QALA NEWS

19 Aprel Cümə

Bakı 18˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 20 May 2023, 11:39
Jurnalistlər Günnüt əməliyyatı nəticəsində azad olunan ərazilərdə olublar
Müdafiə Nazirliyinin təşkilatçılığı ilə bir qrup media nümayəndəsinin Naxçıvan Muxtar Respublikasına səfəri təşkil edilib.

"Qalanews”un Naxçıvana ezam olunan əməkdaşının məlumatına görə, səfərin məqsədi Günnüt əməliyyatının 5-ci ildönümünü qeyd etmək və Naxçıvanda Azərbaycan Ordusunun fəaliyyəti ilə tanış olmaq olub.

İştirakçılar ilk olaraq Şərur rayonunda Günnüt əməliyyatı nəticəsində azad olunan ərazilərə baş çəkiblər.

Bildirilib ki, Günnüt əməliyyatı hərbi-strateji, siyasi, mənəvi və psixoloji cəhətdən həm Azərbaycan, həm də düşmən üçün ciddi nəticələrlə yadda qalıb.

Sonra media nümayəndələri Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun Xüsusi Təyinatlı Bölməsinin (XTB) nümayişlərini izləyiblər. XTB mənsubları yüksəklikdən enmə, bıçaq atışları, şərti düşmən qruplarının daxilinə sızma, şərti düşmənin naməlum obyektlərinə pusqu-basqı əməliyyatlarını nümayiş etdiriblər.

Daha sonra Əlahiddə Ümumqoşun Ordunun Təlim-Tədris Mərkəzində Günnüt əməliyyatının 5-ci ildönümü münasibətilə "Günnüt - Qarabağa gedən yol" adlı tədbir keçirilib.

Tədbirdə əvvəlcə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.

Əlahiddə Ümumqoşun Ordunun zabiti, polkovnik Fariz Sərxanov, polkovnik Cəlil Məmmədov və Zəfər ordenli polkovnik Haqverdi Dadaşov çıxışlarında ordumuzun qüdrətindən və Günnüt əməliyyatının əhəmiyyətindən danışıblar. Bildirilib ki, 2016-cı il Aprel döyüşləri Azərbaycan Ordusunun hərbi qüdrətini göstərdisə, 2018-ci il Günnüt əməliyyatı zamanı qazanılan strateji yüksəklik və ərazilər Azərbaycan Ordusunun nə qədər böyük manevr qabiliyyətinə malik olduğunu təsdiq etdi. Beləliklə, döyüş meydanında təcrübə qazanan ordumuz Vətən müharibəsində düşməni məğlub edərək torpaqlarımızı işğaldan tam azad etdi.

Uğurlu Günnüt əməliyyatının igid hərbi qulluqçularının da iştirak etdiyi tədbirdə ordumuzun qüdrətindən bəhs edən videoçarxlar nümayiş olunub, əsgər və şagirdlər vətənpərvərlik ruhunda şeirləri bədii qiraət ediblər.

Daha sonra Naxçıvandakı “N” saylı hərbi hissədə şəxsi heyət üçün yaradılan şəraitlə tanışlıq olub, onların xidməti-döyüş fəaliyyəti yoxlanılıb.

Jurnalistlərə məlumat verilib ki, şəxsi heyətin xidməti və məişət şəraitinin yaxşılaşdırılması məqsədilə əsaslı təmir olunmuş hərbi şəhərcik ərazisində qərargah, yeməkxana, tibb məntəqəsi, əsgər yataqxanaları, hamam-camaşırxana, avtomobil parkı, müxtəlif təyinatlı anbarlar, eləcə də digər infrastruktur obyektləri mövcuddur. Burada döyüş hazırlığının və qoşun xidmətinin yüksək səviyyədə təşkili, döyüş əməliyyatları zamanı bölmələrin operativ idarə olunması, eləcə də digər qoşun növləri ilə qarşılıqlı əlaqənin təmin edilməsi üçün müasir kommunikasiya və informasiya vasitələri ilə təchiz olunmuş idarəetmə mərkəzi, rabitə qovşağı və digər xidməti otaqlar var.

Diqqətə çatdırılıb ki, müharibədən sonrakı dövrdə də Naxçıvanda ordu quruculuğu prosesi yeni reallığa uyğun formalaşdırılmaqda davam edir. Mövcud qoşun növlərinin təkmilləşdirilməsi, yeni qoşun növlərinin yaradılması bu prosesin tərkib hissəsidir. İkinci Qarabağ müharibəsində özlərini ən yaxşı cəhətdən göstərən Xüsusi Təyinatlı Qüvvələrin təkmilləşdirilməsi, eyni zamanda, xüsusi təyinatlı yeni qüvvələrin yaradılması həm də o deməkdir ki, Azərbaycan regiondakı istənilən ssenariya hazırdır.

Qeyd edək ki, 2018-cı il mayın 20-dən 27-dək Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun əks-həmlə əməliyyatı nəticəsində Şərur rayonunun Günnüt kəndi, Ağbulaq yüksəkliyi, Qızılqaya dağı, Qaraqaya dağı düşməndən azad olunub, Dərələyəz mahalının Arpa kəndi isə Azərbaycan Ordusunun nəzarəti altına keçib. Döyüşlər nəticəsində ümumilikdə 11 000 hektarlıq ərazi ermənilərdən təmizlənib. Əməliyyat Azərbaycan Silahlı Qüvvələrinə İrəvan-Yeğeqnadzor-Gorus-Laçın-Xankəndi avtomobil yoluna nəzarət etməyə imkan verib.

Hərbi əməliyyatlar zamanı Azərbaycan Silahlı Qüvvələrinin əsgəri Adil Tatarov şəhid olub. Azad edilən ümumilikdə 11 000 hektara yaxın ərazinin 8 min hektardan artığı əkin üçün, xüsusilə dəmyə əkinçiliyi üçün yararlı ərazilərdir. Həmin ərazilərdə həm taxılçılıq, üzümçülük, həm də maldarlıq, qoyunçuluq və arıçılığın inkişaf etdirilməsi üçün münbit şərait var.




Baxış sayı: 139



OXŞAR XƏBƏRLƏR