QALA NEWS

28 Mart Cümə axşamı

Bakı 8˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 15 Oct 2022, 21:31
Macarıstanın türk dünyası ilə inteqrasiyası güclənir - TƏHLİL

Türk Dövlətləri Təşkilatında müşahidəçi qismində təmsil olunan Macarıstan birlikdə təmsil olunan ölkələrlə ikitərəfli ticarət münasibətlərini də genişləndirir. Macarıstan həm də istər beynəlxalq platformalarda, istərsə də müxtəlif formatlı görüşlərdə daim türk dünyası ilə bağlı məsələlərdə obyektiv mövqe nümayiş etdirir.

Bu barədə Kaspi  qəzetində dərc edilən siyasi təhlildə qeyd olunur.

Müəllif hesab edir ki, Türk dünyası ilə əməkdaşlığı genişləndirmək xətti götürən Macarıstan bu istiqamətdə önəmli addımlar atmaqdadır. Türk Dövlətləri Təşkilatında (TDT) müşahidəçi qismində təmsil olunan Macarıstan ikitərəfli ticarət münasibətlərini də genişləndirib. Macarıstan il ərzində Azərbaycan da daxil olmaqla türkdilli ölkələrin tələbələrinə təqaüd də verir. Önəmli olan məsələlərdən biri də odur ki, Macarıstan tərəfi Budapeştdə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının rəsmi ofisinin yaradılması təklifini da irəli sürüb. Həmin ofisin maliyyə xərclərini də tam olaraq öz üzərinə götürüb. Bundan əlavə, Macarıstan istər beynəlxalq platformalarda, istərsə də müxtəlif formatlı görüşlərdə daim türk dünyası ilə bağlı məsələlərdə obyektiv mövqe nümayiş etdirir, Azərbaycan və Türkiyə başda olmaqla verilən qərarlarda türk dünyasının haqq səsini müdafiə edir. Artıq Macarıstan Avropada türkdilli dövlətlər üçün sadiq və etibarlı dosta çevrilib.

“Macarıstan xristian türklərin torpağıdır”

Yeri gəlmişkən, son bir ildə Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığı prioritet elan edən Macarıstanın baş naziri Vktor Orban artıq Özbəkistanda olub. Ötən həftə isə Özbəkistan prezidenti Şavkat Mirziyoyev Budapeştə səfər edib. Danışıqlar zamanı ticarət-iqtisadi əlaqələrin genişləndirilməsi, maliyyə və investisiya əməkdaşlığı, eləcə də Rusiyanın Ukraynanın 4 regionunu işğalı fonunda beynəlxalq və regional siyasət məsələləri müzakirə olunub. Dövlət başçıları Macarıstanın müşahidəçi statusuna malik olduğu və tamhüquqlu üzvlük alacağını gözlədiyi TDT çərçivəsində qarşılıqlı fəaliyyətə dair qeydləri müqayisə ediblər. Macarıstan Avropa İttifaqının yeganə ölkəsidir ki, türk ölkələri ilə sıx əməkdaşlıq kursu götürüb və Türk Dövlətləri Təşkilatına müşahidəçi kimi daxil olub. Macarıstanın baş nazirinin qeyd etdiyi kimi, “macarlar qıpçaq türkləridir, Macarıstan isə xristian türklərin torpağıdır”.

Birinci iqtisadi maraq, sonra digər faktorlardır

“Mano” Siyasi Təşəbbüslər Mərkəzinin direktoru Bəxtiyor Erqaşev hesab edir ki, macarların “Şərqə yürüşü”nün əvvəlində iqtisadi maraq, yalnız bundan sonra türk qardaşlığı amili durur. “Macarıstan və Mərkəzi Asiyanın türk ölkələri arasında türk kimliyinə dair eyhamlar var. Lakin bu, sadəcə bir xarici qabıqdır. Mənə elə gəlir ki, Macarıstan Avropa İttifaqı çərçivəsində özünü çox da rahat hiss etmir. Aİ-nin öz balinaları var - böyük iqtisadiyyatlar - Almaniya, Fransa, İtaliya, eləcə də ittifaqda təsirini artırmağa çalışan Polşa. Macarıstan onlarla effektiv rəqabət apara bilməz, ona görə də Budapeştin Avrasiya istiqaməti ortaq türk kökləri axtarışından daha çox iqtisadi potensialdan istifadə etməkdir”, - deyə Erqaşev bildirib.

Ekspert qeyd edib ki, Macarıstan təkcə Türk Dövlətləri Təşkilatında müşahidəçi deyil, həm də Şanxay Əməkdaşlıq Təşkilatında (ŞƏT) iştirakda maraqlıdır. Təşkilatın Səmərqənddə keçirilən son sammitinə də macar nümayəndələr dəvət olunub. “Macarıstan nümayəndə heyətinin ŞƏT sammitində iştirakı qeyri-rəsmi statusa malik idi, ona görə də heç bir danışıqlar aparılmadı, lakin buna baxmayaraq, maraqlı və perspektivli idi”, - deyə ekspert vurğulayır.

Budapeştdə özbək səfirliyi açılacaq

Özbəkistan prezidenti Budapeştdə qeyd edib ki, son beş ildə iki ölkə arasında qarşılıqlı ticarətin həcmi təxminən 3 dəfə artıb. Tərəflər yaxın gələcəkdə ikitərəfli ticarəti 500 milyon dollara çatdırmaq üçün hədəf planı razırlayıblar. V.Orban bildirib ki, Macarıstan Özbəkistanı mühüm və uzunmüddətli tərəfdaş hesab edir. Onun Özbəkistana səfəri zamanı strateji tərəfdaşlıq haqqında birgə bəyannamə imzalanıb. Mirziyoyev və Orban kənd təsərrüfatı, nəqliyyat, əczaçılıq, tekstil, qida, elektrik, suya qənaət və sənaye sektorlarında prioritet layihələri maliyyələşdirmək üçün birgə fond yaratmaq barədə razılığa gəliblər. Dövlətlərarası əlaqələrin möhkəmləndirilməsi və razılaşdırılmış layihələrin həyata keçirilməsi məqsədilə Macarıstan ərazisində Özbəkistanın diplomatik nümayəndəliyi fəaliyyət göstərəcək.

Özbəkistanla münasibətlər strateji tərəfdaşlıq xarakteri daşıyır

Onu da qeyd edək ki, Macarıstanın Özbəkistanla münasibətləri strateji tərəfdaşlıq xarakteri daşıyır. Son dörd ildə Özbəkistan-Macarıstan ticarətinin həcmi pandemiyanın mənfi nəticələrinə baxmayaraq, 2,5 dəfə artıb və hətta 2020-2021-ci illərdə də artım nümayiş etdirib. Belə ki, 2021-ci ilin yekunlarına görə ölkələr arasında qarşılıqlı ticarət dövriyyəsi 114 milyon dolları ötüb, bu ilin altı ayında isə bu rəqəm 50 milyon dollara yaxın olub. Özbəkistanda macar investorlarının iştirakı ilə yaradılmış 10 müəssisə var ki, onlardan altısı müştərəkdir. B.Erqaşevin sözlərinə görə, ölkələr arasında maliyyə sahəsində kifayət qədər ciddi əməkdaşlıq qurulur. İki ölkə əczaçılıq sənayesində əməkdaşlıq qurmaq üçün də danışıqlar aparır. Macarıstanın bu istiqamətdə potensialı var.

IMEMO RAS-ın Postsovet Araşdırmaları Mərkəzinin baş elmi işçisi Stanislav Pritçin də hesab edir ki, Özbəkistan üçün Macarıstanla əməkdaşlıq tərəfdaşlıq coğrafiyasını genişləndirmək cəhdidir: “Macarıstan Özbəkistan üçün Aİ ölkələri ilə tərəfdaşlıq üçün prioritetlərdən biridir. Birincisi, ümumi mədəni köklər, mentalitet, qarşılıqlı əlaqə platforması TDT var. İkinci amil Macarıstanın Aİ daxilində bir çox məsələlərdə xüsusi mövqeyidir. Ənənəvi dəyərlərə bağlılıq baxımından Özbəkistanın mühafizəkar daxili siyasəti bir çox cəhətdən Macarıstanın dəyərləri ilə ortaqdır. Macarıstanla əməkdaşlıq Özbəkistan üçün bir növ Avropa istiqamətində ilk addımdır”.

Azər Nuriyev




Baxış sayı: 258



OXŞAR XƏBƏRLƏR