QALA NEWS

16 Aprel Çərşənbə axşamı

Bakı 15˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 06 Jun 2023, 12:40
SN: Bütün orqan və toxumalarda gedən proseslər qalxanabənzər vəzin nəzarətindədir
Qalxanabənzər vəzi insan orqanizmində çox əhəmiyyətli hormon ifraz edən vəzilərdən biridir. Elmi ədəbiyyatlarda qalxanabənzər vəzinə tireoid vəzi də deyilir. Boyunda, qırtlağın önündə yerləşən kiçik bir orqandır. Amma kiçikliyinə baxmayaraq demək olar ki, orqanizmdə mövcud olan bütün orqan və toxumalarda gedən proseslər onun nəzarətindədir. Yəni, maddələr mübadiləsinin sürətindən tutmuş sinir sisteminin inkişafına qədər bir çox proses onun ifraz etdiyi hormonlarla tənzimlənir.

Qalanews xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, uşaq endokrinoloqu Azad Əkbərzadə bildirib. Onun sözlərinə görə, böyüklərdə olduğu kimi, uşaqlarda da bu vəzin xəstəliklərinə rast gəlinir:

"Bu xəstəliklər həm vəzin fəaliyyətinin az olması, həm çox fəaliyyət göstərməsi, həm də düyünləri ilə əlaqədar ola bilir. Müalicələri böyüklərdəki kimi aparılır. Tireoid xəstəlikləri də anadangəlmə, qazanılmış, müvəqqəti və daimi xarakter daşıya bilir.

Bəzən yenidoğulan körpələrdə də qalxanabənzər vəzin xəstəliklərinə rast gəlinir. Xüsusilə qalxanabənzər vəzi hormonlarının çatışmazlığı ilə müşahidə olunan anadangəlmə hipotireoz xəstəliyi çox önəmlidir. Əgər həkim bu xəstəliyi vaxtında müəyyən etməzsə, o zaman uşağın sinir sisteminin inkişafında problemlər baş verə bilər. Amma vaxtında müalicə başlanarsa, o zaman uşaq öz inkişafını normal şəkildə tamamlaya bilər".

Həkim deyib ki, demək olar ki, bütün yaş qruplarında tireoid xəstəliklərinə rast gəlmək olur:

"Amma xüsusilə uşaq və yeniyetmə dövründə daha tez rast gəlinir. Bu dövrdə digər baş verən fizioloji problemlərlə yanaşı, əlamətləri daha dəqiq təyin edərək xəstəlik vaxtında müəyyən edilməli və müalicəyə vaxtında başlanılmalıdır. Qalxanabənzər vəzin çatışmazlığı ilə gedən vəziyyətlərdə inkişaf geriliyi, boyümə sürətinin azalması, yorğunluq, halsızlıq, uşaqlarda nevroloji inkişaf gerilikləri, kobud səs, qəbizlik, göbək yırtığı, quru dəri, zəif və cansız saç, saç tökülməsi və s. əlamətlər müşahidə oluna bilir. Belə əlamətlərlə qarşılaşan zaman mütləq Hipotireoz (tireoid hormonların azlığı) xəstəliyi ağıla gəlməlidir.

Amma əksinə vəzin sürətli işlədiyi hallarda isə (hipertireoz, zəhərli zob) ürək döyünməsinin artması, narahatlıq, əsəbilik, əllərdə titrəmə, nəm və isti parlaq dəri, iştahın artmasına baxmayaraq çəki itirmə, ishal, bağırsaqda sorulma problemləri və s. kimi əlamətlər rast gəlinir.

Cərrahi əməliyyat ilk müraciət etdiyimiz üsul deyil. Xüsusilə qalxanabənzər vəzin zəif işləməsi ilə müşahidə olunan vəziyyətlərdə əməliyyata ehtiyac yoxdur. Əməliyyat əsasən qalxanabənzər vəzin bədxassəli düyünlərində və müalicəyə tabe olmayan toksik ur zamanı aparılır. Bu zaman qalxanabənzər vəzin əsas hissəsi çıxarıldığı üçün vəzin çatışmazlığı baş verir. Xəstələr çatışmazlığın tənzimlənməsi üçün dərman istifadə edirlər. Yəni əməliyyat olunmaq o demək deyil ki, uşaq dərman istifadə etməyəcək.

Qeyd etmək istəyirəm ki, biopsiya ən dəqiq müayinə üsullarındandır. Xüsusilə qalxanabənzər vəzin şübhəli düyünlərinin aydınlaşdırılması üçün bu üsuldan istifadə edilməlidir. Bu zaman nazik iynə vasitəsilə ultrasəs aparatının nəzarətində şübhəli düyündən kiçik hissə götürülür və əkilmə üsulu ilə diaqnoz təsdiqlənir. Adətən valideynlər bu üsuldan qorxurlar. Buna əsas səbəb el arasında “düyünə toxunsan bədləşə bilər” fikridir. Bunu da burada qeyd edək ki, bu fikrin elmi əsası yoxdur. Əksinə, əgər incə iynə biopsiyası vasitəsilə bu düyünlərin xarakterlərini müəyyən etməsək və diaqnozu gecikdirsək, bu xəstəliyin ağırlaşmasına səbəb ola bilər.

Yod insan orqanizmində qalxanabənzər vəzi hormonlarının tərkibində mövcuddur. Yod qalxanabənzər vəzin hormonları üçün əvəzsiz “tikinti materialıdır”. Yodun çatışmazlığı elə qalxanabənzər vəzin çatışmazlığı deməkdir. Ölkəmizin bəzi regionları yod çatışmazlığına görə endemik zonalara aiddir. Amma bu o demək deyil ki, yodu kontrolsuz qəbul etmək lazımdır. Yod çatışmazlığı yoxdursa, lazımsız qəbul edilən yod, əksinə, yan təsirlərə yol aça bilər".

Həkim deyib ki, qalxanabənzər vəzin normal vəziyyətini saxlamaq, həmçinin onun müalicəsi üçün bəzi tövsiyələrə əməl etmək lazımdır. İlk öncə xəstələrə qida rasionuna riayət etmək tövsiyə olunur:

• dəniz və tərkibində yod olan bütün məhsulları rasiona daxil etmək;

• adi duz yodlaşdırılmış duzla əvəz edilməlidir;

• yodun daha yaxşı mənimsənilməsi üçün selenium tərkibli qidaları və ya selenium əlavələrini rasionunuza daxil edin.

Qalxanabənzər vəzi xərçənginin, eləcə də diffuz düyünlü zobun qarşısının alınması düzgün qidalanma və pis vərdişlərdən imtina ilə başlayır. Toksik zobun səbəbi bir çox hallarda stress və qeyri-sağlam həyat tərzidir.



Baxış sayı: 143



OXŞAR XƏBƏRLƏR