siz özünüz də mükəmməl deyilsiniz. Hər bir insanın bu və ya digər sahədə bacarıqları var, övladınıza öz istedadını tapmaqda yardımçı olun. Onu digər uşaqlarla heç zaman müqayisə etməyin. Müqayisə ancaq onun özü ilə gərəklidir ki, nəticələrini qiymətləndirə bilsin: bu gün daha yaxşı idi və s. Tərif üçün məqamlar axtarın, ən xırda müsbət dəyişiklikləri belə qiymətləndirin, kiçik nəticələri belə canfəşanlıqla vurğulayın. Özünə hiss etdirmədən böyük uğursuzluqlardan onu qoruyun.

Tezliklə işinizin nəticəsini gözləməyin, o mütləq olacaq ancaq bu vəziyyətin digərlərindən daha ağır olduğuna görə sizdən uzun vaxt və səbr tələb edir.

Unutmayın hər bir uşaq individual yanaşma tələb edir. Davranış pozuntusunun səbəbini araşdırmaq vacibdir ki, ona uyğun korreksiya həyata keçirilsin.

Bu işi valideynlik təcrübənizə arxalanaraq təklikdə də yerinə yetirə bilərsiniz, əgər bacarmasanız,psixoloqa müraciət etməyiniz vacibdir.




Baxış sayı: 285



OXŞAR XƏBƏRLƏR