QALA NEWS

19 Aprel Cümə

Bakı 18˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 03 Nov 2022, 11:25
Aleksey Kuleba: “Biz qələbəyə köklənmişik, başqa fikrimiz yoxdur” - MÜSAHİBƏ
Rusiyanın Ukraynaya qarşı müharibəsi dünya siyasətinin gündəmində əsas məsələ olaraq qalmaqda davam edir. Kiyev Vilayət Dövlət Administrasiyasının rəhbəri Aleksey Kuleba “Report”un Şərqi Avropa Bürosuna müsahibəsində Ukraynada baş verən son hadisələr, Kiyev vilayətindəki vəziyyət, son hücumlar zamanı ciddi ziyan dəymiş energetika infrastrukturunun durumu barədə məlumat verib.

- Oktyabrdakı nisbi sakitlikdən sonra Rusiya Ukrayna paytaxtına və ölkənin digər şəhərlərinə kütləvi hava hücumlarını bərpa edib. Bu aviazərbələr nəticəsində şəhər və vilayət infrastrukturuna nə qədər ziyan dəyib, maddi ziyan nə qədərdir? Yenə insan tələfatı olubmu?

- Oktyabrın 10-11-də və 17-18-də havadan və Rusiya ərazisindən vilayətin mühüm infrastruktur obyektlərinə və yaşayış məntəqələrinə raket zərbələri endirilməsi davam etdirilib. Təəssüf ki, itkilər də olub – 1 nəfər ölüb, 10 nəfər yaralanıb və onların hamısı hərbi əməliyyatlarla heç bir əlaqəsi olmayan mülki şəxslərdir. Yaşayış infrastrukturunun dağıdılmasına gəlincə, 60 evə, əsasən də özəl sektora ziyan vurulub, onlardan 8-i tamamilə dağıdılıb. İnsanlar üçün bu, yeganə mənzil idi, indi onların qışı harada keçirəcəklərini tapmaq üçün çalışırıq. Çünki qarşıda bizi ən çətin dövr - qış dövrü gözləyir.

Digər məsələlərlə yanaşı, onu da qeyd etmək lazımdır ki, Rusiya ordusu kritik infrastruktur obyektlərimizi atəşə tutmağa davam edir, məqsəd bütün dünyaya aydındır. İndi elə vaxtdır ki, hər kəs baş verənləri görə və müşahidə edə bilər. Heç kimə sirr deyil ki, Rusiya ordusu bizi işıqsız, müvafiq olaraq susuz və istiliksiz qoymaq üçün enerji sistemimizi məhv etməyə başlayıb. Bu üsullarla bizi məhv etmək yolunu seçmək tamamilə qeyri-insanidir.

Buna baxmayaraq, demək istəyirəm ki, qısa zamanda bərpa oluna biləcək bütün infrastruktur bərpa olunub və hazırda daha çox vaxt tələb edən obyektlərdə təmir işləri davam etdirilir. Təəssüf ki, bu, bütün Ukrayna ərazisində elektrik enerjisinin verilməsində kəsilmələrin olmasına səbəb olub.

İndi biz enerji sistemini tarazlaşdırmaq üçün planlar və cədvəllər hazırlayırıq ki, insanlar kifayət qədər ciddi çətinlikləri nəzərə alaraq günlərini başa düşə və planlaşdıra bilsinlər. Bütün bunlar bir daha təsdiqləyir ki, Rusiya Silahlı Qüvvələrinin məqsədi danışdıqları informasiya tezisləri deyil, tamam başqa şeydir. Onlar bizi dövlət olaraq, xalq olaraq məhv etmək istəyirlər, amma işığımızın olub-olmamasından asılı olmayaraq, bunu bacarmayacaqlar. Onları məhv etməyə və torpaqlarımızdan qovmağa davam edəcəyik.

- Hamı bilir ki, bu zərbələrin əsas hədəfi mülki obyektlər, o cümlədən enerji obyektləridir. Vilayətdə nə qədər belə obyektə ziyan dəyib? Vilayətdə elektrik enerjisinin verilişində yaranmış kəsintilərin mövcud vəziyyətinin aradan qaldırılması üçün hansı operativ addımlar atılır? Hazırda əsasən istiliklə bağlı qışa hansı hazırlıq işləri görülür?

- Mühüm əhəmiyyət kəsb edən infrastruktura – enerji obyektlərinə gəlincə, bununla bağlı dəqiq rəqəm deməyəcəyəm, amma bir neçə enerji obyektinə qarşı ciddi hücumlar həyata keçirilib. Dağıntılar var. Üstəlik, bu obyektlər arasında ciddi ziyan dəymişləri də var və onların təmir edilməsi uzun müddət, məsələn 1 il sərf oluna bilər. Tez bir zamanda, operativ şəkildə lazım olan addımlar atılıb. Yəni ortamüddətli dövr – 1 ay üçün lazım olan hər şey edilib. Bu işlər ya icra edilib, ya da planlı şəkildə noyabrın ortalarına qədər həyata keçiriləcək.

Qeyd etmək istərdim ki, bu işdə əməyi keçən bütün energetiklər, hər bir kəs qəhrəmandır, çünki onlar hava həyəcanı siqnalına, yeni atəş risklərinə baxmayaraq, istehlakçıların, əhalinin elektrik enerjisi ilə təmin olunması üçün çalışıblar.

İsitmə mövsümünə və bu qış bizi gözləyən çağırışlara gəlincə, həqiqətən də bizi böyük çağırışlar gözləyir. İsitmə mövsümünün bizim üçün böyük çağırış olduğunu anlayırıq. Hərbi risklər, Rusiya ordusunun qeyri-adekvat hərəkətləri – onlar mühün əhəmiyyət kəsb edən infrastrukturumuzu məhv edir – səbəbindən bizim üçün qış mövsümü çətin keçə bilər və insanlar istilikdən və elektrik enerjisindən məhrum ola bilər. Amma biz buna hazırlaşırıq. Qış mövsümünü keçə bilməyimiz üçün planlarımız var.

Bizim üçün ən başlıca hədəf hər bir vətəndaşımızın həyatını qorumaqdır. Məsələn, Kiyev vilayətində 720 isitmə məntəqəsi qururuq. Buraya əsasən müəyyən sayda - 50-dən 300-ə qədər insanın yerləşə biləcəyi böyük inzibati binalar daxildir. Bu isitmə məntəqələrinin, inzibati binaların avtonom olması üçün işlər görürük. Bu avtonomluq 24 saatdan çox müddətə dözümlü olmalıdır. İndi bunun 72 saata və daha uzun müddətə qədər artırılması üzərində çalışırıq. Bu isitmə məntəqələrində lazımi isti əşyalar, qida ehtiyatı, su və təbii ki, rabitə vasitəsi olacaq. Çünki indi üzləşdiyimiz əsas problemlərdən biri odur ki, elektrik enerjisinin kəsildiyi ərazilərdə müəyyən müddətdən sonra rabitə ilə bağlı da problemlər yaranır.

- Bu dəfə hücumlarda İranın kamikadze-dronlarından istifadə edilir. Bu dronlara qarşı hansı tədbirlər görülür? İranın Ukraynaya qarşı təcavüzdə belə iştirakına cavab necə olmalıdır?

- Təəssüf ki, İran Ukraynaya qarşı istifadə edilən silahları Rusiyaya verməklə özünü Rusiyanın hərbi cinayətləri ilə eyni pilləyə qoydu. Məncə, bu cür hərbi cinayətlər törədən ölkələrin - Rusiya, Belarus, və yeni qoşulan İranın rəhbərləri cəzalandırılmalıdır.

Niyə Rusiya son 30 ildə qonşu ölkələrə - müstəqil dövlətlərə qarşı Çeçenistanda, Qafqazda və digər respublikalarda təcavüzkar hərəkətləri davam etdirir? Çünki bu 30 il ərzində o, heç bir siyasi və hərbi məsuliyyət daşımayıb. İndi də eyni şey Ukraynaya gəlib çatıb. Bu, tam cəzasızlıqdan xəbər verir. Dünya ictimaiyyəti buna yol verənləri məsuliyyətə cəlb etmək üçün bir yol tapmalıdır.

Ukrayna ərazisindəki İranın pilotsuz uçuş aparatlarına gəlincə, bu gün deyə bilərik ki, onlarla necə davranacağımızı aydın başa düşürük. Son hücumlar göstərdi ki, biz bu hava hədəflərinin ya 95, ya da 100 faizini vururuq. Bütün bunlar ona görədir ki, biz Kiyevə və Kiyev vilayətinə edilən ilk hücumlardan sonra adaptasiya olunmuşuq və indi bu hücumların mahiyyətini daha yaxşı başa düşürük. Hava hücumundan müdafiə qoşunlarımız 24/7 rejimdə daimi nəzarət həyata keçirir, potensial təhlükələri qiymətləndirir. Bu, bizə lazım olan yerlərdə əlavə müdafiə qüvvələri yaratmağa imkan verir. Əminəm ki, biz bundan sonra da səylərimizi artıracağıq və düşmənə nə İranın PUA-larının, nə də başqa silahların onlara kömək etməyəcəyini göstərəcəyik.

- Ümumiyyətlə, müharibənin ilk günləri ilə müqayisə aparsaq, Kiyevin hava hücumundan müdafiəsi nə dərəcədə yaxşı təşkil olunub? Ukraynaya yeni hava hücumundan müdafiə sistemləri verilirmi?

- Konkret rəqəm deməyəcəyəm, çünki bütün bunlar ona gətirib çıxarır ki, informasiya mənbələrdən, xüsusən də rəsmi mənbələrdən götürülür, müqayisə edilir və bizə qarşı istifadə olunur. Son hücumda Kiyev vilayəti ərazisində aşkar etdiyimiz hədəflər dəf edilib. Artıq bununla bağlı zarafatımız da var. Orada deyilir ki, müharibənin ilk günlərindəki şəhəri təcili tərk etmək, ərzaq ehtiyatı yığmaq və s. ilə bağlı elanlar artıq “Kiyevin hörmətli sakinləri, xahiş edirik ki, evdə olarkən avtomat silahlardan pilotsuz uçuş aparatlarını vurmayın” ilə əvəz olunub. Həyatımız beləcə dəyişib. Müharibənin ilk günlərində insanlar qorxurdularsa, özlərinin və ölkəmizin taleyinin necə cərəyan edəcəyini bilmirdilərsə, indi heç bir qorxu yoxdur, insanlar uyğunlaşıb və qələbəyə qədər dayanmağa hazırdırlar. Başqa fikrimiz də yoxdur, hamımız qələbəyə köklənmişik.

- Hazırda Ukraynaya şimaldan, Kiyev istiqamətində, Belarusdan hücumların mümkünlüyü müzakirə olunur. Bu nə dərəcədə realdır?

- Biz Belarusun müstəqil dövlət olduğunu düşünürdük, amma təəssüf ki, fevralın 24-də bu müstəqil ölkənin artıq olmadığını gördük. Onlar öz ərazilərini istifadə üçün tamamilə Rusiya ordusunun ixtiyarına veriblər. Belarus ərazisindən Kiyev vilayətinə böyük hərbi birləşmə daxil olub. Belə bir qonşumuz olduğu üçün buna hazır olmalıyıq. Bununla əlaqədar, aprel ayında hücumu dəf edib Kiyev vilayətinin ərazisini azad etdikdən dərhal sonra sərhədlərin möhkəmləndirilməsinə keçdik. Bu iş hər gün davam edir. Ərazi sərhədlərimizi elə möhkəmləndirəcəyik ki, düşmən sərhəddən uzağa, Kiyev vilayətinin dərinliklərinə və bununla da Kiyev şəhərinə gedə bilməsin.

- Müharibənin ilk günlərində Kiyev vilayətini çox adam tərk etdi. Kifayət qədər vaxt keçib. Nə qədər adamın geri qayıtması barədə məlumatınız varmı?

- Deyə bilərik ki, pik dövrlərdə 1 milyona yaxın insanın Kiyev vilayətini tərk etməsini qeydə almışıq. Müharibədən əvvəl vilayətin təxmini əhalisi 2,5 milyon nəfər idi. İndi həmin 1,5 milyonun 50%-i geri qayıdıb. Hadisələrin necə inkişaf edəcəyindən asılı olaraq, bəlkə də insanlar gedəcəklər. Bu, əsasən belə şəraitdə yaşamaqda çətinlik çəkən qadınlara və uşaqlara aiddir. Hadisələrin belə inkişafı mümkündür, bunu başa düşürük.

Amma ötən ay biz əksinə, kifayət qədər güclü axının şahidi olduq. İnsanlar ya xaricdən, ya da Qərbi Ukraynadan evlərinə qayıdırlar. Heç kim özünə məxsus olmayan evdə, vətənindən kənarda yaşamaq istəmir. İndi, ölkə çətin tarixi məqamda olanda babalarımızın, ulu babalarımızın etdiklərini etməliyik. Əlbəttə, insanlar burada olmaq və dəstək olmaq istəyirlər - indi istənilən yardıma çox ehtiyac var. Hər kəsin öz cəbhəsi var, hətta bu gün sadəcə küçəni süpürən adam da rol oynayır. Ona görə də belə yekunlaşdıra bilərəm ki, həyat səviyyəsi pisləşsə, işıqsız, istiliksiz qalsaq, təbii ki, insanlar gedəcək. Amma vəziyyət sabitləşərsə, əhalimizin geri axınını gözləyirik.



Baxış sayı: 208



OXŞAR XƏBƏRLƏR