QALA NEWS

29 Mart Cümə

Bakı 7˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 01 Jul 2022, 20:00
SON DƏQİQƏ: Putin anlaşmanı İŞƏ SALDI - Moskvadan Bakıya KRİTİK MESAJ

Politoloq Elçin Mirzəbəyli Teleqraf.com-a müsahibə verib.

Qalanews onunla müsahibəni təqdim edir.

– Rusiyalı jurnalist Vladimir Solovyov separatçı David Babayanı efirə çıxardığı üçün iki dəfə Azərbaycandan üzr istədi. Bu, indiyədək nə Rusiya mediasından, nə də ermənilərlə işbirliyində olan Solovyovdan gördüyümüz bir şeydir. Necə düşünürsünüz: bunlar Rusiya ilə informasiya təhlükəsizliyi sahəsində imzalanmış anlaşmanın işə düşməsiylə bağlıdırmı?

– İkinci üzr sübut edir ki, saziş işləyir, eyni zamanda, Moskva Azərbaycan və Rusiya arasında imzalanmış müttəfiqlik haqda anlaşmaya daha ciddi yanaşmağa başlayıb. Çünki Solovyovun birinci üzrü günahından betər idi. O, birinci üzründə faktiki olaraq, separatçıları “tərəf” kimi təqdim etmişdi. Buna görə də onu üzr saymaq olmazdı.

Digər yandan, Solovyov jurnalistikanın prinsiplərini pozmasından danışır. Solovyov təkcə jurnalistikanın yox, siyasi etik normaları, ümumiyyətlə, bütün bəşəri və əxlaqi dəyərləri pozaraq gəlir. Bu adamın mediaya heç bir aidiyyəti yoxdur.

Solovyov primitiv təbliğatçı və təxribatçıdır. Nə qədər ki Rusiya mediasında belə adamlar var, Moskvanın post-sovet məkanındakı etimad və nüfuzuna böyük ziyan dəyəcək. Bu şəxslərin məqsədi Rusiyanı tamamilə təkləməkdən ibarətdir. Çünki bu halda Rusiyanın belələrinə daha çox ehtiyacı olacaq.

– Ümumiyyətlə, bir məsələ diqqət çəkir ki, həmişə Rusiya və Azərbaycan arasında hansısa anlaşma əldə ediləndə və ya görüş baş tutanda dərhal şimaldan müəyyən şəxslərin dilindən ölkəmizə qarşı təxribatçı mesajlar gəlməyə başlayır. Sizcə, bu, nə ilə bağlı ola bilər?

– Şübhəsiz ki, bu, ilk növbədə Rusiyadakı erməni diasporu və lobbisi ilə bağlı olan məsələdir. Uzun illərdən bəri həm bu insanlar, həm də Rusiya mediasında kök salmış ermənilər Ermənistanın Azərbaycan ərazilərini işğal etməsi faktorundan və Rusiya ilə münasibətlərimizi pozmaqdan böyük qazanlcar əldə ediblər. Bu sırada Rusiya Dövlət Dumnasının bəzi deputatları, bu ölkənin dövlət və özəl media qurumlarında təmsil olunan, mədəniyyət, biznes və incəsənət şəbəkələrinə daxil olan müəyyən insanlar da var. Həmin insanlar Azərbaycan xalqının faciəsi üzərindən böyük vəsaitlər qazanıblar.

Əslində, indiki məqamda belə davranışlar sərgilməklə öz missiyalarını davam etdirdikləri mesajını verirlər. Eyni zamanda, aldıqları sifarişləri icra edirlər. Əgər Azərbaycanla münasibətləri normallaşırsa, bu, Rusiyanın maraq və mənafelərinə uyğundur. Bununla Rusiyanın təkcə Cənubi Qafqazda yox, daha geniş arealda nüfuzu artmış olur.

Azərbaycan ərazi baxımından böyük dövlət olmasa da, Cənubi Qafqaz və Mərkəzi Asiyaya təsir nöqteyi-nəzərindən kifayət qədər ciddi nüfuza malik dövlətdir. Buna görə də, Azərbaycanla münasibətlərin inkişafı Rusiyanın özünün maraqlarına xidmət edə bilər. Həmçinin Rusiya-Azərbaycan münasibətlərində normallaşma, qarşılıqlı anlayış və etimada əsaslanan əlaqələr olduqca, bu, Ermənistan və erməni diasporunun Moskvadakı önəmini minimuma endirir. Bunun qarşısının alınması üçün də zaman-zaman Azərbaycana qarşı informasiya müharibəsi aparılır, yaxud buna cəhd edilir.

– Rusiya Baş naziri Mixail Mişustin Azərbaycana səfər edəcək. Ondan əvvəl xarici işlər naziri Sergey Lavrov da Bakıda olmuşdu. Üstəgəl, Rusiya Prezidenti Vladimir Putin azərbaycanlı həmkarı İlham Əliyevlə son görüşündə iki ölkə arasındakı birgə planların həyata keçirilməsinin vacibliyini bildirdi. Rusiyanın bu fəallığı nədən xəbər verir, yaxud şimal qonşumuz bizdən nə istəyir?

– Bugünkü geosiyasi durum Rusiyanın Şərqə açılımını zərurətə çevirib. Əslində, Rusiya həmişə mental və ərazi baxımından Şərq ölkəsi olub. Amma tarixin ayrı-ayrı dövrlərində Rusiyanı Avropa dövlətinə çevirmək cəhdləri edilib. Bu cəhdlərsə Rusiyada çevrilişlərə, ciddi dəyişikliklər və problemlərə yol açıb. Bəlli olduğu kimi, bu gün Ukraynadakı müharibəyə görə Rusiyaya sanksiyalar tətbiq olunur. Bu səbəbdən artıq Şərqi Avropada da Rusiyaya qarşı ciddi müqavimət formalaşıb.

Eyni zamanda, NATO-nun Madriddəki son sammitində qəbul edilmiş konsepsiyada Rusiya “əsas təhdid” faktoru kimi qeyd edilib, bu da çox ciddi mesajdır.

Gələcəkdə yeni bazarların tapılması, iqtisadi əlaqələrin qurulması, nəqliyyat və digər bu kimi sahələrdə əməkdaşlığın davam etdirilməsi üçün Xəzər hövzəsi regionu və Asiya qitəsi Rusiya üçün böyük əhəmiyyət kəsb edir. Bu nöqteyi-nəzərdən Azərbaycan bölgənin habına çevrilmiş, ciddi nəqliyyat-logistika imkanları və Mərkəzi Asiyaya daha qısa çıxış yolu olan dövlətdir. Azərbaycan özünün öhdəliklərinə sadiq olan və bu kontekstdə ciddi nüfuz qazanmış bir dövlət kimi bütün dünya ölkələri üçün cazibədar və maraqlıdır.

Rusiyanın Şərqə açılmı, əlaqələrin qurulması və inkişaf etdirilməsi üçün Azərbaycan mühüm əhəmiyyət kəsb edir. Təbii ki, burada Türkiyə faktoru da var. Buna görə də düşünürəm ki, Azərbaycana edilən səfərlər yeni kommunikasiya xətlərinin açılması, Zəngəzur dəhlizinin işə düşməsi, eləcə də bundan sonra davamlı olaraq həyata keçiriləcək layihələrin perspektivi baxımından Rusiya üçün mühüm əhəmiyyət daşıyır.

– Rusiyanın bundan sonra Azərbaycanla imzaladığı sazişlərə ciddi yanaşacağını dediniz. Sizcə, Rusiyanın dəyişən bu yanaşması 10 noyabr bəyanatına da şamil ediləcəkmi?

– Məsələ budur ki, Rusiya və Azərbaycan arasında imzalanmış müttəfiqlik haqda bəyannamə özündə çox ciddi istiqamətləri ehtiva edir. Bu, olduqca önəmli sənəd sayılmalıdır. Həmin sənəddə qarşılıqlı olaraq ölkələrin ərazi bütövlüyü və suverenliyinin dəstəklənməsi, həmçinin separatizm və terrorizmə qarşı birgə mübarizənin təşkili faktoru, düşünürəm ki, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdikləri Azərbaycan ərazilərində yaşayan etnik ermənilərin davranışlarına da öz təsirini göstərməlidir.

Çünki Rusiya təkcə 10 noyabr bəyannaməsi ilə yox, həm də müttəfiqlik anlaşması ilə bu yöndə üzərinə ciddi öhdəlik götürüb. Bu öhdəliklərin yerinə yetirilməsi isə post-sovet məkanında Rusiyaya münasibətin müsbət istiqamətdə dəyişməsinə zəmin yarada bilər. NATO Rusiyanı əsas təhdid və təhlükə mənbəyi hesab etdiyi vaxtda digər ölkələrin, xüsusən də post-sovet məkanındakı dövlətlərin onu belə qəbul etməmələri Moskva üçün çox vacib olmalıdır.

Düşünürəm ki, Rusiya bu məkanda özünə qarşı münasibətin dəyişməsini istəyirsə, üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsi istiqamətində ciddi və konkret addımlar atmalıdır.




Baxış sayı: 5619



OXŞAR XƏBƏRLƏR