QALA NEWS

19 Aprel Cümə

Bakı 18˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 05 Jun 2023, 14:52
“İslahatlar ölkədə ekoloji vəziyyətin sağlamlaşdırılmasına xidmət edir” - RƏY
“Aparılan ekoloji islahatlar ölkədə ekoloji vəziyyətin sağlamlaşdırılmasına, torpaq örtüyünün münbitləşməsinə, əhalinin içməli, texniki suya olan tələbatının ödənilməsinə, yaşayış məntəqələrimizin estetik görünüşünə, turizmin inkişafına xidmət edir”.

Bu fikirləri “Qalanews”a açıqlamasında Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin üzvü Nəsib Məhəməliyev deyib.

“Ulu Öndər Heydər Əliyev, həm Sovet dövründə, həm də müstəqillik zamanı ölkənin ekologiyasının yaxşılaşdırılmasına, meşələrin bərpasına, şəhər və kəndlərimizin yaşıllaşdırılmasına xüsusi diqqət yetirib. “Bir ağac kəsiləndə, elə bilirəm ki, mənim bir qolumu kəsirlər” fikri, düşünürəm ki, Ulu Öndərin təbiətə olan münasibətini tam şəkildə əks etdirir” - deputat vurğulayıb.

Onun sözlərinə görə, Heydər Əliyev strategiyasını taktiki cəhətdən addım-addım həyata keçirən Prezident İlham Əliyev bütün sahələrdə olduğu kimi ekoloji tarazlığın qorunmasına, ölkə ərazisinin yaşıllaşdırılmasına sistemli yanaşır:

“Prezidentin sərəncamları ilə müxtəlif dövlət proqramları qəbul olunub, Respublikanın bütün şəhərlərində, qəsəbələrində, kəndlərində yeni parklar, yaşıllıq sahələri yaradılıb, magistral yolların kənarlarında, Abşeron yarımadasının müxtəlif ərazilərində meşə massivləri salınıb. Etiraf etməliyik ki, paytaxt Bakıda heç zaman bu qədər yaşıllıqlar, qazon, parklar, istirahət zonaları olmayıb. Cənab Prezident şəhərlərin, rayon mərkəzlərinin yaşıllaşdırılmasına, təmizliyinə, sanitariya vəziyyətinə xüsusi diqqət yetirir. Dövlət başçısının təşəbbüsü ilə Balaxanı məişət tullantılarının emalı zavodu inşa edilib”.

Deputat qeyd edib ki, işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən layihələrin hər birinin ekoloji standartlara uyğun olması şərt olaraq qoyulur: “Son illər Ekologiya və Təbii Sərvətlər Nazirlinin (ETSN) təşkilatçılığı ilə müxtəlif dövlət orqanlarının, digər nazirlik və komitələrin, yerli icra orqanlarının birgə iməciliklər keçirilməsi, ənənə halını alıb. ETSN-in həyata keçirdiyi bu tədbirlər təqdirəlayiqdir və cəmiyyətimiz tərəfindən müsbət qarşılanır”.


“Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın “Hərəyə bir ağac əkək” devizi altında milyonlarla ağac əkilib. Ekoloji tarazlığın qorunması, ümumbəşəri məsələdir. Ümumi evimiz Yer planetinin təbiətinin mühafizəsi, hər birimiz üçün müqəddəs vəzifə olmalıdır. Hesab edirəm ki, meşələrin bərpası, yaşayış məntəqələrinin yaşıllaşdırılması işləri hər gün davam etdirilməli və yaşından asılı olmayaraq hər kəs bu tədbirlərdə yaxından iştirak etməlidir”-, N. Məhəməliyev vurğulayıb.
Qeyd edək ki, bu gün Ümumdünya Ətraf Mühit Günüdür. 1972-ci il iyunun 5-də Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının İsveçin paytaxtı Stokholm şəhərində keçirilən iclasında da ətraf mühitin mühafizəsi məsələsi diqqət mərkəzində olub. Problemin kəskinliyini, əhali arasında ekoloji şüurun yüksəldilməsinin, ətraf mühitin mühafizəsi məsələlərinə diqqətin yönəldilməsinin vacibliyini nəzərə alan tədbir iştirakçıları iyunun 5-nin Ümumdünya Ətraf Mühit Günü kimi qeyd olunmasına qərar veriblər. Növbəti ildən həmin gün bütün dünyada təntənəli şəkildə qeyd olunmağa başlayıb.



Baxış sayı: 138



OXŞAR XƏBƏRLƏR