QALA NEWS

19 Aprel Cümə

Bakı 18˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 26 Jan 2022, 11:51
Rusiya Bankı rublun və bazarların çökməsinə görə xarici valyuta alışını dayandırdı

Bazar ertəsi səhər Rusiyanın fond bazarında yenidən ucuzlaşma başlayıb və dollar 2020-ci ilin noyabrından bəri ilk dəfə 79 rublu keçib. Buna cavab olaraq Mərkəzi Bank xarici valyuta alışını dayandırıb.

Qalanews BBC azərbaycan-a istinadən xəbər verir ki, bütün bunlar NATO-nun Rusiya tərəfindən Ukraynaya müdaxiləsi təhlükəsinə görə Şərqi Avropada mövcudluğunu gücləndirəcəyilə bağlı açıqlamaları fonunda baş verir.

Yanvarın 24-də Moskva vaxtıyla saat 15:30-da Moskva birjasının rubl indeksi 3223 bənd (əvvəlki bağlanışla müqayisədə 6,3%), dollar RTS-i isə 8,3% - 1300 bənd aşağı düşüb.

Dollar 2020-ci ilin noyabrından bəri ilk dəfə 79 rublu, avro isə iyulun 20-dən bəri ilk dəfə 89 rublu ötüb.

Ən böyük Rusiya şirkətlərinin səhmləri də ucuzlaşıb: "Sberbank"ın qiymətli kağızları 6,8%, "Norilsk Nikel"inkilər 5,4%, "Qazprom"unkular 8,2% düşüb.

Rusiya fond bazarında bundan əvvəlki böyük eniş yanvarın 18-də baş verib: həmin gün bazar 2020-ci ilin martından bəri ən ciddi çöküşü yaşayıb və əvvəlki ilin bütün artımını itirib.

Daha əvvəl Rusiyanın ABŞ və NATO ilə Avropada təhlükəsizlik strukturuyla bağlı danışıqları nəticəsiz tamamlanmışdı.

Mərkəzi Bankın qərarı

Rusiya Bankı bazar ertəsi bazarın çökməsi fonunda büdcə qaydası çərçivəsində xarici valyuta almamaq qərarına gəlib. Rusiyanın 2022-ci il büdcəsi neftin 44,2 dollar/barel qiyməti əsasında formalaşıb.

Neftin real qiyməti bu göstəricidən yüksək olanda "artıq mənfəət" ehtiyatlara toplanır. Onların ora düşməsi üçün Mərkəzi Bank hər gün Maliyyə Nazirliyi üçün xarici valyuta alır - büdcə qaydası faktiki olaraq bundan belə işləyir və yüksək neft qiymətlərində rublun möhkəmlənməsinin qarşısını almağa kömək edir.

Amma 2022-ci ilin yanvar ayında Rusiyada vəziyyət əksinədir: rubl ucuzlaşır, neftsə bahalaşır. Mərkəzi Bank rubla əlavə təzyiq göstərməmək üçün alışları dayandırıb. Tənzimləyici alışı nə vaxt bərpa edəcəyini qeyd etməyib.

Yanvarda Mərkəzi Bank xarici valyuta alışına 585,9 milyard rubl xərcləmək niyyətindəydi, tənzimləyici isə hər gün 36,6 milyard rubl dəyərində valyuta və qızıl almağı planlaşdırırdı.

Heç nə dəyişməyib

Analitiklər çöküşün əsas səbəbinin yenə də geosiyasi gərginlik olduğunu bildirirlər.

"Təşəbbüs yenə satıcıların əlindədir: geosiyasi amil çox güclüdür və bunun bazar iştirakçılarını necə qorxutduğunu görmək olur. İnvestorları ən çox qorxudan məqam yaxın sərhədlərdə vəziyyət gərginləşəcəyi təqdirdə Rusiya maliyyə sisteminə qarşı yeni sanksiyaların tətbiqi ehtimalıdır" - "Alfa Capital" İdarəetmə Şirkətinin baş treyderi Vladislav Silayev öz hesabatında belə yazır.

ATON ekspertləri öz hesabatlarında vurğulayırlar ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov və ABŞ-ın dövlət katibi Entoni Blinkenin görüşü geosiyasi gərginliyi yumşaltmayıb, ona görə də bazarlar çökməyə davam edir.

"Raiffeisen Bank"ın analitikləri də bazarın və rublun çöküşünü ölkələr arasındakı fikir ayrılıqlarıyla əlaqələndirirlər, amma onlar hesab edirlər ki, Rusiyaya qarşı ciddi sanksiyalar tətbiq ediləcəyinə inananlar azdır.

Bankın analitik hesabatında qeyd olunur ki, "əhəmiyyətli dərəcədə əlverişsiz ssenarilərə inanan investorlar hələ ki azlıqdadırlar - fikrimizcə, hazırda rublun məzənnəsində yumşaq sanksiyalar ssenarisi "nəzərə alınıb" (banklara və şirkətlərə qarşı ciddi qadağaların nəzərdə tutulmadığı)".

Təkcə Rusiyada deyil, bütün dünyada fond bazarına mənfi təsir göstərən digər amil ABŞ Federal Ehtiyat Sisteminin əsas məzənnəylə bağlı keçirəcəyi iclasdır.

"Bazar 2022-ci ildə 25 baza bəndi addımıyla baza dərəcəsinin 3-4 artımını gözləyir. ABŞ Mərkəzi Bankının daha sərt ritorikası riskli aktivlərə tələbin bundan sonra da azalmasına gətirib çıxara bilər" - PSB-nin baş analitiki Dmitri Monastırşin belə deyir.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bazar ertəsi Rusiya bazarlarının çökməsini "dərin pessimizm" mərhələsində olan dünya bazarlarındakı ümumi vəziyyətlə əlaqələndirib.

O deyib ki, "opponentlərimiz təxribatçı və isterik hərəkətlərini nə qədər tez dayandırsalar, pessimist ovqat bir o qədər tez azalacaq".

Ukrayna ətrafındakı vəziyyət

Bazar ertəsi NATO bəyan edib ki, alyans Ukrayna ətrafındakı vəziyyətə görə Şərqi Avropadakı mövcudluğunu gücləndirir.

Fransa Rumıniyaya NATO komandanlığı altında kontingent göndərməyə hazır olduğunu açıqlayıb, Hollandiya Bolqarıstana iki F-35 qırıcısı verməyə hazırdır, İspaniya NATO dəniz qüvvələrinə qoşulmaq üçün gəmilər göndərəcək, Danimarka isə Baltik dənizinə freqat və Litvaya dörd F-16 qırıcısı göndərəcək.

Bəyanatda qeyd edilir ki, ABŞ Şərqi Avropadakı hərbi mövcudluğunu gücləndirmək məsələsini hələ ki araşdırır.

Bazar ertəsi Britaniya Rusiyanın Ukraynaya müdaxiləsi təhlükəsinə görə Kiyevdəki səfirliyinin əməkdaşlarını təxliyə etməyə başlayıb. Avstraliya hökuməti də öz diplomatlarının ailə üzvləri üçün təxliyə əmri verib.

Ötən həftənin sonlarında məlum olub ki, ABŞ Kiyevə 170 ton silah və sursat çatdırıb: bunlar Ukraynaya təcili hərbi yardımın ilk iki partiyasıdır və Ukrayna mətbuatının yazdığına görə, qumbaraatanlardan və portativ raket qurğularından ibarətdir.




Baxış sayı: 275



OXŞAR XƏBƏRLƏR