QALA NEWS

28 Mart Cümə axşamı

Bakı 8˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 24 Mar 2023, 14:25
ÜST Azərbaycanda 8 dövlət tibb müəssisəsində qiymətləndirmə aparıb
Koronavirus (COVID-19) pandemiyası bütün dünyada olduğu kimi Azərbaycanda da əhalinin təcili və təxirəsalınmaz tibbi yardım xidmətinə olan tələbatını kəskin surətdə artırmış oldu. Bu tələb xəstəxanaların potensialını aşmaqla bərabər, təcili yardım sisteminin (TYS) təşkili və idarəolunmasının yaxşılaşdırılması, müvafiq tibb təhsili və səhiyyədə fövqəladə hallara hazırlığın gücləndirilməsi ehtiyacını yaratdı. Bu ehtiyacın qarşılanmasının və xidmətin keyfiyyətinin artırılmasının vacibliyini nəzərə alan Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) dəstəyi ilə ölkədə TYS-nin gücləndirilməsinin dəstəklənməsi istiqamətində tədbirlər planı həyata keçirir. Bu tədbirlərin tərkib hissəsi kimi 22 fevral-18 mart tarixlərində ölkədə təcili yardım şöbələrinin potensialının strateji qiymətləndirilməsi həyata keçirilib.

Qalanews   xəbər verir ki, bu barədə ÜST-dən bildirilib. Məlumata görə, ÜST-nin ekspert missiyasının yerli səhiyyə qurumlarının təmsilçiləri ilə birgə Bakı şəhəri və Şamaxı rayonundakı seçilmiş 8 dövlət tibb müəssisəsində apardığı qiymətləndirmədə ÜST tərəfindən hazırlanmış Xəstəxananın Təcili Yardım Şöbəsinin Qiymətləndirilməsi Alətindən istifadə olunub.

Qeyd edilib ki, qiymətləndirmə aləti fevralın 23-də missiyanın və yerli səhiyyə qurumlarının iştirakı ilə keçirilən görüşdə təqdim edilib və onun tətbiqi barədə razılıq əldə olunub. ÜST-nin bu alətdən istifadədə məqsədi təcili tibbi yardım xidmətini müəssisə daxilində qurmaq, əsas boşluqları və təkmilləşdirilməli olan sahələri müəyyən etmək və xəstəxanalar üçün fərdi təkmilləşdirmə planı hazırlamaqdır. Bunun nəticəsində tibb müəssisələrinə xidmət keyfiyyətinin yaxşılaşdırılması üçün təcili müdaxilələr üzrə tövsiyələr və təcili tibbi yardım üzrə milli keyfiyyət standartlarının yenilənməsi üçün məsləhətlər veriləcək.

Ümumilikdə 4 sahəni (xəstəxananın xüsusiyyətləri, insan resursları, klinik xidmətlər, siqnal funksiyaları) əhatə edən qiymətləndirmə prosesi 3 mərhələdə həyata keçirilir. Artıq başa çatmış hazırlıq və icra mərhələlərində missiya tərəfindən xəstəxanaların rəhbərləri proses haqqında məlumatlandırılıb, təcili və təxirəsalınmaz tibbi yardım, radiologiya və reanimasiya şöbələri, həmçinin laboratoriya, palatalar və əməliyyat otaqlarına baxış keçirilib. Sonuncu mərhələ olan hesabatın hazırlanması isə bu ilin aprel ayında başa çatacaq və yekun sənəd yerli səhiyyə qurumlarına təqdim olunacaq.

Qiymətləndirmə missiyası USAID-in dəstəyi ilə ÜST tərəfindən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və TƏBİB-lə əməkdaşlıqda həyata keçirilən “Azərbaycanda pandemiyaya cavab tədbirləri” layihəsi çərçivəsində fəaliyyət göstərir.



Baxış sayı: 138



OXŞAR XƏBƏRLƏR