QALA NEWS

29 May Bazar ertəsi

Bakı 21˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT


MƏDƏNİYYƏT





MƏDƏNİYYƏT
23 May 2023
Fransa səfiri azərbaycanlı müəllifin romanı ilə bağlı paylaşım edib
Fransanın Azərbaycandakı səfiri xanım Ann Buayon yazar Adəm İsmayıl Bakuvinin qələmə aldığı “Paris üçbucağı” adlı yeni romanı ilə bağlı paylaşım edib. Qalanews xəbər verir ki, səfir əsərin üz qabığının fotosunu twitter-də paylaşaraq izləyicilərinə bu kitabı oxumağı tövsiyə edib: “Yağışlı bazar günü üçün çox uyğundur”. Qeyd edək ki, kitabın ilk nüsxələrindən biri Fransanın ölkəmizdəki səfiri xanım Ann Buayona təqdim olunub.“Paris üçbucağı” romanı fəlsəfə üzrə fəlsəfə doktoru Adəm İsmayıl Bakuvinin ikinci geniş həcmli əsəridir. Əsərdə Ermənistan-Azərbaycan münaqişəsi geosiyasi maraqlar kontekstində araşdırılsa da, roman azərbaycanlı Ülvi və fransız Suzannanın ülvi, saf məhəbətlərini özündə daşıyan melodramdır. Roman oxuculara üç nəfərin: baş qəhrəmanlar və müəllifin dilindən nəql olunur. Romandakı müasir hadisələr Azərbaycan və Fransada cərəyan edir. Müəllif əsərdə hər iki ölkənin paytaxtı, mədəniyyəti, tarixi abidələri, maraqlı yeməkləri və s. barədə məlumatları da ədəbi dildə çatdırır ki, bu, həm də əsəri ensiklopedik məlumatlara həvəsi olan oxucular üçün də maraqlı edir. Vətən müharibəsi, Aprel döyüşlərinə toxunulan əsərdə Azərbaycanın milli mentaliteti, ailə institutu, böyüyə-kiçiyə hörmət, qonaqpərvərlik barədə də bəhs edilir. Tarixi faktlarla zəngin, eyni zamanda oxunaqlı dildə yazılmış əsərdə müəllif özünün ilk – “Məhşər divanı: Yalanın 17 anı” sənədli romanı ilə böyük məharətlə sintez yaradaraq oxucuya çatdırmaq istədiklərini maraqlı üsulla təqdim edir. Kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulub. Müəllif Adəm İsmayıl Bakuvi Bakı şəhərində anadan olub. Yüzlərlə analitik və publisistik məqalələr, 3 monoqrafiya, 20-yə yaxın elmi araşdırma müəllifidir. Əsərin əsas şüarlarından biri budur: “Sevgi – ruhu ölmüş cəsədi yenidən dirildir”.





MƏDƏNİYYƏT
18 May 2023
“7 ildir kef edirlər, kinoçular da itin günündə yaşayırlar”
Xalq artisti, kinorejissor Şeyx Əbdül Mahmudbəyov Azərbaycan kinosunun problemlərini dilə gətirib. "Qalanews”ya danışan sənətkar bildirib ki, bir ölkədə iki kino ittifaqı olmamalıdır: “Söhbət Xalq artisti Rasim Balayevin rəhbərlik etdiyi Azərbaycan Kinematoqrafçılar İttifaqı və Xalq artisti Şəfiqə Məmmədovanın başçısı olduğu Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqından gedir. Kinonun inkişafı ilə bağlı artıq dövlət proqramı hazırlanır və bu gün bizə əngəl olan problem iki qondarma, yalançı, əsası olmayan ittifaqdır. Mən istəyirəm ki, ya bu ittifaqlar bir araya gəlsin, ya da fəaliyyətləri dayandırılsın. Çünki bir ölkənin iki kino ittifaqı ola bilməz. İttifaqda kino adı ilə alver edirlər, oyun oynayırlar, büdcədən pul alıb xərcləyirlər. Kinostudiya, kinonu yaradanlar qalıblar pis gündə. O ittifaqları heç kinostudiyanın qapısından içəri də buraxmırlar”. Xalq artistinin sözlərinə görə, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı 7 ildir qeyri-qanuni fəaliyyət göstərir: "İttifaqın nizamnaməsini Şəfiqə Məmmədova seyfdə gizlədib. Çox çətinliklə bir nüsxəsini tapdım. 2012-ci il 21 iyun tarixli Nizamnamədə deyilir ki, ümumi ittifaq ittifaqın ali orqanıdır. Ümumi ittifaqın yığıncaqları zəruri halda tez, amma qanuni halda beş ildən bir keçirilməlidir. Beş ildən gec olmayaraq qurultay keçirilir, orada seçkilər olur. Demək, həm Şəfiqə xanım, həm də İdarə Heyətinin üzvləri artıq 7 ildir qeyri-qanuni fəaliyyət göstərir. Hətta onların 7 ildir aldığı maaş da ya dövlətə, ya da kinostudiyaya geri qaytarılmalıdır. Aidiyyəti dövlət qurumları, o cümlədən cənab nazir, Dövlət Kino Agentliyi, Ədliyyə Nazirliyi, Hesablama Palatası buna mütləq müdaxilə etməlidir, orada yoxlama aparılmalıdır. Niyə dövlət büdcədən pul ayırır, burada aidiyyəti olmayan insanlar 7 ildir özləri üçün kef edir, kinoçular da itin günündə yaşayırlar?!”
MƏDƏNİYYƏT
18 May 2023
Bakıda “Ali Təhsildə Keyfiyyət Təminatı və Keyfiyyətin Gücləndirilməsi” forumu keçirilir
Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) təşkilatçılığı ilə “Ali Təhsildə Keyfiyyət Təminatı və Keyfiyyətin Gücləndirilməsi” mövzusunda Beynəlxalq Forum başlayıb. "Qalanews" xəbər verir ki, forumun məqsədi daxili və xarici keyfiyyət təminatı, tədris və təlimdə keyfiyyətin təmin edilməsi, ali təhsil müəssisələrində tədqiqat potensialının inkişafı məsələlərini müzakirə etməkdir. İki gün davam edəcək Forumun ilk günündə keyfiyyət təminatı sahəsi üzrə Avropa və dünyanın qabaqcıl beynəlxalq və milli təşkilatlarının (EQAR, CEENQA, INQAAHE, NVAO) rəhbərlərinin iştirakı ilə panel müzakirələr, ikinci gün isə ali təhsil müəssisələrinin nümayəndələri üçün beynəlxalq ekspertlər tərəfindən seminarlar keçiriləcək. Tədbirin rəsmi hissəsində TKTA-nin İdarə Heyətinin sədri Ülkər Səttarova, Elm və Təhsil Nazirinin müavini İdris İsayev, Ali Təhsil üzrə Avropa Keyfiyyət Təminatı Reyestrinin direktoru Maqali Sonen, Sloveniya Keyfiyyət Təminatı Agentliyinin direktoru, Mərkəzi və Şərqi Avropa Ali Təhsildə Keyfiyyət Təminatı Agentlikləri Şəbəkəsinin Prezidenti- Dr. Frensi Demsar, Rumıniya Keyfiyyət Təminatı Agentliyinin baş direktoru Avropa Ali Təhsil Məkanında Keyfiyyət Təminatı üzrə Assosiasiyasının vitse-prezidenti Daniyela Kristina çıxış edəcəklər.




MƏDƏNİYYƏT
12 May 2023
Aprelin 16-da keçirilən buraxılış imtahanlarının nəticələri elan olunub
Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə aprelin 16-da keçirilən buraxılış imtahanlarının nəticələri elan olunub. "Qalanews" xəbər verir ki, imtahanda iştirak edən 9-cu sinif şagirdləri verilmiş keçidə (https://eservices.dim.gov.az/2023/netorta/) daxil olaraq iş nömrəsi və şəxsiyyəti təsdiq edən sənədin nömrəsindən (və ya FİN kodundan) istifadə etməklə öz imtahan nəticələri, cavab vərəqinin qrafik təsviri ilə tanış ola bilərlər. İmtahan iştirakçıları iş nömrələrini buradan öyrənə bilərlər. Şagirdlər imtahan nəticələri haqqında məlumatı (hər fənn üzrə ümumi balı) mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə bu imtahan üçün nəzərdə tutulan buraxılış vərəqəsində göstərilən kodu 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər. Yazı işlərinin (açıq tipli tapşırıqların cavabları) yoxlanılması prosesi onlayn şəkildə həyata keçirilib. Belə ki, hər marker yoxlama prosesinə öz evindən qoşularaq proqramın onun kompüterinə təsadüfi göndərdiyi işləri yoxlayıb. Qeyd edək ki, onlayn (evdən) yoxlama prosesində üztanıma texnologiyası tətbiq edilib və yoxlama prosesinin bütün tələblərinə (meyarların təkmilləşdirilməsi, işlərin şifrələnməsi, markerlərin hər tapşırıq üzrə yoxlamadan əvvəl kalibrləmədə iştirak etməsi, yoxlama ərzində "seeding" (markerlərə sayıqlığı itirməmək üçün əvvəlcədən hazırlanan və kalibrə edilən sualların mütəmadi olaraq göndərilməsi) prosesinin tətbiqi, işlərin markerlərə proqram tərəfindən təsadüfi göndərilməsi, imtahan protokollarının araşdırılması və s.) əməl olunub. Yazı işlərinin onlayn (evdən) yoxlanılması üçün proqram təminatı Dövlət İmtahan Mərkəzinin mütəxəssisləri tərəfindən hazırlanıb. Bu imtahanlarda iştirakı nəzərdə tutulan 48 049 nəfərdən 329 nəfər imtahana gəlməyib. Tələb olunan imtahan qaydalarını pozduğu üçün 5 nəfərin nəticəsi ləğv olunub. İmtahan iştirakçıları arasında 1 nəfər – Akademik Zərifə Əliyeva adına liseyin şagirdi maksimal olan 300 bal toplamaqla ən yüksək nəticəni göstərib. İmtahan nəticələri ilə bağlı müraciətlərə baxılması üçün DİM tərəfindən 25 may tarixindən etibarən onlayn ("Zoom" proqramı və ya telefon əlaqəsi vasitəsilə) apellyasiya prosesi təşkil ediləcək. Apellyasiya komissiyasına müraciət etmək istəyənlər 17 may saat 10:00-dan 19 may saat 17:00-dək DİM-in saytında yerləşdiriləcək elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər. Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan apellyasiya üçün müraciət edə bilməyəcəklər. Elektron ərizədə haqqında müraciət edilən tapşırığın nömrəsi seçilməli, onunla bağlı müraciətin məzmunu yazılmalı və meyarın hansı bəndinə uyğun hesab edildiyi göstərilməlidir. Elektron ərizədə müraciətin məzmunu qeyd olunmadığı halda ərizə qəbul edilmir, həmin müraciət araşdırılmır və onun üçün apellyasiya təşkil olunmur. Apellyasiya müzakirəsində şagirdin iştirakı vacibdir. Şagird ilə yanaşı valideynlərindən biri müzakirədə iştirak edə bilər. Bir şagirdin ərizəsi (müraciəti) üzrə ən çox 15 dəqiqə müzakirə aparıla bilər. Ayrılan vaxt bitdikdə, kənar şəxs müzakirəyə qoşulduqda və ya etik davranış qaydaları pozulduqda müzakirə prosesi dayandırılır. Apellyasiya komissiyasına müraciət etməmişdən əvvəl şagirdlər DİM-in saytında, imtahan nəticələri ilə bağlı səhifədə öz nəticələri, cavab vərəqinin qrafik təsviri, hər bir açıq tipli tapşırıq üzrə qiymətləndirmə meyarları ilə tanış olmalıdırlar. Ötən imtahanların təcrübəsi göstərir ki, apellyasiya üçün ərizə yazanların təqribən 15%-i ümumiyyətlə tapşırığa cavab verməyib və ya öz cavabı ilə mümkün doğru cavabları, qiymətləndirmə şkalasını müqayisə edib tanış olmadan komissiyaya müraciət ediblər. Şagirdlərin nəzərinə çatdırırıq ki, bu tip müraciətlərə baxılmayacaq.
MƏDƏNİYYƏT
12 May 2023
“Şuşa-Türk dünyasının mədəniyyət paytaxtı-2023”ün rəsmi açılış mərasimi keçirilib
Bu gün Şuşa şəhərində Mədəniyyət Nazirliyi və TÜRKSOY-un birgə təşkilatçılığı ilə “Şuşa-Türk dünyasının mədəniyyət paytaxtı-2023” ilinin rəsmi açılış mərasimi keçirilib. “Qalanews” xəbər verir ki, Şuşanın 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı tədbirlər haqqında” AzərbaycanPrezidentinin 6 dekabr 2022-ci il tarixli Sərəncamına uyğun olaraq təşkil edilən tədbirdə dövlət rəsmiləri, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı - TÜRKSOY-a üzv ölkələrin nümayəndə heyətləri, Türk əməkdaşlıq təşkilatlarının rəhbərləri və digər qonaqlar iştirak edib. Mədəniyyət naziri Adil Kərimli çıxışında bildirib ki, bu gün Şuşa və bütün Qarabağ öz intibah dövrünü yaşayır: “Qələbədən qısa müddət keçməsinə baxmayaraq şəhərlərimizin, kəndlərimizin, tarix-mədəniyyət abidələrimizin məhv edilən meşə massivlərinin və bütövlükdə yaşayış infrastrukturunun qısa müddətdə kompleks bərpası və yenidən qurulması istiqamətində Azərbaycan Prezidenti İlham Əliyevin bilavasitə rəhbərliyi ilə intensiv işlər aparılır. Şuşa şəhərinin tarixi-mədəni siması bərpa edilir, Şuşaya yenidən mədəni həyat qayıdır”. Rəsmi açılış mərasimindən sonra qonaqlar Türk dünyasının incəsənət kollektivlərinin çıxışlarını izləyəcək, sərgilərlə tanış olublar. Qeyd edək ki, 2022-ci il martın 31-də Türkiyənin Bursa şəhərində TÜRKSOY-a üzv ölkələrinin Mədəniyyət Nazirləri Daimi Şurasının qərarı ilə qədim muğam-sənət beşiyimiz Şuşa şəhəri 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan olunmuşdu. Mayın 9-dan 11-dək Şuşada keçirilən “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalına TÜRKSOY ölkələrinin musiqi və rəqs qrupları, sənət adamları da qatılıb. Festival başa çatsa da, Şuşada Türk dünyası mədəniyyətinin təntənəsi hələ bir çox layihə və mərasimlərlə ilin sonunadək davam edəcək. Xatırladaq ki, “Türk dünyasının mədəniyyət paytaxtı” layihəsinin əsası 2010-cu ildə türkdilli ölkə başçılarının İstanbul şəhərində keçirilən 10-cu sammitində qoyulub. Qərara əsasən, Türk dünyasından hər il bir şəhər “mədəniyyət paytaxtı” elan edilir. Bu günə qədər Astana (2012, Qazaxıstan), Əskişəhər (2013, Türkiyə), Kazan (2014, Tatarıstan – Rusiya Federasiyası), Mərv (2015, Türkmənistan), Şəki (2016, Azərbaycan), Türküstan (2017, Qazaxıstan), Kastamonu (2018, Türkiyə), Oş (2019, Qırğızıstan), Xivə (2020, Özbəkistan) və Bursa (2022, Türkiyə) şəhərləri “Türk dünyasının mədəniyyət paytaxtı” olub. Şuşa bu missiyanı yerinə yetirən 11-ci şəhərdir.