QALA NEWS

27 Aprel Şənbə

Bakı 14˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 14 Jul 2023, 18:02
“Pulunuz çoxdur, TRASEKA-ya ayırmağa xəsislik etməyin”: Ulu öndər bu günün həqiqətini necə görürdü?
“Mən sizə müraciət edərək demək istəyirəm ki, siz Avropa İttifaqının “Avropa-Qafqaz-Asiya Transqafqaz nəqliyyat Dəhlizi” (TRASEKA) proqramına vəsait ayrılmasında xəsislik etməyin. Çünki bu nə sizə, nə də bizə xeyir verəcəkdir. Sizin cibinizdə pul çoxdur, burada qoyduğunuz pulun əvəzini iki-üç qat götürəcəksiniz. İndi artıq sizdə də, bizdə də - hamıda qəti bir fikir var ki, TRASEKA proqramı, böyük İpək Yolunun bərpa edilməsi bu gün üçün və XXI əsr üçün ən böyük proqramlardan biridir. Bu proqramın hərtərəfli inkişafını nə qədər təmin edə bilsək, Cənubi Qafqaz, Orta Asiya, Mərkəzi Asiya ölkələrinin Avropa ilə inteqrasiyası o qədər də sürətli olacaqdır”.

Bu sözlər ulu öndər Heydər Əliyevin Bakıda TRASEKA-nın daimi katibliyi ofisinin açılışı mərasimindəki çıxışındandır.

Ulu öndərin həmin çıxışını oxuyanda onun ölkənin beynəlxalq layihələrin bir parçası olması üçün apardığı mücadilənin bir daha şahidi oluruq.

H.Əliyev çıxışında TRASEKA üçün ayrılmış binanın XX əsrin əvvəllərində Azərbaycanın böyük şəxsiyyəti, böyük sahibkarı Hacı Zeynalabdin Tağıyevə məxsusluğunu vurğulayıb, Avropa memarlıq üslubunda tikilmiş binanın Avropa dəyərlərinə bağlı Azərbaycan tərəfindən bu layihəyə ayrılması arasındakı paralelliyi qeyd edib.

Ümummilli liderin zəngin siyasi və idarəçilik təcrübəsi əsasında Azərbaycan çətin dövrdə bir sıra beynəlxalq layihələrin iştirakçısına çevrildi.

Onlardan biri TRASEKA proqramıdır ki, Azərbaycan onun fəal üzvüdür. TRASEKA dəhlizi ilə nəqliyyat axını ilbəil artır. Proqramın məqsədi yalnız xüsusi iqtisadi maraqlarla məhdudlaşmır, o, həm də zəngin tarix və mədəniyyətin gələcək üçün qorunub-saxlanmasını təmin edir.

Azərbaycan bir çox dünya dövlətləri, Avropa İttifaqı (Aİ) və digər beynəlxalq təşkilatlarla müştərək işlər görərək, tarixi İpək Yolunun (İY) bərpa olunması sahəsində TRASEKA Proqramının hazırlanması və yaradılmasında yaxından iştirak edib.

Azərbaycan Respublikası 1993-cü ilin may ayında Brüssel şəhərində keçirilmiş Konfransda Avropa Komissiyasının TRASEKA Proqramının yaradılmasının təşəbbüskarı olan keçmiş SSRİ-nin səkkiz ölkəsindən biri olub. (Gürcüstan, Ermənistan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistanla birlikdə). Konfransın işində nəqliyyat və ticarət regional sistemlərində mövcud olan problemlər və nöqsanlar müəyyənləşdirilib və müzakirə edilib. Konfransın yekunlarına əsasən, TRASEKA regionlararası Proqramının fəaliyyətinin əsaslarını qoymuş Brüssel Bəyannaməsi qəbul edilib.



TRASEKA proqramları üzrə Azərbaycanın Milli Koordinatoru Ziyad Səmədzadə olub.

O, 1993-cü ilin may ayında Brüsseldə birinci beynəlxalq konfransda əsas məruzə ilə çıxış edib və Brüssel Bəyannaməsini də imzalayıb.

Ziyad Səmədzadə Oxu.Az-a deyir ki, Sovet İttifaqının dağılmasına qədər respublikanın yük dövriyyəsinin 90 faizə qədəri SSRİ regionlarının, xüsusilə Rusiyanın payına düşürdü. Müstəqillik əldə etdikdən sonra Azərbaycan sərbəst olaraq özünə partnyorlar seçib, xarici iqtisadi siyasətini formalaşdırıb:

“Bu gün respublikanın coğrafi əlaqələrinin strategiyası və strukturu kəskin dəyişib, bu strukturda Yaxın Şərqin, Asiyanın, Avropanın xüsusi çəkisi artıb. Azərbaycan əlverişli iqtisadi şəraitdən, güclü nəqliyyat amilindən istifadə edərək öz iqtisadiyyatının strukturunu yaxşılaşdırmaq, onun səmərəliliyini artırmaq üçün real imkanlar əldə edib.

Əlbəttə, yeni nəqliyyat istiqamətinin Azərbaycan üçün əhəmiyyəti təkcə bununla müəyyən edilmir. İri nəqliyyat dəhlizinin mərkəzində yerləşən respublikamız öz ərazisindən keçən yüklərin daşınmasından böyük gəlir əldə edəcək. Burada ölçülər, həqiqətən, çox böyükdür. Biz son 20 ildə bu dəhlizin iştirakçıları olacaq Asiya və Avropa ölkələrindən gələn yük axınlarını təhlil etmişik. Hətta ən cüzi hesablamalara görə, yüklərin yarısı belə, Azərbaycanın ərazisindən daşınarsa, bu, hər il azı bir neçə yüz milyon dollar deməkdir. Bu cür geniş vəzifə respublikanın nəqliyyat sisteminin tam yenidən qurulması, daha dəqiq desək, təzələnməsi sayəsində həyata keçirilə bilər. Hələ 1993-cü ilin mayında ciddi hazırlıqdan sonra Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin koordinasiyası və inkişafı üzrə Brüssel konfransında iştirak edərkən bizim nümayəndə heyəti Bakı Limanının, dəmiryolunun, Xəzər Gəmiçilik İdarəsinin, respublikanın əsas avtomagistrallarının yenidən qurulması tədbirlərinin planını Avropa Birliyinin müzakirəsinə təqdim etmişdi. Deməliyəm ki, bizim nümayəndə heyətinin üzvləri yüksək peşəkarlıq səviyyəsində iş sənədləri hazırlamış, nəqliyyat sistemində islahatlar aparılmasının konkret aspektlərinə, TRASECA proqramının hazırlanmasında Azərbaycanın iştirakına dair məruzələr etmiş, məlumatlar veriblər".

Yalnız səkkiz dövlət iştirakına aydınlıq gətirən deputat qeyd edib ki, Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin fəaliyyət göstərməsi məhz Qafqazın mərkəzində və Asiyada yerləşən keçmiş müttəfiq respublikaların razılığından çox asılıdır:

“Ona görə də konfrans hər şeydən əvvəl onların razılığını almaq məsələsini qoyurdu. Çünki hər hansı dövlətin proqramda iştirakı ilk növbədə həm də ona etibar göstərilməsi və bu dövlətin öz üzərinə müəyyən öhdəliklər götürməsi deməkdir. Dövlətin və AB nümayəndələrinin ətraflı, ciddi müzakirələrindən sonra Brüssel Bəyannaməsi imzalanıb. Bizim respublika adından bəyannaməni nümayəndə heyətinin rəhbəri və texniki yardımın göstərilməsi üzrə milli koordinator kimi mən imzaladım.

Bəyannamədə həmçinin nümayəndə ölkələrinin nəqliyyat sistemlərinin və bununla əlaqədar, regional əsasda ticarət xidmətlərinin inkişafı sahəsində əməkdaşlığın istiqamətləri barədə, Avropa-Qafqaz-Asiya dəhlizinin fəaliyyət göstərdiyi, ərazisindən keçdiyi yeni müstəqil dövlətlərə AB-nin məsləhət, tədris, məlumat, texniki yardımının xarakteri və istiqamətləri barədə arzular öz ifadəsini tapıb.

Hazırda nəqliyyat sistemində pozitiv dəyişikliklər baş verir. Onu xüsusilə qeyd etmək istərdim ki, son dərəcə çətin şəraitə, maliyyə məhdudiyyətlərinə baxmayaraq, nəqliyyat işçiləri maneələri aradan qaldıra bilmişlər və bu gün bütövlükdə nəqliyyat kompleksi normal fəaliyyət göstərir.

AB-nin görkəmli rəhbərlərindən biri olan Leon Britten hələ 1993-cü ildə Brüsseldəki müşavirədə çıxışında  demişdi: “Mən inanıram ki, bir tərəfdən Orta Asiya və Qafqaz ölkələri, digər tərəfdən Qərbi Avropa ölkələri arasında uzunmüddətli kommersiya əlaqələri və ticarət geniş mənada hamı üçün - həm Orta Asiya, Qafqaz, həm də Avropanın sakinləri üçün böyük əhəmiyyətə malikdir. Ticarətin yeni strukturunun yaradıldığı indiki dövrdə Qərbi Avropa mövcud kommersiya əlaqələrinin təzələnməsində və yenilərinin yaradılmasında son dərəcə maraqlıdır. Aydındır ki, Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin işə düşməsi və fəaliyyəti ilə mineral-xammal resurslarının zəngin olduğu böyük bir ərazidə Qərbi Avropanın təsiri güclənəcək, iqtisadi artımın və məşğulluğun yeni mənbələri yaranacaq, nəqliyyat xərcləri azalacaq və s.”.

O əlavə edib ki, gənc, müstəqil Azərbaycan öz xalqının xeyrinə, dünya tərəqqisinin xeyrinə, qarşılıqlı surətdə faydalı əməkdaşlığın xeyrinə əlverişli nəqliyyat şəraitindən, coğrafi mövqeyindən istifadə etmək üçün real imkan əldə edib.

Azərbaycanın Prezidenti Heydər Əliyev bu mötəbər sammitin keçirilməsinin fəal təşəbbüsçüsü olmaqla nəinki son dərəcə düzgün tarixi addım atıb, həm də dünya birliyini, Avropanın, Qafqazın, Asiyanın bir çox dövlətlərini, beynəlxalq təşkilatlarını inandırıb ki, Azərbaycan yeni iqtisadi sistemin yaradılmasında islahatlar yolu ilə inamla irəliləyir, dünya inteqrasiya proseslərində fəal iştirak edir. Bu isə Azərbaycanın gələcəyi haqqında nikbin proqnozlar üçün etibarlı amildir”.

Azərbaycan Respublikasının TRASEKA Proqramında iştirakı ölkəmiz üçün strateji əhəmiyyət kəsb edir və Azərbaycanın Avropa ilə iqtisadi əlaqələrinin möhkəmləndirilməsi və genişləndirilməsi, dünya iqtisadiyyatına inteqrasiyası və beynəlxalq nəqliyyat qovşağına çevrilməsi üçün böyük imkanlar yaradır.

Belə ki, keçən dövr ərzində TRASEKA Proqramı çərçivəsində “Nəqliyyatın idarə edilməsinin treninqi”, “Nəqliyyatın hüquqi və tənzimləyici çərçivəsi”, “TRASEKA nəqliyyat dəhlizində vahid tarif siyasətinin tətbiqi”, “Sərhəd-keçid proseduralarının sadələşdirilməsi”, “Qafqaz dəmir yollarının bərpası” və onlarla digər texniki yardım və investisiya layihələri həyata keçirilib.

Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 1998-ci il sentyabrın 7-8-də doqquz ölkənin (Azərbaycan, Türkiyə, Gürcüstan, Ukrayna, Moldova, Rumıniya, Bolqarıstan, Özbəkistan, Qırğızıstan) dövlət başçılarının, 13 beynəlxalq təşkilatın və 32 dövlətin nümayəndə heyətlərinin iştirakı ilə tarixi İpək Yolunun bərpasına həsr olunmuş beynəlxalq konfransın Bakı şəhərində keçirilməsi ölkəmizin TRASEKA Proqramına verdiyi xüsusi önəmin və diqqətin təzahürüdür.

Bu konfransın yekununda Avropa İttifaqının TRASEKA Proqramı əsasında “Avropa-Qafqaz-Asiya dəhlizinin inkişafı üzrə beynəlxalq nəqliyyat haqqında Əsas Çoxtərəfli Saziş” imzalanıb.



1998-ci ilin sentyabrında Heydər Əliyev həmin forumda qeyd etmişdi ki, “Bakıda keçirilmiş zirvə görüşü əməkdaşlığın inkişafında, sülhün qorunmasında, hər bir ölkə və ümumiyyətlə bütün Avrasiya məkanına firavanlıq və rifahın gətirilməsində öz tarixi rolunu oynayacaq”.

Bundan əlavə, 2001-ci il 21 fevral tarixində Bakı şəhərində ümummilli lider Heydər Əliyevin iştirakı ilə TRASEKA Hökumətlərarası Komissiyasının Daimi Katibliyinın açılışı olub.

Fəaliyyət göstərdiyi illər ərzində TRASEKA Proqramı üzv ölkələr arasında multimodal daşımaların təşviqi, tranzit daşımalar üçün əlverişli şəraitin yaradılması, ticari-iqtisadi və nəqliyyat əlaqələrinin inkişaf etdirilməsi sahələrində əməkdaşlığın genişləndirilməsi, habelə həmin ölkələrin iqtisadi potensialının artırılması işinə mühüm töhfələr verilib.



Prezident İlham Əliyevin Azərbaycanın beynəlxalq dəhlizlərdə rolunun artırılması üçün gördüyü işlərdən biri Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin yaradılması olub.

2017-ci il oktyabrın 30-da istifadəyə verilmiş Bakı-Tbilisi-Qars dəmiryolu Trans-Avropa və Trans-Asiya dəmiryol şəbəkələrinin birləşdirilməsini təmin etməklə, qədim İpək Yolunun polad magistrallar üzərində bərpasıdır.

Bakı-Tbilisi-Qars dəmiryolu Çindən Avropaya yüklərin çatdırılması müddətini dəniz daşımalarına nisbətən iki dəfədən çox azaldır. Həmin dəmiryolu vasitəsilə birinci mərhələdə beş milyon ton, ikinci mərhələdə 17 milyon ton və daha böyük həcmdə yüklərin daşınması nəzərdə tutulur.

Ötən ilin dekabrın 14-də Türkmənbaşı şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın və Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun geniş tərkibdə görüşündə Prezident İlham Əliyev “2017-ci ildə əziz qardaşım Rəcəb Tayyib Ərdoğan ilə bərabər Bakı-Tbilisi-Qars dəmiryolunun açılışını etdik. Bu layihəyə əlavə 100 milyon dollardan çox sərmayə qoyulacaq və onun ötürücülük qabiliyyəti hazırkı bir milyondan beş milyon tona çatdırılacaq”, - deyə bildirib.

Azərbaycan Prezidenti əlavə edib ki, ölkəmiz Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin fəal iştirakçısıdır və öz ərazisində dəmiryolu, avtomobil nəqliyyatı və hava nəqliyyatı ilə bağlı olan bütün əsas layihələri icra edib. Bunun nəticəsində Azərbaycan önəmli tranzit ölkəsinə çevrilib:

“2022-ci ilin ilk 10 ayında Azərbaycan ərazisindən keçən ümumi tranzit daşımalarının həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 80 faizdən çox artıb”.



Deputat Vüqar Bayramlı Oxu.Az-a açıqlamasında bildirib ki, ümummilli lider Heydər Əliyev regional nəqliyyat dəhlizinin reallaşmasına xüsusi töhfə verib:

“Onun hakimiyyəti dövründə Azərbaycan üzərindən və xüsusilə regiondan keçən dəhlizlərin genişləndirilməsi ilə bağlı kifayət qədər ciddi işlər görülüb. TRASEKA layihəsi səkkiz ölkə tərəfindən imzalansa da, strategiyanın müəyyənləşdirilməsi və inkişafı 1995-ci ildən başlayaraq aktuallaşdı. Həmin dövrdə TRASEKA Proqramına nəqliyyat dəhlizinin genişləndirilməsi ilə bağlı region ölkələri beynəlxalq qurumlar tərəfindən 1,7 milyard avro cəlb etmək imkanına nail oldular.

Bu layihə Azərbaycan üzərindən daşınan yüklərin həcminin artırılması və öz məhsullarımızı ixrac etmək baxımından da vacib idi. Bu işlər nəticəsində Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin reallaşması üçün də bir baza formalaşdı”.

O qeyd edib ki, ötən il Azərbaycan üzərindən daşınan yüklərin həcmində 30 faizdən çox artım qeydə alınıb:

“Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin reallaşması üçün xüsusi bir töhfə verir. Ümummilli lider Heydər Əliyev tərəfindən formalaşdırılan strategiya Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu da ölkəmizin geosiyasi və geoiqtisadi mövqeyinin daha da güclənməsinə, ölkə üzərindən daşınan yüklərin daha artmasına gətirib çıxarır.

Təbii ki, Azərbaycan Respublikası Avropa-Qafqaz-Asiya regionunda nəqliyyat dəhlizlərinin və əlaqəli infrastrukturun inkişaf etdirilməsinin vacibliyini tanıyaraq, bir sıra layihələrin həyata keçirilməsi üçün sərmayələr yatırır, ikitərəfli və çoxtərəfli əsasda əməkdaşlıq edir.

Bununla bağlı Azərbaycan region üçün vacib layihələrin təşəbbüskarı olmaqla yanaşı, həm də Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Qars dəmiryolu, Cənub Qaz Dəhlizi kimi vacib beynəlxalq layihələrin əsas icraçısı, beynəlxalq nəqliyyat dəhlizlərində daşımaların, o cümlədən multimodal infrastrukturun təşviqinə dəstək verən Şərq-Qərb və Cənub-Qərb avtomobil yolları, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və digər yerli layihələrin icraçısıdır”.

Limandan saytımıza bildirilib ki, 2020-ci ildə 4 milyon 850 min tondan çox, 2021-ci ildə 5 milyon 556 min tondan çox və 2022-ci ildə 6 milyon 316 min tondan çox yükdaşıma edilib. Bu da 13,7 faiz artım deməkdir.

Deputat əlavə edib ki, artıq 2023-cü ildə Azərbaycan üzərindən keçən nəqliyyat dəhlizlərinin əsası olan Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin ötürmə qabiliyyətinin bir milyon tondan beş milyon tona çatdırılması gəlirlərin təxminən 100 milyon dollar artırılmasını proqnozlaşdırır:

“Bu gün Azərbaycanın nəqliyyat sahəsində əldə etdiyi uğurlar, ölkənin qazandığı dividendlər Heydər Əliyev tərəfindən formalaşdırılan strategiyanın nəticəsidir. Növbəti dövrlərdə də Azərbaycan üçün qeyri-neft sektorunda daxilolmalarda beynəlxalq yükdaşımalar və nəqliyyat dəhlizindən əldə edilən gəlirlər öz aktuallığını qoruyub-saxlayacaq”.

Tarixi İpək Yolunun inkişaf etməsinin əsas məqsədləri aşağıdakılardır:

- bölgədə yerləşən ölkələrin ticari-iqtisadi əlaqələrin inkişaf etməsi;

- nəqliyyat əlaqələrinin inkişaf etməsi - yük və sərnişinlərin beynəlxalq daşınması;

- tranzit daşınmalar üçün əlverişli şəraitin yaradılması;

- yükdaşımaların müddətinin qısaldılması;

- nəqliyyat siyasətinin uyğun olaraq aparılması;

- daşınma tarifləri və vergilərə xüsusi güzəştlər;

- müxtəlif nəqliyyat sahələri arasındakı əlaqələrin koordinasiya edilməsi;

- yük və sərnişin daşımaları üzrə beynəlxalq və daxili tariflər sahəsində uyğunlaşdırılmış siyasət;

- çoxmodallı (birləşmiş) daşımaların təşkil olunması üzrə uyğunlaşdırılmış fəaliyyət proqramının işlənib-hazırlanması.

Qeyd etmək lazımdır ki, Azərbaycanın coğrafi vəziyyəti və xüsusilə respublikada bütün nəqliyyat vasitələrinin və əsas yolların (hava, dəmiryol, dəniz və avtomobil) yaxşı inkişaf etməsini nəzərə alsaq, onun Böyük İpək yolundakı rolun aparıcı olduğunu aydın görmək olar.

Onu da vurğulayaq ki, Avropa İttifaqı TRASEKA Proqramı çərçivəsində 187 milyon avro dəyərində 85 layihə maliyyələşdirib. Onlardan 14-ü investisiya layihəsi, 71-i isə texniki yardım layihəsi olub. Layihələrin büdcəsinin 40 faizindən çoxu dəhliz infrastrukturunun inkişafına yönəldilib.

Layihələrin icrası regiona investisiyaların cəlb edilməsinə şərait yaradıb. Ümumilikdə, TRASEKA infrastrukturuna investisiyalar dörd milyard avrodan çox olub. Bu illər ərzində Azərbaycan Rəqəmsal Ticarət Qovşağı və “Trans-Avrasiya Super İnformasiya Magistralı” (TASİM) layihələri vasitəsilə Böyük İpək Yolunun rəqəmsallaşdırılmasına nail olub.

Nəqliyyat sahəsində əməkdaşlığa böyük diqqət yetirən Azərbaycan Respublikası qarşıdakı dövrdə Proqramın fəaliyyətini ölkələrimizin nəqliyyat sektorlarının inkişafı baxımından yeni mərhələnin başlanğıcı kimi qiymətləndirir. Bu fəaliyyətin uğurla aparılması üçün ölkəmiz bundan sonra da Proqramın prioritet istiqamətləri üzrə daha vacib layihələrin gerçəkləşməsində davamlı iştirak edəcək.



Milli Məclisin deputatı Bəhruz Məhərrəmovun sözlərinə görə, ümummilli lider Heydər Əliyevin müəllifi olduğu müstəqil Azərbaycanın Konstitusiyasının preambulasında ümumbəşəri dəyərlərə sadiq olaraq bütün dünya xalqları ilə dostluq, sülh və əmin-amanlıq şəraitində yaşamaq və bu məqsədlə qarşılıqlı fəaliyyət göstərmək ali niyyət olaraq ifadə olunub:

“Ulu öndər böyük dövlətçilik təcrübəsinə əsaslanaraq, yaxşı başa düşürdü ki, hər bir dövlətin öz maraqları var və bu maraqları uzlaşdırmadıqca səmərəli əməkdaşlıq formulunun tapılması mümkün deyil. Bu mənada dahi lider tarixi İpək Yoluna Azərbaycanın dünya dövlətləri ilə əlaqələrinin genişlənməsi, xüsusən iqtisadi əməkdaşlığın dayanıqlı formada qurulması üçün mühüm imkan kimi baxırdı. Azərbaycanın əlverişli geosiyasi və coğrafi mövqeyini düzgün qiymətləndirən ulu öndər məhz bu amili əsas tutaraq, həmçinin, perspektivləri obyektiv dəyərləndirməyi bacararaq, region dövlətləri arasında ilk dəfə olaraq iqtisadi inkişaf konsepsiyasında İpək Yoluna xüsusi yer ayırıb.

Məhz bu niyyət rəhbər tutularaq H.Əliyevin təşəbbüsü ilə 1998-ci ilin sentyabrında Bakı şəhərində doqquz dövlət başçısı, 32 dövlətin nümayəndə heyəti və 13 beynəlxalq təşkilatın təmsilçilərinin iştirakı ilə tarixi İpək Yolunun bərpasına həsr olunan beynəlxalq konfrans keçirildi. Məhz bu konfransın yekununda Avropa İttifaqının TRASEKA proqramı əsasında “Avropa-Qafqaz-Asiya dəhlizinin inkişafı üzrə beynəlxalq nəqliyyat haqqında Əsas Çoxtərəfli Saziş” imzalandı, Bakı Bəyannaməsi qəbul edildi.

2000-ci ildə isə ulu öndər Heydər Əliyev ABŞ-yə işgüzar səfər edərək BMT-nin təşəbbüsü ilə keçirilən və 193 ölkənin dövlət və hökumət başçılarının qatıldığı minilliyin zirvə görüşündə iştirak edib, “21-ci əsrə baxış” adlı bəyannaməni imzaladı və elə bu çərçivədə Nyu-Yorkda İpək Yolu üzərində yerləşən ölkələrin regional əməkdaşlığının zirvə görüşündə diqqətləri yenidən Azərbaycana yönəldə bildi. Bu gərgin fəaliyyətin üzərindən təqribən 25 ildən artıq bir müddət keçəndən sonra reallıqları təhlil edərkən ulu öndərin yalnız İpək Yolu ideyası misalında Azərbaycan xalqına hansı böyük siyasi-iqtisadi irs qoyub getdiyini daha aydın formada dərk etməyə başlayırıq.

Məhz böyük Heydər Əliyevin ideyası əsasında İlham Əliyevin, çoxsaylı maneələrə baxmayaraq, qətiyyəti ilə reallaşan Bakı-Tbilisi-Ceyhan (BTC), Bakı-Tbilisi-Qars (BTQ), TANAP, TAP kimi layihələrlə bu gün Azərbaycan yalnız öz enerji resurslarını realizə etmir, həm də İpək Yolunun vacib bir həlqəsi kimi Avropanın enerji təhlükəsizliyində önəmli pay sahibi, Orta Asiya üçün Qərbə açılan qapıya çevrilib”.

“Eyni zamanda, İlham Əliyevin Azərbaycanı etibarlı tərəfdaş kimi tanıtması ulu öndərin İpək Yolu idealına marağı hər ötən gün artırmaqdadır. Xüsusən, Vətən müharibəsində inamlı qələbədən sonra yaranan yeni geosiyasi reallıq, sürətlə realizə olunmaqda olan Zəngəzur dəhlizi Çindən Böyük Britaniyaya qədər uzaq bir məsafədə Azərbaycanı alternativsiz aparıcı logistika habına çevirməkdədir”, - deyə deputat əlavə edib.

Ulu öndərin “Səndən hərəkət, məndən bərəkət” deyib Avropa İttifaqını təşviq etdiyi bu nəhəng layihə arzu olaraq qalmadı, Şərqi Qərbə, Şimali Cənuba qovuşdurdu. Qədim İpək yolunun bərpasında müstəsna əhəmiyyət daşıyan TRASEKA-nın icrası göstərdi ki, arzular arzu olaraq qalmır, onun reallıq payı güclü iradəyə, əzmə, mübarizəyə bağlıdır. Elə ulu öndərin sarsılmaz əzmi, iradəsi, mübarizliyi kimi...

Yazı “Azərbaycan Dəmir Yolları” QSC və Azərbaycan Mətbuat Şurasının ulu öndər Heydər Əliyevin 100 illik yubileyi münasibətilə kütləvi informasiya vasitələrinin təmsilçiləri arasında keçirdiyi müsabiqəyə təqdim olunur.




Baxış sayı: 296



OXŞAR XƏBƏRLƏR