QALA NEWS

28 Mart Cümə axşamı

Bakı 8˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 03 Jun 2023, 11:10
Heydər Əliyev Mərkəzində Xalq yazıçısı Maqsud İbrahimbəyova həsr edilən kitabın təqdimatı olub
İyunun 2-də Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikasının Dövlət Mükafatı laureatı, Xalq yazıçısı Maqsud İbrahimbəyova həsr edilmiş “Maqsud əbədidir” kitabının təqdimatı və “Bağçadakı rahat yer” tamaşasının premyerası olub.

“Qalanews” xəbər verir ki, əvvəlcə Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzinin direktoru və yazıçının həyat yoldaşı Anna İbrahimbəyova tədbir haqqında məlumat verərək, təqdim olunan kitab haqqında fikirlərini bölüşüb. O deyib: "Bu gün mənim üçün çox xoş bir gündür. Ona görə ki, bu gün biz Heydər Əliyev Mərkəzində Maqsud İbrahimbəyova həsr olunmuş kitabın təqdimatına yığışmışıq. Heydər Əliyev Fondunun dəstəyi ilə nəşr olunan “Maqsud əbədidir” (“Максуд навсегда”) kitabı Azərbaycan və rus dillərində hazırlanıb. Sənədli povest janrındakı kitab dünyaşöhrətli yazıçı, nasir, kinodramaturq, rejissor, Azərbaycan Respublikasının "Şöhrət", "İstiqlal" və "Şərəf" ordenlərinin laureatı, 2012-ci ildə Ədəbiyyat üzrə Nobel mükafatına namizəd Maqsud İbrahimbəyovun zəngin həyatı barədə məlumatları çatdırır. Mən buna görə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya öz təşəkkürümü bildirirəm. Kitab möhtəşəm alınıb”.

Onun sözlərinə görə, kitabın müəllifi Əməkdar jurnalist Nadejda İsmayılova Maqsud İbrahimbəyovla 60 ildən çox dostluq edib. Kitab təkcə Maqsud İbrahimbəyov haqqında olan xatirələrdən ibarət deyil, bu, əsl bioqrafik romandır.

TASS agentliyinin baş direktorunun birinci müavini Mixail Qusman Maqsud İbrahimbəyov haqqında xoş təəssüratlarını bölüşüb: "Mənə görə Maqsud İbrahimbəyov təkcə Azərbaycan deyil, bütün dünya ədəbiyyatı üçün bir tapıntıdır. O, həqiqətən böyük yazıçı, Azərbaycan üçün fəxr olunası vətəndaş, həmçinin gözəl bir dost idi. Onun kitabları həmişə yaşayır və yaşayacaq. Azərbaycan nəinki incəsənət, ədəbiyyat sahəsi üzrə, həmçinin elm istiqaməti üzrə də dünyaya böyük şəxsiyyətlər bəxş edib. Bu cür üstün şəxsiyyətlərdən biri də Maqsud İbrahimbəyovdur. Biz onunla nəinki dost olmuşuq, hətta ən doğma insan kimi tez-tez görüşür və müxtəlif mövzularda söhbətlər edirdik. Onunla ünsiyyətdə olmaq xüsusi zövq verirdi və bunun sehrini heç cür izah etmək olmur. Böyük şəxsiyyətlərin möhtəşəmliyi də elə bundadır".

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti Fərhad Bədəlbəyli tədbirin əhəmiyyətindən danışaraq Maqsud İbrahimbəyovun yaradıcılığından söz açıb: "İki həftə bundan əvvəl biz Anna xanımla Vilnüs şəhərində olduq. Mən orada yerli Filarmoniyanın səhnəsində konsert proqramı ilə çıxış edirdim. Anna xanımın təşəbbüsü ilə həmin Filarmoniyanın foyesində möhtəşəm sərgi təşkil olunmuşdu. Sadəcə görmək lazım idi ki, litvalilar bu sərgini necə heyranlıqla qarşılayırdılar. Həm o sərgiyə görə, həmçinin Heydər Əliyev Mərkəzində keçirilən bugünkü təqdimata görə mən Anna xanımı ürəkdən təbrik etmək istəyirəm. Maqsud İbrahimbəyov unudulmaz insanlardandır. Bu cür böyük şəxsiyyətlər bizim həyatımızın ən gözəl səhifələridir. Onun yaradıcılığında Azərbaycan xalqının milli xüsusiyyətləri, adət-ənənələri, xüsusilə Bakının özünəməxsus koloritinin təsviri yaddaqalan tərzdə əksini tapıb. Mən yazıçı Eyyub Qiyasa da təşəkkür etmək istərdim, çünki tərcümə çox əsas məsələlərdəndir ki, bu işi də o, öz boynuna götürdü və etdi. Bu işdə əziyyəti keçən hamıya öz təşəkkürümü bildirirəm".

Sonra yazıçı Eyyub Qiyas çıxışında təqdimatın keçirilməsindən məmnunluğunu bildirərək, deyib: "Maqsud İbrahimbəyov nəyə görə hələ də oxucu üçün maraqlıdır? Nə üçün onun povestləri, hekayələri, pyesləri, filmləri bizi heyrətləndirir? Oxucu bütün bu suallara cavabı təqdim olunan kitabdan ala biləcək. Kitabın əsasını Maqsud İbrahimbəyovun öz fikirləri təşkil edir. Həyatı barədə mətbuata verdiyi müsahibələri, gördüyü sevimli işinə dair düşüncələri, dostları və həmkarları ilə apardığı şəxsi söhbətləri və s. Hamımızın sevdiyi “Bizim Cəbiş müəllim”, “Uşaqlığın son gecəsi” filmlərinin ssenari, “Mezozoy əhvalatı”, “Sən nəğməmsən mənim”, “Truskavetsə kim gedir?”, “Bütün yaxşılıqlar üçün – ölüm!” və digər əsərlərin müəllifi Maqsud İbrahimbəyovun oxucu və tamaşaçılarının sayı milyonlarladır. Çünki onun təbliğ etdiyi dəyərlər əbədilik kateqoriyasındandır".

Tədbir iştirakçıları, eyni zamanda Mərkəzin foyesində Maqsud İbrahimbəyovun ssenarisi əsasında 1960-1970-ci illərdə çəkilmiş bir sıra filmlərin afişası və bu ekran əsərlərindən kadrlarını əks etdirən fotosərgi ilə tanış olublar. Sərgidə “Uşaqlığın son gecəsi”, “Bizim Cəbiş müəllim”, “Ən vacib müsahibə”, “De ki, məni sevirsən!”, “Bayquş gələndə”, “Yarımçıq qalmış mahnı” filmlərinin afişaları və fotolar yer alıb.

Daha sonra “Bağçadakı rahat yer” tamaşasının təqdimatı keçirilib. Rejissor Tərlan Rəsulov tərəfindən səhnələşdirilən eksperimental interaktiv tamaşa Maqsud İbrahimbəyovun “Bağçada rahat yer”, “Püstə ağacı” və “Əlvida, Miledi!” hekayələri əsasında hazırlanıb. Əsərlər bir neçə onillik bundan əvvəl yazılsa da, nəinki aktuallığını qoruyub-saxlayır, hətta öz antimüharibə ovqatı sayəsində gündəmi təşkil edir. Bununla yanaşı, köhnə Bakı, nəsillərarası varislik və Azərbaycan xalqının ən mürəkkəb şəraitdə belə istənilən sınaqların öhdəsindən gəlməyə qadir olan həmrəylik mövzuları hər üç hekayədə qırmızı xətlə keçir.

Rollarda Əməkdar artistlər Elşən Rüstəmov, Mələk Abaszadə, Şahin Növrəsli yer alıb. Gənc azərbaycanlı musiqiçi və bəstəkar Şahin Növrəsli tamaşaboyu, həmçinin royal arxasında musiqi kompozisiyaları ifa edib.

Qeyd edək ki, ölkəmizdə böyük yazıçının xatirəsi hər zaman əziz tutub. Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzi təsis edilib. Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu tərəfindən Yaradıcılıq Mərkəzinin yerləşdiyi binada əsaslı təmir və bərpa işləri aparılıb və mərkəz 2018-ci ildən istifadəyə verilib.



Baxış sayı: 149



OXŞAR XƏBƏRLƏR